10:06 27 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
103110

"Sığorta tarifləri risklərə, sığortalanan məhsulun ərazisinə uyğun olaraq təqdim olunacaq və burada differensial yanaşma olacaq. İlk sığorta müqavilələrinin 2020-ci ilin ikinci yarısından etibarən istehlakçılara təqdim olunması nəzərdə tutulub"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Baş Nazir Əli Əsədov dekabrın 27-də "Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi"nin təsdiq edilməsi haqqında qərar imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Qərara əsasən, aqrar sığorta predmetləri üzrə risklərin tərkibi bunlardır: təbii fəlakətlər, yanğınlar, bitki xəstəlikləri və zərərvericiləri, yoluxucu xəstəlik və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri.

Aqrar sığorta sisteminin formalaşdırılması üzrə İşçi Qrupun üzvü Firdovsi Ağaşirinov qərar ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, həmin siyahıya uyğun olaraq hər il aqrar sığorta məhsulu formalaşdırılacaq və istehlakçılara təqdim ediləcək: "Gələcəkdə aqrar sığorta təminatının genişləndirilməsi nəzərdə tutulduqda bu risklərin siyahısı daha da genişlənəcək. Sığorta hadisəsi baş verdikdə risklərə uyğun olaraq təqdim olunan azadolma miqdarı və müqavilədəki digər şərtlər nəzərə alınmaqla sığorta ödənişi hesablanacaq. Sığorta tarifləri risklərə, sığortalanan məhsulun ərazisinə uyğun olaraq təqdim olunacaq və burada differensial yanaşma olacaq. Risklərə münasibətdə aqrar sığorta haqqında fərqlilik müəyyən ediləcək. "Aqrar sığorta haqqında" qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. İlk sığorta müqavilələrinin 2020-ci ilin ikinci yarısından etibarən istehlakçılara təqdim olunması nəzərdə tutulub".

"Müstəqil ekspertlər institutu formalaşdırılacaq. Həmin ekspertlərin vasitəsilə həm risklərin qiymətləndirilməsi, həm də zərərin tənzimlənməsi həyata keçiriləcək. Yerlərdə sığorta müqavilələrin bağlanması üçün imkanlar yaradılacaq. Eyni zamanda elektron informasiya sistemi formalaşdırılır və onun da imkanlarından istifadə etməklə sığorta müqaviləsi bağlamaq mümkün olacaq", - deyə İşçi Qrupunun üzvü qeyd edib.

O bildirib ki, burada risk daşıyan sığorta şirkəti deyil:

"Riski daşıyan Aqrar Sığorta Fondudur. Əgər fermerə dəyən ziyanın sığorta ödənişindən imtina olacaqsa, bu, sığorta müqaviləsi çərçivəsində tənzimlənəcək. Fermerə dəyən ziyanın ödənişindən imtinaya görə şikayət etmək, hansısa quruma müraciət etmək vətəndaşın hüququdur. Eyni zamanda "Aqrar sığorta haqqında" qanuna uyğun olaraq Aqrar Sığorta Fondunun tərkibində Apellyasiya Şurası formalaşdırılacaq. Fermerlər Şuraya da şikayət edə biləcəklər".

Qeyd edək ki, qərara əsasən, hər il bu siyahı ilə müəyyən edilmiş risklərin sırasından seçilən və təminat verilməsi nəzərdə tutulan risklər üzrə sığorta məhsulları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində dərc ediləcək.

Nazirlər Kabinetinin məlumatına görə, məlumat bazasının məhdudluğu, aqrar sığorta sahəsində tariflərin hesablanması üzrə metodologiyanın, kənd təsərrüfatı sığortası üzrə sığorta risklərinin və dəymiş zərərlərin qiymətləndirilməsi təcrübəsinin və sahə üzrə xarici və daxili təkrarsığortaçılarla əməliyyatların yetərli səviyyədə olmaması, kənd təsərrüfatı sığortası üzrə zərərliliyin yüksək olması, həmçinin beynəlxalq təcrübədə əksər ölkələrin tam miqyasda sığortalanmaya mərhələli şəkildə keçməsi nəzərə alınaraq aqrar sığorta sisteminin tətbiqinin ilkin mərhələsində bir sıra risklərin aqrar sığorta təminatına alınması məqsədəuyğun hesab edilir.

Qərara görə, təbii fəlakətlərə zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu; bitki xəstəlikləri və zərərvericilərinə isə taxıllarda pas xəstəliyi, üzümlərdə mildiu xəstəliyi, siçanabənzər gəmiricilər, çəyirtkəkimilər, aralıq dənizi meyvə milçəyi, mərmər bağacığı daxil edilib.

Bundan başqa, yoluxucu xəstəlik və zəhərlənmələrə karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər nəticəsində ölüm, ilan və ya həşərat sancması nəticəsində ölüm, zəhərli otlardan və yemlərdən zəhərlənmə nəticəsində ölüm, kütləvi zəhərlənmələr nəticəsində ölüm daxil edilib.

İldən-ilə azalan "qara mirvari": ətini bizə elə yedirirlər, xəbərimiz olmur - FOTO>>

Heyvanların otlaqda otarılması və həyətlərdə saxlanılması zamanı vəhşi heyvanların (canavar, çaqqal, tülkü, ayı və s.) hücumlarına məruz qalması faktları heyvan sahibindən asılı olmadığı üçün onların tələfatı risk qrupuna aid edilməklə dəyərinin ödənilməsi məqsədəuyğun hesab edilir.

Üçüncü şəxslərin hərəkətləri (nəqliyyat vasitələri ilə qəza və qəsdən öldürmə) - Nəqliyyat qəzaları və şəxsi münasibətlər zəminində qəsdən öldürmə nəticəsində ilkin olaraq hadisə risk qrupuna aid edilməklə tələfatın dəyəri heyvan sahibinə ödənilməli, sonrakı araşdırma nəticəsində sığorta ödənişi təqsirkarın hesabına təmin edilməlidir.

Əlaqədar

"Səhra gəmiləri" – Mingəçevir sakini ekzotik heyvanların sayını artırmağa çalışır
Dağ başındakılara xüsusi güzəşt: gürcülərin metodu ilə biz də qazana bilərik
Növbəti il fermerləri müsbət yeniliklər gözləyir - Az qaldı
Bu gün onların günüdür - Azərbaycanda kəndli qadınlar nə edirlər?
Nə toyuq, nə balıq - Qırmızı ətə alternativ yetişdirənlərə kredit vermirlər

Əsas mövzular