09:33 30 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
50710

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlayıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. Mərkəzi Bankın 19 may 2020-ci il tarixli qərarı ilə "Standard Insurance" ASC sığorta şirkətinin kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə lisenziyası ləğv edilib, şirkətə müvəqqəti inzibatçı təyin edilib, habelə şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib. Sputnik Azərbaycan xəbər verir ki, həmin sığorta şirkətinin idarəetmə orqanlarının səlahiyyətləri dayandırılıb və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya verilib.

Qeyd edək ki, həmin sığorta şirkətinin maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşmişdi. Bəs sığorta şirkətinin bağlanması vətəndaş üçün problem yaradacaqmı və sığorta ödənişləri necə olacaq? Vətəndaş etibarlı sığorta şirkətini necə seçməlidir?

Sığorta üzrə ekspert İlkin İbrahimov Sputnik Azərbaycan-a deyib ki, icbari sığorta üzrə müqavilə 1 il müddətinə bağlanır: "Bu da o deməkdir ki, 1 il ərzində sığorta hadisəsi baş verirsə, vətəndaş sığorta ödənişini ala bilir. Könüllü sığorta üzrə isə müqavilə 1 ildən 3 ilədək müddətə bağlana bilər. Həmin müqavilələrin müddəti başa çatanadək vətəndaşlar sığorta hadisələri ilə bağlı sığorta şirkətinə müraciət edə bilərlər. Sığorta hadisəsi baş verərsə, vətəndaş əvvəlki qaydada sığorta şirkətinə müraciət edəcək və bununla bağlı hazırda həmin şirkətə müvəqqəti inzibatçı təyin edilib. Yəni sığorta hadisəsi baş verərsə, adi qaydada vətəndaş müraciət edəcək və bu məsələlər tənzimlənəcək. Əgər sığorta şirkətinin büdcəsində pul varsa, vətəndaşa sığorta ödənişi edilir. Əgər vəsait yoxdursa, onda sığorta şirkətinin əmlakı və s. satılandan sonra vətəndaşa sığorta ödənişi edilir. Ola bilər bu, vaxt aparsın. Burada növbəlilik məsələsi var. İlk növbədə sığorta şirkətinin öhdəlikləri yerinə yetirilməlidir".

"İflas proseduru ən azı 1 il çəkəcək. 1 ildən sonra isə sığorta hadisələrinə nəzarəti digər sığorta şirkətlərinə ötürə bilərlər. Yəni vətəndaşlar sığorta haqlarını digər sığorta şirkətlərinə köçürəcəklər və sığorta hadisəsi baş verərsə, sığorta ödənişini həmin sığorta şirkətləri edəcək. Hesab edirəm ki, vətəndaşlar üçün elə bir ciddi problem olmayacaq", - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, "Standard Insurance" sığorta şirkətinin problemləri Standart Bankın ləğv olunmasından sonra yaranıb:

"Sığorta şirkətlərinin yığılan pulları ya banklarda əmanət şəklində saxlanır, ya da investisiyaya yönəldilir. Standart Bank ləğv ediləndən sonra "Standard Insurance" sığorta şirkətinin çox böyük məbləğdə əmanətləri orada batdı. Beləliklə, vətəndaşlara sığorta ödənişləri ilə bağlı çətinliklər yarandı. Çətinliklər yarandıqca vətəndaşlar həmin şirkətdə öz əmlaklarını sığorta etməməyə başladılar. Son nəticədə sığorta yığımları azaldı və belə problemlər yarandı".

Onun fikrincə, sığorta şirkətinin bağlanması düzgün addım deyil: "Bazarda 23 sığorta şirkəti var idi, indi 22 oldu. 22 sığorta şirkətinin də 5-i həyat sığorta şirkətidir, digərləri isə qeyri-həyatdır. Sığorta şirkətlərinin az olması vətəndaşın ziyanınadır, çünki vətəndaşın seçim imkanları zəifləyir".

Vətəndaş etibarlı sığorta şirkətini necə müəyyən etməlidir sualına ekspert belə cavab verib: "Sığorta şirkətlərinin maliyyə göstəriciləri də burada mühüm rol oynayır. Amma vətəndaşlar sığorta şirkətlərinin maliyyə göstəricilərinə deyil, əsasən onların sığorta ödənişlərinə baxmalıdırlar".

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlayıb. Qiymətləndirmə çərçivəsində şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilib və kapitalın tam bərpası üçün şirkətin rəhbərliyi ilə müzakirələr aparılıb. Lakin səhmdarlar tərəfindən şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməyib. "Standard Insurance" Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və şirkət son iki ili zərərlə başa vurub.

Şirkətin bazar davranışları, xüsusilə isteklakçıların hüquqlarının müdafiəsi sahəsində olan problemləri barədə onun rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılıb. Şirkətin üzləşdiyi xroniki likvidlik problemi sığorta hadisələrinin tənzimlənməsində ciddi yubanmalara, nəticədə sığorta xidmətləri üzrə istehlakçıların narazılığının artmasına gətirib çıxarıb.

Mərkəzi Bank sığorta sektorunun maliyyə dayanıqlığını və sığorta şirkətlərinin bazar davranışlarının qanunvericiliyə uyğunluğunu sistemli olaraq nəzarət altında saxlayır. Görülən bütün tədbirlər sığorta sektorunun inkişafına, sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlib.

Əlaqədar

Bu gün otuz bir azərbaycanlı sevinir
Tibb işçiləri Dövlət Agentliyinə etiraz etdilər - "Bura yazdıqlarımızı silə bilərsiniz..."
Rusiyanın ən varlı varisi azərbaycanlıdır! Forbes belə deyir
Manat mövqeyini əldən vermir – Milli valyutada əmanətlər artıb

Əsas mövzular