05:01 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
55340

Ekspert: "Bu gün 1 kiloqram balın 20 manat olması alıcının cibinə uyğun deyil. Ona görə də bizdə bal istehlakı aşağı səviyyədədir, çünki əlçatan qida deyil. Ucuz olmalıdır ki, hamı ondan istifadə edə bilsin və istehlak artsın"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Nazirlər Kabinetinin 2020-ci il 7 fevral tarixli 37 nömrəli qərarında "Arıçılıq haqqında" qanuna edilmiş dəyişiklik arıçılıq məhsullarının istehsalı zamanı istifadə olunan avadanlıq və vasitələrin ekoloji təmiz standartlara uyğunluğu üçün sertifikat və baytarlıq şəhadətnaməsi alınmasını nəzərdə tutur. Yəni qərar arıçılıq sahəsində baytarlıq nəzarətini də tənzimləyəcək. Həmçinin o, arıçılıq məhsullarının gigiyenik standartlara uyğunluğuna dair normativləri də müəyyənləşdirir.

Qeyd edək ki, "Arıçılıq haqqında" qanunda arıçılıq məhsulları ilə, arıçılıqda istifadə olunan avadanlıq və vasitələrlə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktları təsdiq etmək, baytarlıq nəzarətini həyata keçirmək (baytarlıq şəhadətnaməsini vermək), arıçılıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatına almaq, arıçılıqla məşğul olan təsərrüfatlarda istehsal olunan məhsullara dair gigiyena normativlərini təsdiq etmək arıçılıq sahəsində dövlət tənzimlənməsinin əsas istiqamətlərindən biridir. Ötən il həmin qanunun 5-ci maddəsinə (Arıçılıq sahəsində dövlət tənzimlənməsinin əsas istiqamətləri) bu istiqamətdə dəyişiklik edilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, burada avadanlıq və vasitələrin texniki şərtlərindən söhbət gedir: "Baytarlıq şəhadətnaməsi ildə bir dəfə alınır. Ölkədə təxminən 300 mindən çox insan arıçılıqla məşğul olur və illik bal istehsalı təqribən 5 min ton civarındadır. Bu sahədə artım var və bunu stimullaşdıran əsas faktor arıçılığın subsidiyalaşmaya cəlb olunmasıdır. 2018-ci ildən arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 manat məbləğində subsidiya verilir. Bu gün arıçılar istənilən avadanlığı 40 faiz güzəştlə lizinq qaydasında dövlətdən ala bilərlər. Getdikcə sağlam qida həyat tərzi təbliğ olunur və insanlarda maraq artır. İldə bir dəfə bal yarmarkası keçirilir. Bütün bu mexanizmlər, alətlər arıçılığın inkişafına ciddi təsir göstərir".

Onun sözlərinə görə, amma arıçılıqda inkişaf ilə bərabər, problemlər də var:

"Birincisi, bizdə arıçılıq peşəkarlıq səviyyəsində deyil, ikincisi, arıçılıq məhsulları emal edilməlidir. Bizdə arıçılığın sənayeləşməsi çox aşağı səviyyədədir. Hələ də yeşiklərdən balı əl ilə süzürlər. Bal plastik qabda saxlanmamalı, rütubət təmin olunmalıdır və s. Burada hökmən texniki avadanlıqlar olmalıdır və bunlar ekoloji baxımdan tələblərə, şərtlərə cavab verməlidir. Arıçılıqda istifadə olunan avadanlıq və vasitələr ekoloji baxımdan tələblərə cavab verməlidir".

"Arıçılıqda əsas problemlərdən biri yerli məhsulun maya dəyərinin baha başa gəlməsidir. Bizdə istehsal olunan balın maya dəyəri Gürcüstan, İran və digər ölkələr ilə müqayisədə baha başa gəlir. Balın maya dəyərinin baha başa gəlməsinə təsir edən amillərdən biri arıçılıqda sənayeləşmənin olmamasıdır, yəni əl əməyindən istifadə olunur. Sənayeləşmə olmalıdır ki, istehsalda artım olsun və balın maya dəyəri aşağı düşsün. Ölkəmizin bal ixracı da aşağıdır", - deyə o qeyd edib.

Ekspert bildirib ki, dərman preparatları, texniki vasitələr balın maya dəyərinə təsir edir: "Arıçılığın bütün dərmanları, işlədilən avadanlıq və vasitələr, arıçının papağı, əlcəyi belə xaricdən gətirilir, yerli istehsal yoxdur. Məsələn, bizdə ixtisaslaşmış arı yeşikləri, qutuları düzəldən müəssisə yoxdur, bunlar da xaricdən gəlir. Bütün bunlar xaricdən gəldiyi üçün avtomatik olaraq balın qiymətinə təsir edir. Hər il keçirilən bal yarmarkasında qiymət 20-30 manat müəyyən edilir. Amma etiraf etməliyik ki, bu gün 1 kiloqram balın 20 manat olması alıcının cibinə uyğun deyil. Ona görə də bizdə bal istehlakı aşağı səviyyədədir, çünki əlçatan qida deyil. Ucuz olmalıdır ki, hamı ondan istifadə edə bilsin və istehlak artsın".

Onun fikrincə, maya dəyəri bizim xarici bazardakı mövqeyə də təsir edir: "Biz hələ xarici bazardakı rəqabəti demirik. Əsasən Gürcüstan və İrandan gətirilən bal bizim bazarda yerli bala ciddi rəqabət yaradır. Bu gün Azərbaycan bazarında İran və Gürcüstandan gətirilən ballara daha çox meyl var, çünki qiymətdə fərq var. Və ya bazarda fırıldaqçılar var ki, şirədən bal bişirib satırlar və bu gün küçələr, mağazalar doludur. Bu da sağlam bal üçün ciddi rəqabət yaradır".

N.Nəsirli diqqətə çatdırıb ki, balın qiymətinin ucuz olması üçün kompleks tədbirlər həyata keçirilməlidir:

"İlk növbədə damazlıq arıçılıq olmalıdır. Damazlıq xaricdən gətirilir. Damazlıq məsələsi həll olunmalıdır. Arıçılıqda istifadə olunan avadanlıq və vasitələr ölkədə istehsal edilməlidir və bunun üçün potensial da var. Arıçıların peşəkarlıq səviyyəsi yüksəldilməlidir, yəni arı xəstəlikləri ilə mübarizə apara bilməli, qulluq işlərini düzgün aparmalıdırlar. Digər tərəfdən, arıçılıq məhsullarının qablaşdırılması çox aşağı səviyyədədir, arıçılıq təsərrüfatlarında markalanma, brendləşmə yoxdur".

Onu da qeyd edək ki, 2020-ci ildə respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə alsaq, respublikamızda bu sahədə böyük potensial imkanların və perspektivlərin olduğunu aydın görürük.

"Arıçılıq haqqında" qanunun qəbul edildiyi dövrdən sonrakı 10 ildə həm arı ailələrinin sayı, həm bal istehsalı 3,5 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 16,4-dək artıb.

"Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 5 mart tarixli sərəncamına əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərib.

Əlaqədar

"Ginnesin Rekordlar Kitab"ına düşməyə iddialı olan Balakən sakini
Öldükdən sonra belə, dərdlərə dərman olan canlı
Ölkəyə bal gətirilməsi qadağan edilə bilər
Mədə dərmanı, üz üçün maska və daha nələr... Bakıda “ən şirin yarmarka” keçirilir
Qışa necə hazırlaşmalı - Arıçılar sirri açırlar

Əsas mövzular