18:50 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
477020

Deputat: EKP imkan verir ki, sahibkarlar hər hansı girov təqdim etmədən güzəştli kreditləri cəlb edərək avadanlıq və texnikanın alınmasını həyata keçirsinlər.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. Dövlət başçısının 4 iyun 2020-ci il tarixli fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib. Sputnik Azərbaycan xəbər verir ki, yeni qaydalara əsasən, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir.

Girov məsələsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, yeni yaradılan Elektron Kredit Platforması (www.e-edf.gov.az) yalnız sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasını deyil, güzəştli kredit əldə etmək istəyən sahibkarlar üçün girov mexanizminin sadələşdirilməsini də nəzərdə tutur: "Platformanın əsas üstünlüklərindən biri də məhz girov mexanizminin təkmilləşdirilməsidir. Xüsusən regionlarda olan sahibkarların girov olaraq əmlak təqdim etmək imkanları məhduddur. Bu da nəticədə həmin sahibkarların kreditlərə çıxış imkanlarını məhdudlaşdırırdı və platforma bu çətinliyin aradan qaldırılmasını nəzərə alıb. Belə ki, güzəştli kreditlər pandemiyanın və eləcə də növbəti dövrdə post-pandemiyanın çağırışlarına uyğun olaraq həm də texnikanın və avadanlığın alınmasına yönəldiləcək".

Deputat bildirib ki, nəticədə əvvəlki illərdən fərqli olaraq artıq sahibkarın kreditlə aldığı avadanlıq və texnika həm də girov rolunu oynayacaq: "Yəni sahibkar bu zaman artıq daşınmaz və ya daşınar əmlakı girov olaraq təqdim etmək məcburiyyətində deyil. Sahibkarın aldığı məhsul bu halda girov rolunu oynayacaq. Bu, imkan verir ki, sahibkarlar hər hansı bir girov təqdim etmədən güzəştli kreditləri cəlb edərək avadanlıq və texnikanın alınmasını həyata keçirsinlər. Beləcə, öz fəaliyyətlərini genişləndirsinlər və xüsusən də post-pandemiyanın çağırışlarına uyğun olaraq öz bizneslərini qura bilsinlər".

"Elektron Kredit Platforması birmənalı şəkildə uzun müddət sahibkarlar üçün əsas müzakirə məsələlərindən biri olan girov məsələsinin həllinə gətirib çıxarır. Nəticədə sahibkarlar praktiki olaraq girov problemi ilə üzləşmədən güzəştli kreditlərdən faydalana bilirlər", - deyə millət vəkili diqqətə çatdırıb.

Qeyd edək ki, bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edir. Tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək.

Xatırladaq ki, kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Platforması (www.e-edf.gov.az) yaradılıb və 30 iyun tarixindən sahibkarların istifadəsinə verilib. Hazırda kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, Sahibkarlığın İnkişafı Fondu və kredit təşkilatları tərəfindən təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması ilk dəfə tətbiq olunan bu platforma vasitəsilə həyata keçirilir.

Əsas mövzular