Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar-manat münasibətləri ilə bağlı təklif var: Yerinə yetirilsə, bəladan yayınmaq olar

© Sputnik / Murad OrujovДоллары США и азербайджанские манаты
Доллары США и азербайджанские манаты - Sputnik Azərbaycan
Abunə olmaq
Professor: "Bank sektorunda dollarla ifadə olunan depozitlərin sığortalanması, dolların bank sektorunda dövriyyəsinin davam etdirilməsi mütləq dayandırılmalıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Fevralın sonundan etibarən neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasına baxmayaraq Azərbaycan dolların məzənnəsini 1,7 manatda saxlamağa davam edir. Fins.az-ın xəbərinə görə, "Fitch" beynəlxalq reytinq agentliyi hesab edir ki, bu, Azərbaycanın neft sektorundan yüksək dərəcədə asılılığı nəzərə alınsa (ÜDM-in 40%-i, ixracın 90%-i və vergi daxilolmalarının 2/3 hissəsi) və xarici təzyiq azalmasa, "çox bahalı və qeyri-sabitdir".

Сотрудник обменного пункта считает банкноты в долларах, фото из архива - Sputnik Azərbaycan
"Güclü dollar yaxşıdır, amma ticarəti çətinləşdirir"

Agentlik qeyd edir ki, 2020-ci ilin əvvəlindən Dövlət Neft Fondu (ARDNF) valyuta hərraclarında 2,9 milyard dollar, həmçinin martda 1,9 milyard dollar valyuta satıb. Ümumilikdə, ARDNF 2020-ci ildə satmağa ümid etdiyi xarici valyutanın 45%-ni artıq satıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında "Fitch" beynəlxalq reytinq agentliyinin məlumatını şərh edib.

O bildirib ki, bu məsələ mürəkkəb yanaşma tələb edir: "Çünki neftin qiymətləri uzun müddət aşağı səviyyədə qalsa, ölkəyə daxil olan valyutanın həcmi az olsa, bunun manata təsiri olacaq. Digər tərəfdən, ölkədaxili bazarda, o cümlədən istehlak bazarında idxalın xüsusi çəkisi hələ də çoxdur və devalvasiyanın baş verməsi böyük rəqəmlərlə ifadə olunan inflyasiya deməkdir. Devalvasiya bütövlükdə hər bir milli iqtisadiyyatda çox ciddi problemlər yaradır. Çünki lazımi səviyyədə investisiyaları və bütövlükdə iqtisadi inkişafı planlaşdırmaq olmur. Devalvasiya baş verən yerdə investisiyalar azalır və real sektor çox böyük maliyyə, pul qıtlığı hiss edir. Bütün iqtisadiyyatlarda devalvasiya ciddi "baş ağrısı"dır. Ona görə devalvasiyaya getməyin kifayət qədər ciddi mənfi nəticələri ola bilər".

"Amma digər tərəfdən devalvasiyaya getməmək Azərbaycanın real sektorunun da rəqabət qabiliyyətini azaldır. Əgər idxaldan asılılıq yüksək səviyyədədirsə, yerli istehsalçılar rəqabət qabiliyyətini itirir. Əgər milli valyuta həddindən artıq güclənirsə, ixrac baxımından bunun mənfi nəticələri ola bilər. Manatın dayanıqlığının qorunması olduqca mühüm məsələdir", – deyə o qeyd edib.

Onun sözlərinə görə, digər tərəfdən sual da yaranır ki, manatın dayanıqlığını necə təmin edək: "Əgər bütün ehtiyatlarımızdan istifadə edib manatın sabitliyinə xərcləsək bunun bir effekti olmayacaq. Ona görə manatın sabitliyinin saxlanması ancaq valyuta ehtiyatlarının xərclənməsindən ibarət olmamalıdır. Valyuta məhdudiyyətləri qoyulmalı, valyuta siyasətində ciddi dövlət tənzimlənməsi reallaşdırılmalıdır. Valyuta mübadiləsi cari əməliyyatlar üçün olmalıdır. Amma bəzi hallarda valyuta alanlara heç o valyuta lazım olmur, onlar bunu faktiki olaraq möhtəkirlik məqsədilə, sonra daha baha satmaq üçün alırlar. Yəni belə proseslərin qarşısı alınmasa, onda valyuta bazarında sabitlik qoruna bilməz".

 Кассир считает доллары, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qonşularla bağlı pis proqnoz: Rusiya və Türkiyədə dollar kəskin bahalaşacaq

"Ona görə də valyuta siyasətində Mərkəzi Bank aktiv şəkildə tədbirlər görməlidir. Yeri gəlmişkən, son ayda valyuta bazarında müəyyən məhdudiyyət qoyuldu və bunun müsbət nəticələri də oldu. Amma yanaşma sistemli olmalıdır, çünki vəziyyət mürəkkəbdir. Əgər neft bazarında proseslər uzun müddət belə davam edərsə, onsuzda milli valyutanın məzənnəsi ilə bağlı yenidən qərarlar qəbul etmək lazım olacaq", – deyə professor qeyd edib.

O bildirib ki, xarici iqtisadi təzyiq Azərbaycan üçün ilk növbədə neft bazarındakı qiymətlərdir: "Çünki bizim xarici ticarətimizin əsasını neft təşkil edir. Digər tərəfdən, bu gün xarici iqtisadi təzyiq bütün ölkələrdə hissi olunur, çünki sərhədlər bağlıdır, əlaqələr məhduddur. Məsələn, turizm sektorunun inkişafı demək olar ki, dondurulub. Yəni xarici iqtisadi təzyiq müxtəlif istiqamətlərdə var. Amma Azərbaycan üçün əsas xarici iqtisadi şok neft qiymətlərinin düşməsidir".

"Hesab edirəm ki, valyutamızın sabitliyinin neftə bağlanması ənənəsindən əl çəkməliyik. Əks halda, iqtisadiyyatda ciddi problemlər ola bilər. Biz valyutamızı daxili investisiya valyutası etməliyik və investisiyaların planlaşdırılmasında, pul kütləsinin iqtisadiyyata buraxılmasında neft və dollar amilindən ümumiyyətlə çəkinməliyik. Dolların daxildə istifadəsini tam şəkildə dayandırmaq lazımdır, ancaq cari əməliyyatlar üzrə dollarla əməliyyatlar həyata keçirilməlidir. O cümlədən, bank sektorunda dollarla ifadə olunan depozitlərin sığortalanması, dolların bank sektorunda dövriyyəsinin davam etdirilməsi mütləq dayandırılmalıdır", – deyə o əlavə edib.

Qeyd edək ki, beynəlxalq reytinq agentliyi onu da bildirir ki, hərraclarda xarici valyuta satışlarının həcmləri 2020-ci il martın 10-da pik həddə çatıb (323 milyon dolar), lakin bu dövrdən etibarən müntəzəm olaraq azalıb və aprelin 9-da hərracda 55 milyon dollar təşkil edib: "Azərbaycan Mərkəzi Bankının və ARDNF-nin valyuta ehtiyatlarının daxil olduğu suveren xarici aktivlər yüksəkdir və 2019-cu ilin sonuna 49,5 milyard dollar təşkil edir".

Xəbər lenti
0