06:59 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
27 0 0

Rəsmi statistikaya görə, may ayında 0,5%-lik deflyasiya qeydə alınıb, illik inflyasiya 2,9% təşkil edib

BAKI, 19 iyun — Sputnik. İyun ayında yenilənmiş proqnozlara görə, mövcud makroiqtisadi siyasət çərçivəsi saxlanmaqla 2020-ci ilin sonuna ən çox ehtimal olunan inflyasiya 3-3,5%-dir. Bu da hədəf intervalı (4±2%) daxilindədir. İqtisadiyyatda gedən proseslərdən asılı olaraq proqnozlar ilin qalan dövründə müntəzəm yenilənəcək.

Bu barədə Mərkəzi Bankdan (MB) Sputnik Azərbaycan-a bildirilib.

Məlumatda deyilir ki, MB-nin İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi aşağı düşüb. Rəsmi statistikaya görə, may ayında 0,5%-lik deflyasiya qeydə alınıb, illik inflyasiya 2,9% təşkil edib.

Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 5,7%, qeyri-ərzaq məhsulları üzrə 1,4% və xidmətlər üzrə 0,4% təşkil edib. Pandemiyanın yaratdığı qeyri-müəyyənliklər fonunda istehlak və investisiya xərclərinin azalması ilə məcmu tələbin daralması başlıca dezinflyasiya amili kimi çıxış edir. Ərzaq inflyasiyasının azalmasına əlavə olaraq kənd təsərrüfatı məhsullarının mövsümi ucuzlaşması və dünya ərzaq qiymətlərində enişin davam etməsi (2020-ci ilin 5 ayında -10,5%) də təsir göstərir.

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin son ayda azaldığını göstərir. May ayında aparılmış sorğunun nəticələrinə görə, inflyasiya gözləntiləri əvvəlki aya nəzərən qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə azalıb.

Əsas mövzular