03:49 05 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
674 0 0

"Yunun 1 kq-nın qiyməti 50 qəpik - 1 manat arasında dəyişir. Bəzi bölgələrdə isə 2 manat həddindədir. 1 manat normal qiymətdir, çünki fermerin satdığı yun qabadır. Yunun uzunluğu 18-20 santimetr olmalıdır ki, baha qiymətə satılsın"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 mart — Sputnik. Biləsuvarda qoyunçuluq təsərrüfatları yunun satışı ilə bağlı çətinlik olduğunu bildirirlər. AZƏRTAC xəbər verir ki, rayonun İsmətli kəndində fəaliyyət göstərən belə təsərrüfatlardan birinə Nizami Mirzəyev rəhbərlik edir. Əsasən yerli şəraitə uyğun cinslərə üstünlük verən fermer hər il 100 baş qoyundan 90 baş bala aldığını deyir: "Hazırda təsərrüfatımızda min başa yaxın qoyun var. 

Bu da hər 100 qoyuna 100 bala deməkdir. Gəlirimiz yaxşıdır. Sadəcə yunun satışı ilə bağlı çətinliyimiz olur. Mənim kimi başqa fermerlər də var ki, bu problemlə qarşılaşır. 1000 baş qoyundan alınan yun təxminən 2 tona çatır. Onun satışı üçün yer olsa, yaxşı olar. İstərdik ki, rayonumuzda yun emalı müəssisəsi olsun".

Yun satışı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Sputnik Azərbaycan-a danışıb.

O bildirib ki, vaxtilə Sovet dövründə Azərbaycanda yun tədarük məntəqələri, yun emalı müəssisələri olub və yun sənayesi inkişaf edib: "1960-1970-ci illərdə Azərbaycanda xırdabuynuzlu heyvanlar arasında elmi-seleksiya işləri həyata keçirilib və bu işlər nəticəsində yundan istifadə etmək üçün yumşaq və yarımqaba yun verən qoyun cinsləri yayılmışdı. Amma sonrakı dövrlərdə elmi-seleksiya işləri dayandı, qoyunçuluqda cins tərkib itdi".

Onun sözlərinə görə, qaba yun emal sənayesi üçün yararlı deyil: "Bizim heyvanların yunu qaba olduğuna görə emal sənayesi üçün yararlı deyil. Fermerlər bunu nəzərə almalıdırlar. Qaba yundan yalnız müəyyən xüsusi geyimlərin hazırlanmasında istifadə olunur və buna da tələbat azdır. Problemin kökü bundadır. Çıxış yolu budur ki, Azərbaycanda yumşaq və ya yarımqaba yun verən heyvan cinsləri yenidən bərpa edilməli və təsərrüfatlarda yayılmalıdır. Bunlar olmalıdır ki, biznes üçün əsas yaransın və investisiya qoyan sahibkar bu yuna bazarda tələbatın olduğunu bilsin".

O bildirib ki, bizdə kənd təsərrüfatında ciddi problemlərdən biri resurs qoruyucu texnologiyaların olmamasıdır: "Məhz heyvan mənşəli məhsullar zibilxanaya atılır ki, bunlara yunu, heyvan qanını misal göstərmək olar. Bu gün dünyada heyvan qanından üzvi gübrə əldə edirlər. Resurs qoruyucu texnologiyalar inkişaf etməlidir. Bizdə qoyunçuluqda yunluq cinslər yoxdur. Qoyunçuluqda ətlik, yunluq və südlük cinslər olmalıdır. Bu istiqamətdə bizdə fermerlərin maarifçilik səviyyəsi aşağıdır. Məsələn, bizdə fermer damazlıq heyvanı gedib bazardan alır, amma bu, düzgün deyil. Damazlıq heyvan damazlıq təsərrüfatlardan alınmalı və onların pasportu olmalıdır".

"Yun emalı müəssisələrinin olması kifayət etmir, burada yumşaq yun olmalıdır ki, ondan geyimlər hazırlansın. Birincisi, bizim heyvanların verdiyi yunun çəkisi çox aşağıdır, orta hesabla 2 kiloqram və ondan bir az çox yun verir. İkincisi də yun qabadır. Qaba yundan da yalnız müəyyən xüsusi geyimlərin hazırlanmasında istifadə edilir. Emal sənayesi üçün yumşaq yun olmalıdır", – deyə o qeyd edib.

N.Nəsirli bildirib ki, yunun bir kiloqramının qiyməti 50 qəpik - 1 manat arasında dəyişir: "Bəzi bölgələrdə isə 2 manat həddindədir. 1 manat normal qiymətdir, çünki fermerin satdığı yun qabadır. Yunun uzunluğu 18-20 santimetr olmalıdır ki, baha qiymətə satılsın. Təsərrüfatlarda yun qırxımı düzgün aparılmalı, onun yuyulması, daranması prinsipləri qorunmalıdır".

"Bu gün ölkədə yunluq istiqamətin inkişaf etdirilməsi diqqət mərkəzindədir. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda bu məsələ ilə əlaqədar ilkin işlərə başlanılıb. Xarici ölkələrin ən məhsuldar qoyun və keçi cinsləri Azərbaycana gətiriləcək. Yaxın 5 ildə xaricdən gətirilən tanınmış cinslərin yerli cinslər ilə çarpazlaşdırılması nəticəsində cinslərin bərpa olunması prosesi aparılacaq. Artıq məhsuldar keçi cinsləri ölkəyə gətirilib", – deyə o əlavə edib.

Qeyd edək ki, 2019-cu ildə ölkədə yun istehsalı 1,6 faiz artaraq 16,1 min ton olub. İlkin məlumatlara görə, 2020-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 296,3 min baş qoyun və keçi mövcud olub. 2019-cu il yanvarın 1-nə nisbətən qoyun və keçilərin sayı 7,8 min baş (0,1 faiz) azalıb.

Əsas mövzular