04:40 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
208210

"Bəzən görürük ki, çox münbit bir ərazi varlı sahibkara icarəyə verilir. Sahibkar da həmin torpaqlarda göllər qazdıraraq, balıq vətəgələri yaradır. Bu gölləri şoran torpaqlarda yaratmaq daha məqsədəuyğun olardı"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. Son zamanlar Azərbaycanda ətraf mühit problemlərindən biri də şoranlaşma hesab edilir. Bu günə qədər ölkədə 100 minlərlə hektar torpaq şoranlaşmaya məruz qlaıb. Bu da kənd təsərrüfatı ilə yanaşı, ölkə iqtisadiyyatına da böyük zərər vurur.

Mütəxəssislərə görə, torpaqlar daha çox düzgün suvarılmadığı və su itkisi olduğu halda şoranlaşır.

Ölkədə olan su qıtlığı və suvarma işlərinin düzgün aparılmaması ilə bağlı məsələlər dəfələrlə gündəmə gətirilib. Qeyd edək ki, hələ də əksər kənd təsərrüfatı sahələrində suvarılma "dədə-baba" üsulu ilə aparılır. Bunun da nəticəsində torpaqlar əkin üçün yararsız vəziyyətə düşür.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə, ölkədə 500 min hektardan artıq torpaq şoranlaşma təhlükəsi ilə qarşı-qarşıyadır.

"Bu cür ərazilər əsasən Kür-Araz ovalığında Kürdəmir, Zərdab, Sabirabad, Saatlı, Salyan, Neftçala rayonlarındadır", - deyən mütəxəssis bildirib ki, ölkədə istifadə edilən suvarma suyunun 60 faizi itkiyə gedir.

Belə ki, hər il kollektorlar vasitəsi ilə 7-8 milyard kubmetr su Xəzər dənizinə tökülür.

Ekoloq Araz Ağayevin fikrincə, ölkədə su qıtlığının da əsas səbəbi sahələrin düzgün suvarılmamasıdır:

"Bir çox ərazilərdə hələ də sahələr açıq suvarma yolu ilə suvarılır. Məsələn, borunun ağzını ümumi sahəyə açıb qoyurlar və sahələr elə formada suvarılır. Bu səbəbdən də bəzi ərazilərə su çox, bəzi yerlərə isə az verilir. Bunun nəticəsində su torpağın alt qatlarına sızır və gələcəkdə qrunt sularının yığılmasına səbəb olur. Şoranlaşan torpaqlar kənd təsərrüfatı əhəmiyyətini itirir. Həmin ərazilərdə əkin salmaq, məhsuldarlıq gözləmək mümkün deyil".

Ekoloq vurğulayıb ki, şoranlaşmanın və su qıtlığının qarşısının alınması üçün kənd təsərrüfatı sahələrində suvarma sistemləri köklü şəkildə dəyişdirilməlidir. Damcılama üsulundan və ya daha yeni texnologiyalardan istifadə edilməldir.

A.Ağayev həmçinin bildirib ki, kənd təsərrüfatı üçün hələ də yararlı hesab edilən torpaqlar qeydiyyata alınmalı və onların istifadəsinə, suvarılmasına nəzarət gücləndirilməlidir.

Cəlilabadlı ustanın öz əlləri ilə hazırladığı artezian qazma qurğusu
© Sputnik / Rahim Zakiroğlu / Kamilla Əliyeva / Leyla Orucova

Ekoloq Cəmşid Quliyev şoranlaşmanı hazırda ölkənin əsas problemi hesab edir.

"Bu gün minlərlə hektar torpaq şoranlaşmaya məruz qalıb. Bu, ətraf mühit problemlərinin ən öndə gələnidir. Şoranlaşma kənd təsərrüfatına, bu yolla da iqtisadiyyata böyük zərər verir", - deyən ekoloq problemin həlli yolu kimi drenaj xətlərinin qazılması və şoranlıqların qurudulmasını göstərib.

C.Quliyev əlavə edib ki, məsələ dövlət səviyyəsində həll edilməlidir.

"Torpaqlar icarəyə verilərkən onların təyinatı nəzərə alınmır. Belə hesab edirəm ki, torpaqların kimə icarəyə verildiyi daha böyük əhəmiyyət daşıyır. Bəzən görürük ki, çox münbit bir ərazi varlı sahibkara icarəyə verilir. Sahibkar da həmin torpaqlarda göllər qazdıraraq, balıq vətəgələri yaradır. Bu gölləri şoran torpaqlarda yaratmaq daha məqsədəuyğun olardı", - deyən ekoloq vurğulayıb ki, uzaqdan belə kiçik görünən bir məsələ əslində böyük problemlərin əsasını qoyur.

Əlaqədar

Bu yayın bəlaları tükənmir - Mingəçevir su anbarı yaxınlığında böyük təhlükə yaranıb
Məhsuldarlıq olmayacaq! Suvarma problemi hər sahədə özünü göstərir
Quyuya su tökməsən, quyu sulu olmaz... – Bakı kəndləri ənənəvi mənbədən məhrum olublar
Su təsərrüfatı qurumlarının səhlənkarlığı kənd təsərrüfatına ciddi ziyan vurub
Prezident su təsərrüfatı qurumlarına qəzəbləndi: "İstəyirsiniz Azərbaycan səhraya dönsün?"
Teqlər:
təbii fəlakət, fəlakət, məhsuldarlıq, məhsul, quraqlıq, torpaq, susuzluq

Əsas mövzular