CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tikinti bazarında yanğın söndürüldü, gizli dərdin üstü açıldı

© © Ministry of Emergency Situations of Azerbaijan Republic"Eurohome" tikinti bazarında yanğın
Eurohome tikinti bazarında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanda yayılmış praktikaya əsaslanaraq oranın kağız üzərində sığortalana biləcəyini ehtimal etmək olar. Bu isə o deməkdir ki, həmin ərazi formal qiymətə sığortalanıb" - Xəyal Məmmədxanlı

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yerləşən tikinti bazarında yanğın baş verib. Sputnik Azərbaycan bildirir ki, "Eurohome" tikinti bazarında səhər saatlarından etibarən güclü yanğın başlayıb. Ətrafı qatı tüstü bürüyüb.

Eurohome tikinti bazarında yanğın - Sputnik Azərbaycan
HADİSƏ
"Eurohome" niyə yandı?

Maraqlıdır, yanğın baş verən "Eurohome" tikinti bazarı sığortalanıbmı?

Sputnik Azərbaycan bu məsələyə və sığorta bazarında olan digər problemlərə aydınlıq gətirməyə çalışıb.

Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Eurohome" tikinti bazarı sığortalanmasa da, onlar ayrılıqda olaraq bu gün yanğın baş verən ərazidəki mağazaların sığortalanıb-sığortalanmamasını araşdırırlar. Şirkətdən bildirilib ki, bir müddətdən sonra onlar bununla bağlı məlumatı əldə edə biləcəklər.

İlkin olaraq isə yalnız bir neçə mağazanın sığortalandığı ehtimal olunur.

Dövlət Sığorta Kommersiya Şirkətindən həmçinin o da bildirilib ki, bu gün tikinti bazarlarının sığortalanması ümumi sığortalanmanın çox az faizini təşkil edir.

Sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı Sputnik Azərbaycan-a açıqlamasında mövcud durumdan söz açıb: "Təəssüf ki, ildə bir neçə dəfə baş verən belə hadisələrdən sonra sığorta məsələsi aktuallaşır. Yanğın söndürüldükdən sonra sanki bu söhbətlər də sönür. Amma nəzərə alınmalıdır ki, 2011-ci ildə Azərbaycanda icbari sığortalar ilə bağlı qanun qəbul olunub. Bu qanuna görə, həm hüquqi şəxslər, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vətəndaşların mənzilləri, tikililəri, obyektləri sığortaya cəlb olunmalıdır. Vətəndaşlarla bağlı vəziyyət ürəkaçan olmasa da, Fövqəladə Hallar Nazirliyi tərəfindən hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sığortasına nəzarət həyata keçirilir".

"Eurohome"da yanğında zəhərlənənlər var>>

"Lakin bu gün yanğının baş verdiyi tikinti şirkətinin sığortasının olub-olmaması haqda hələlik məlumatım yoxdur. Azərbaycanda yayılmış praktikaya əsaslanaraq oranın kağız üzərində sığortalana biləcəyini ehtimal etmək olar. Bu isə o deməkdir ki, həmin ərazi formal qiymətə sığortalanıb. Bilirsiniz ki, Azərbaycanda sığorta haqları hesablanarkən əmlakın real bazar dəyəri əsas götürülür. Lakin real bazar dəyəri ilə belə böyük bazarlarda qiymət hesablandıqda, təbii ki, sığorta haqqı bir qədər yüksək çıxır. Bu, belə də olmalıdır. Lakin təəssüf ki, bu səbəbdən sahibkarlar yalnız özlərinin ödəyə biləcəkləri sığorta haqlarını deyirlər. Sığorta şirkətləri də bu rəqəmlərin üzərindən sığorta məbləğini hesablayır. Bu isə o deməkdir ki, onların sığortaları olduqda belə, hansısa yanğın baş verdikdə dəymiş zərərə görə onlar tamamilə sığorta əldə edə bilmirlər", - deyə həmsöhbətimiz əlavə edib.

Məsələnin digər tərəfi isə budur ki, daşınmaz əmlakın sığortası haqda qanun yalnız daşınmaz əmlakın özünə, binaya, daşınmaz hissəsinə aid edilir: "Yəni konkret bu hadisədən danışdıqda isə bu qanunla onun binası, yəni karkasının sığortlanmasından söhbət gedir. Bu isə o deməkdir ki, onun içində olan daşınan əmlaklar icbari sığortanın predmetinə daxil deyil.

Vətəndaşlar istəsələr, könüllü qaydada daşına bilən bu əmlak növlərini də sığortalaya bilərlər. Bu zaman isə başqa problemlər ortaya çıxır. Yəni onların sığortaya cəlb olunması üçün anbarda olan malların hər biri haqda rəsmi hesabat olmalıdır. Lakin təcrübəmiz onu göstərir ki, vətəndaşlar əksər hallarda bu kimi yerlərdə qeyri-rəsmi işləyirlər.

Onlar ərazini icarəyə götürərək əmlaklarını satırlar. Bir çox hallarda onlara vergi və digər qurumlar da müdaxilə etmir".

"Onlar həmin malları sığortalamaq arzusunda olsalar belə, bunu bacarmırlar. Sabah hansısa hadisə baş verdikdə, yanğın olan ərazidə nə qədər malın olduğunu müəyyənləşdirmək mümkünsüz olur. Bu problemdən yeganə çıxış yolu odur ki, vətəndaşların mağazaları onlara rəsmi qaydada icarəyə verilsin. Hər bir mağazanın ayrılıqda çıxarışları olmalıdır ki, vətəndaş icarəyə götürdüyü mağazanı sığortalaya bilsin. Onların hər birindən rəsmi hesabat sisteminə keçmələri tələb olunmalıdır. Bunun üçün vergi amnistiyası tətbiq edilməlidir. Biz dəfələrlə bu istiqamətdə çıxışlarımızı etmişik. Bu şəxslərə möhlət verilsin ki, hansısa müddətdən sonra bütün fəaliyyət rəsmi qaydada həyata keçiriləcək. Belə olan halda sığorta şirkətləri obyektlərin sığortalanmasında maraqlı olacaq", - deyə həmsöhbətimiz əlavə edib.

Eurohome tikinti bazarında yanğın - Sputnik Azərbaycan
HADİSƏ
"EuroHome"u söndürmək üçün helikopterdan və təyyarədən əlavə, qatar da gətirilir

X.Məmmədxanlı "Diqlas" və bu kimi digər hadisələrdə sahibkarlara dövlət büdcəsi, yaxud da hansısa fond tərəfindən kompensasiya ödənilməsinin əleyhinə olduğunu bildirib: "Bizim əldə etdiyimiz məlumatlara əsasən, əksər hallarda bu şəxslərdən sığorta adı ilə də pul alınır. Lakin bu hansı sığorta puludur, təbii ki, bunu da bilmirik. Düşünürəm ki, artıq bu istiqamətdə əsaslı addımlar atılmalıdır ki, cari ilin martında "Diqlas" ticarət mərkəzində olan yanğın təkrarlanmasın. Əks halda, yenə də kompensasiya, yardım umacaqlar, deyəcəklər ki, mallarımız yanıb, kömək etsinlər. Mən bunun əleyhinəyəm. Çünki hər bir belə hadisədə Prezident fondundan, yaxud da dövlət büdcəsindən vəsait ayrılsa, bu şəxsləri bir ətalət bürüyəcək və düşünəcəklər ki, bənzər hadisə onların da başına gəlsə, kompensasiya ödəniləcək. Belədə onlar əmlaklarına və özlərinə görə məsuliyyəti dərk etməyəcəklər".

Xəbər lenti
0