02:51 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
İsveçrədə UBS bankı

Hazırlaşın – Kimin əlinin kimin cibindən çıxdığına şahid olacağıq

© AFP 2019 / FABRICE COFFRINI
İQTİSADİYYAT
Qısa URL
496 0 0

"Əvvəlki dövrlərdə Avropa banklarına vəsaitlərin cəlb edilməsi vacib idi və bu yanaşma artıq dəyişib. Çünki vəsaitlərin cəlb edilməsi qara pulların da cəlb edilməsinə və Avropa bankları vasitəsilə yuyulmasına gətirib çıxardırdı"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Azərbaycanın vergi orqanları Azərbaycan vətəndaşlarının İsveçrə banklarındakı hesabları ilə bağlı müvafiq informasiyaları ala biləcəklər. İsveçrə parlamenti müvafiq sazişlər imzaladığı 36 dövlətdən əlavə, 19 ölkəyə, o cümlədən Azərbaycana bank və vergilərlə bağlı informasiya verməyə başlamağa dair qərar qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İsveçrənin "Swissinfo" onlayn nəşri yayıb. Azərbaycan və İsveçrə arasında faktiki bank və vergi məlumatları mübadiləsi 2021-ci ildə başlayacaq.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, əvvəlki illərdə xüsusən inkişaf etməkdə olan ölkələr bank sirrini qoruyub saxlayırdı və bank sirrinə kommersiya sirri kimi baxırdılar, amma indi bu yanaşma dəyişib: "Hazırda bununla bağlı bir qlobal yanaşma var. Həmin qlobal yanaşmaya görə, aparıcı ölkələrin banklarından da şəffaf şəkildə, xüsusən də digər ölkələrdən cəlb edilən vəsaitlər ilə bağlı məlumatların bölüşdürülməsi tələb olunur. Bu, eyni zamanda həmin vəsaitlərin mənbəyinin müəyyən edilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi baxımından vacibdir".

O bildirib ki, söhbət şəffaf şəkildə məlumatların bölüşdürülməsindən gedir: "Digər tərəfdən, xüsusən də çirkli pulların yuyulmasında ehtimal oluna bilən vəsaitlərin Avropa banklarına daxil olmasının qarşısını almaq istəyirlər. O baxımdan bir neçə ölkənin İsveçrə banklarında olan hesablarının yoxlanılması və bununla bağlı məlumatların mübadilə edilməsi nəzərdə tutulur. Bu da şəffaflığın artırılması baxımından vacibdir. Bu, eyni zamanda ona görə vacibdir ki, gələcəkdə xüsusən adı fərqli korrupsiya əməliyyatlarında hallanan və mənbəyi məlum olmayan vəsaitlərin Avropa banklarına daxil olmasının qarşısını almaq mümkün olsun".

Onun fikrincə, belə məlumatların yalnız dövlət qurumları ilə mübadilə edilməsi deyil, həm də ictimaiyyətə təqdim edilməsi daha məqsədəuyğun olardı: "Çünki bu, həm də Avropa banklarının şəffaf fəaliyyəti baxımından çox vacibdir. Avropa bankları üçün şəffaflıq çox vacibdir. Əvvəlki dövrlərdə vəsaitlərin cəlb edilməsi vacib idi və bu yanaşma artıq dəyişib. Çünki vəsaitlərin cəlb edilməsi qara pulların da cəlb edilməsinə və Avropa bankları vasitəsilə yuyulmasına gətirib çıxardırdı. Ona görə də yanaşma dəyişib. Güman etmirəm ki, bu addım İsveçrə banklarının cəlb etdiyi vəsaitlərin kəskin azalmasına gətirib çıxarda bilər. Amma bu addım nəticədə İsveçrə banklarının və bütövlükdə Avropa banklarının reputasiyasının artmasına xidmət edə bilər".

Qeyd edək ki, Azərbaycanla yanaşı, 2021-ci ildən etibarən Çin, Səudiyyə Ərəbistanı, Livan, Pakistan, Qazaxıstan, Qana, Nigeriya və Kolumbiya da İsveçrədən bank məlumatlarını alacaqlar.

Onu da bildirək ki, Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin məlumatına görə, Avropa Şurasının Çirkli Pulların yuyulmasına Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi Komitəsi (MONEYVAL) Azərbaycanın çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sistemini müsbət qiymətləndirir.

Əsas mövzular