06:31 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
11 0 0

2020-ci ilin ilk rübünün sonuna 41 349,5 mln. ABŞ dollarına bərabər olan ARDNF-in aktivləri iyun ayının sonuna 1 873,8 mln. ABŞ dolları artaraq 43 223,3 mln. ABŞ dollarına bərabər olub.

BAKI, 16 iyul — Sputnik. Dövlət Neft Fondunun (ARDNF) 2020-ci ilin yanvar-iyun ayları ərzində neft və qaz sazişləri ilə bağlı daxilolmaları 4 914,7 mln. manat təşkil edib.

ARDNF-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, daxilolmaların tərkibində mənfəət nefti və qazın satışından gəlirlər 4 130,1 mln. manata bərabər olmuşdur. Bu aylar üzrə xam neftin ortaçəkili xalis mədaxil qiyməti 38,7 ABŞ dolları təşkil edib. Eyni zamanda bu dövr ərzində bonus ödənişləri 767,8 mln. manat, tranzit gəlirləri 10,6 mln. manat, akrhesabı ödənişlər 6,2 mln. manat təşkil edib.

Məlumata əsasən, cari ilin yanvar-iyun ayları ərzində ARDNF-in büdcə xərcləri 5 824,8 mln. manat təşkil edib. Bu müddət ərzində xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrası təmin edilib. Belə ki, ötən müddət ərzində dövlət büdcəsinə 5 675,0 mln. manat, məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə 140 mln. manat, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 77,9 min manat yönəldilib. Qeyd edilən dövr ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 9,7 mln. manat təşkil edib.

Bu ilin ilk yarısında koronavirus pandemiyası fonunda dünya iqtisadiyyatında baş verən proseslər və bu proseslərin maliyyə bazarlarında yaratdığı ciddi dalğalanmalar ARDNF-in valyuta aktivlərinə təsirsiz ötüşməmişdir. Lakin daha əvvəllər də qeyd edildiyi kimi, ARDNF-in məqsəd və vəzifələrinə uyğun şəkildə kifayət qədər optimal qurulmuş onun investisiya portfeli yaranmış neqativ mühitdən minimum səviyyədə təsirlənmişdir. Aprel-iyun ayları ərzində isə, xüsusilə inkişaf etmiş ölkələr tərəfindən iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən fiskal və monetar yumşalma tədbirləri, habelə pandemiyadan əziyyət çəkən bir sıra ölkələr tərəfindən virusun daha sürətli yayılmasının qarşısının alınması sahəsində əldə edilən irəliləyişlər fonunda sərt karantin qaydalarının mərhələli şəkildə aradan qaldırılması kimi məqamlar iqtisadi artımla bağlı müsbət meyllərin yaranması üçün ümidverici amillər olub. Təbii ki, bu tendensiya qlobal maliyyə bazarlarına da sirayət etmiş və bu müddət ərzində qlobal səhm indekslərinin dəyərində 18-20% artım müşahidə olunmuşdur. Bütün qeyd edilənlər nəticə etibarilə ARDNF-in vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlərin səviyyəsində də öz əksini tapıb.

Belə ki, cari ilin ikinci rübü (aprel-iyun ayları) ərzində ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri 1 953,8 mln. manat olmuşdur. İkinci rüb ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-in büdcədənkənar gəliri kimi 1 216,1 mln. manat təşkil edib.

Yekun olaraq, ilk rübün (yanvar-mart ayları) nəticələrinin təsiri ilə, bu ilin yanvar-iyun ayları ərzində ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 194,9 mln. manat olmuşdur. Bu dövr ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-in büdcədənkənar gəliri kimi 935 mln. manat təşkil edib.

Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınaraq, 2020-ci ilin ilk rübünün sonuna 41 349,5 mln. ABŞ dollarına bərabər olan ARDNF-in aktivləri iyun ayının sonuna 1 873,8 mln. ABŞ dolları artaraq 43 223,3 mln. ABŞ dollarına bərabər olub.

Əsas mövzular