08:12 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
1846 0 0

Professor: "Büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Büdcə siyasəti ilə bağlı bu gün bir çox suallar yaranır, çünki dünya iqtisadiyyatında vəziyyət olduqca mürəkkəbdir. Bu proseslər yalnız pandemiya ilə bağlı deyil, dünya iqtisadiyyatı çox dərin tənəzzül dövrünə daxil olub. Bu, uzun müddətli olacaq. O baxımdan Azərbaycanda iqtisadi idarəetmə siyasəti, o cümlədən büdcə siyasəti kəskin şəkildə islahatlara məruz qalmalı, dərin islahatlar aparılmalıdır".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a büdcəyə edilən dəyişiklikdən danışarkən deyib.

Ekspert bildirib ki, bu ilin sonunadək iqtisadiyyatda dayanıqlılıq qoruna biləcək: "Çünki ehtiyatlar buna imkan verir, digər tərəfdən neft qiymətləri tarazlaşıb, 6 ayda fiskal yığımlar təmin olunub. Eyni zamanda valyuta bazarında da sabit vəziyyət var və ona görə də ilin sonunadək ciddi problemlər gözlənilmir. Amma uzun müddətli dövrdə milli iqtisadiyyatımızda da ciddi problemlər gözlənilir. Bu problemlərin qarşısı indidən alınmalıdır, o cümlədən də büdcə siyasəti ilə".

"Bu il büdcə xərclərinin artımına ehtiyac var idi və o baxımdan da büdcə xərclərinin artırılması başa düşüləndir, izah olunandır. Amma büdcə xərclərinin artırılması büdcə kəsirinin də artırılması deməkdir. Büdcə kəsirinin artırılması isə düzgün idarə olunmalıdır. Bu gün bizim dövlət büdcəsinin kəsir göstəricisi təxminən 5 faizdir. Bu, böyük rəqəm deyil, yəni, yolveriləndir" - deyə o qeyd edib.

O bildirib ki, bu ilin ilk 6 ayının nəticələri onu deməyə əsas verir ki, iqtisadiyyata kapital qoyuluşları azalıb: "Bu, təhlükəli tendensiyadır. Əgər biz büdcə kəsirinin idarə olunmasını, büdcə kəsirinin maliyyələşməsini Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlarla təmin edəcəyiksə, bu, iqtisadiyyatda kapital qoyuluşlarının bir qədər də azalmasına səbəb olacaq. Hesab edirəm ki, biz büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Yəni, Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik".

"Əgər biz bu il ərzində investisiyaların azalmasına getsək, onda gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq. Biz investisiyaların azalmasına yol verməməliyik. Əks halda iqtisadiyyatımız daralacaq, inflyasiya ilə bağlı problemlər kəskinləşəcək. Məsələyə sistemli yanaşmaq lazımdır. İdxalın əvəzolunması, yerli istehsalın formalaşması prosesi getməlidir. İxracatda qeyri-neft sektorunun payı artmalıdır. Digər tərəfdən, qeyri-neft ixracımızda ilk 3 yeri qızıl, pomidor və fındıq tutur. Bunların üçü də xammaldır, lakin biz emal etməliyik" - deyə professor əlavə edib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin 27 milyard 492 milyon 200 min manat olacağı gözlənilir.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur. Bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ilə bağlı parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, COVİD-19-un dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub: "İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb".

Əsas mövzular