13:51 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
2910

Kreditlər üzrə faizlərin subsidiyalaşdırılması Azərbaycan Respublikasının dövlət büdcəsindən Nazirlər Kabinetinə ayrılmış vəsait və Fondun vəsaiti hesabına həyata keçirilir

BAKI, 9 iyul — Sputnik. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” muəyyənləşib.

Sputnik Azərbaycan bildirir ki, bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarında əksini tapıb.

Qayda Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından, o cümlədən ləğv prosesində olan kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsi hallarını və qaydasını müəyyən edir. Kreditlər üzrə faizlərin subsidiyalaşdırılması Azərbaycan Respublikasının dövlət büdcəsindən Nazirlər Kabinetinə ayrılmış vəsait və Fondun vəsaiti hesabına həyata keçirilir.

Faiz subsidiyası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlıq subyektlərinin kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaitidir.  Faiz subsidiyası fəaliyyət növü 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə manatla aldıqları kreditlərə (o cümlədən, restrukturizasiya edilmiş kreditlərə) verilir. Ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq, bu Qaydanın tələbləri nəzərə alınmadan zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 6  ay üçün hesablanan faizlərə subsidiya verilir. Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir. Faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində verilir. Faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir.Kredit öhdəliyinin qalan müddəti 12 aydan az olarsa, faiz subsidiyası kredit öhdəliyinin icra müddətinin sonuna qədər verilir. Faiz subsidiyası 2020-ci il 10 mart tarixinə qalıq məbləği 5 milyon manat və ondan az olan kreditlərə verilir.

Faiz subsidiyası aşağıdakı hallarda verilmir:

- 2020-ci il 10 mart tarixindən sonra kredit müqaviləsi bağlanıldıqda;

- sahibkarlıq subyektinin kredit hesabatına əsasən, 2020- ci il 10 mart tarixinə subsidiya üçün müraciət etdiyi kredit müqaviləsi üzrə 60  gündən artıq gecikməsi olduqda;

- sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda.

Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilmir.

Sahibkarlıq subyektləri faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı sahibkarlıq subyekti üzrə bu Qaydadakı şərtlər nəzərə alınmaqla kredit təhlili aparır və həmin şərtlərə uyğun olan sahibkarlıq subyektlərinin aşağıdakı sənədlərini 10 iş günü ərzində Fonda təqdim edir:

- sahibkarlıq subyektinin müraciət sənədi, o cümlədən məlumatların Fonda ötürülməsinə razılığı;

- sahibkarlıq subyektinin fəaliyyətinin zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olduğunu təsdiq edən və İnternet Vergi İdarəsinin məlumat bazasından əldə edilmiş bildiriş;

- sahibkarlıq subyektinin təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;

-  sahibkarlıq subyektinin kredit hesabından çıxarış;

- kredit müqaviləsi və ödəniş qrafikinin surəti;

- kredit hesabatı;

- sahibkarlıq subyektinin rekvizitləri, alınmış kredit və tələb olunan subsidiya məbləğinə dair formasını Fondun müəyyən etdiyi qısa məlumat.

Fond bu Qaydada göstərilən sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda, həmin sənədlərin təqdim edilməsi sahibkarlıq subyektinin razılığı ilə kredit təşkilatlarından tələb olunur və ya sahibkarlıq subyekti tərəfindən təmin edilir. Fond 3 iş günü ərzində sahibkarlıq subyektinə faiz subsidiyasının verilməsi və ya ondan imtina edilməsi barədə müvafiq qərar qəbul edir və kredit təşkilatına təqdim edir. Kredit təşkilatı faiz subsidiyasının verilməsi barədə Fondun qərarını 2 iş günü ərzində sahibkarlıq subyektinə bildirir.

Kredit təşkilatı hər ay üzrə hesablanmış faizlərə dair hesabatı və faiz subsidiyasının ödənilməsi barədə müraciəti növbəti ayın ilk 3 iş günü ərzində Fonda təqdim edir. Hesabatın formasını Fond müəyyənləşdirir. Fond bu Qaydala nəzərdə tutulmuş müraciət daxil olduqdan sonra 3 iş günü müddətində faiz subsidiyasını kredit təşkilatının hesabına köçürür. Bu Qaydada nəzərdə tutulmuş hesabatın kredit təşkilatı tərəfindən təhrif olunmuş şəkildə təqdim olunması aşkar olunduqda, artıq ödənilmiş faiz subsidiyası kredit təşkilatı tərəfindən Fonda geri qaytarılır. Faiz subsidiyası yalnız bu Qaydada nəzərdə tutulmuş sənəddə göstərilən faiz dərəcəsinə uyğun (dəbbə pulu nəzərə alınmadan) ödənilir. Kreditin restrukturizasiyası nəticəsində faiz dərəcələri artarsa, faiz subsidiyası 2020-ci il 10 mart tarixinədək qüvvədə olan ödəniş cədvəlinə, faiz dərəcələri azalarsa, yeni ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Kredit xətti üzrə faiz subsidiyası yalnız həmin kredit xəttinin 2020-ci il 10 mart tarixinə istifadə olunan məbləğinədək hissəsinə görə ödənilir.

Faiz subsidiyasının ödənilməsinə dair kredit təşkilatının Fonda müraciət tarixinə 1 iş günü qalanadək sahibkarlıq subyektinin bankda olan hesabı üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda, həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək) faiz subsidiyasının ödənilməsi dayandırılır (dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olan fərdi sahibkarlar istisna olmaqla). Nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qayda ilə müəyyən edilmiş qaydada kredit təşkilatının hesabına köçürülür. Sahibkarlıq subyekti tərəfindən alınmış kredit üzrə öhdəliyin yerinə yetirilməsindən asılı olmayaraq faiz subsidiyası dayandırılmır.

Aşağıdakı hallarda borcalana faiz subsidiyasının ödənilməsi ləğv edilir:

- sahibkarlıq subyektinin tələbi əsasında kredit təşkilatının Fonda müraciəti olduqda;

- iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda.

Bu Qaydanın nəzərdə tutulmuş hallar barədə kredit təşkilatına məlumat daxil olduğu gündən 3 iş günü müddətində həmin təşkilat Fonda məlumat verir.

Subsidiyanın hesablanması və silinməsi ilə bağlı sənədlərin və məlumatların üzləşdirilməsi məqsədilə Fond kredit təşkilatlarından müvafiq sənədləri tələb edə bilər.

İqtisadiyyat Nazirliyi Qaydaya uyğun olaraq faiz subsidiyalarının maliyyələşdirilməsini Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı ilə ayrılan vəsait və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin etməlidir.

Əsas mövzular