08:37 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8701
Mərkəzi Bank

Stabilliyin əlamətləri görünür: Qərar iqtisadiyyata vəsait axınını stimullaşdıracaq

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
140 0 0

Ekpsert: "Uçot dərəcəsinin aşağı salınması digər tərəfdən bankların əlində olan izafi likvid vəsaitlərin bazarda yerləşməsinə yönəldilmiş qərar da hesab oluna bilər”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Mərkəzi Bank sentyabrın 13-də uçot dərəcəsini 25 baza punktu azaldılaraq 8.25%-dən 8%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən edilib. Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, faktiki inflyasiya hədəf diapozonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. 

Yenilənmiş proqnozlara görə, 2019-cu ilin sonuna inflyasiya dəhlizin orta səviyyəsindən bir qədər yuxarı olmaqla hədəf diapazonu (4±2%) daxilində qalacaq.

Uçot dərəcəsinin aşağı salınması ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, 2019-cu ildə Mərkəzi Bank 5 dəfə faiz endirsə də, çox ciddi azalma olmayıb: "2019-cu ildə uçot dərəcəsi 9,75%-dən 8%-ə endirilib. Bu, o deməkdir ki, Mərkəzi Bank nisbətən daha yumşaq pul siyasəti həyata keçirmək imkanı əldə edib və stabilliyin əlamətlərini görməkdədir. Mərkəzi Bank pul bazarının genişlənməsinə hədəflənən addımlar atır. İl ərzində 6,25 faiz pul bazarı genişlənib".

"Uçot dərəcəsinin aşağı salınması digər tərəfdən bankların əlində olan izafi likvid vəsaitlərin bazarda yerləşməsinə yönəldilmiş qərar da hesab oluna bilər. Banklar iqtisadi proseslərdə nisbətən daha çevik iştirak etməlidir. 3 illik böhrandan sonra banklar kredit siyasətini nisbətən təkmilləşdirməli və genişləndirici kredit siyasətini həyata keçirməyə başlamalıdırlar. Çünki iqtisadiyyatın inkişaf etdirilməsi və şaxələndirilməsi ilə bağlı siyasətin əsasında məhz maliyyə mənbələrinin genişləndirilməsi və imkanlarının artırılması dayanır. Bu, olmadığı təqdirdə ciddi nəticə əldə etmək olmaz", – deyə ekspert bildirib.

Onun sözlərinə görə, həmçinin nəzərə almaq lazımdır ki, Mərkəzi Bank məhz məcmu istehlakın ÜDM-in formalaşmasında əhəmiyyətini başa düşür: "Adətən məcmu istehlak Azərbaycanda ÜDM-in formalaşmasında təxminən 60-65 faiz rol oynayır. İqtisadiyyatın davamlı inkişafının təmin edilməsi baxımından pulun ucuzlaşdırılmasına ehtiyac var. Çünki Azərbaycan iqtisadiyyatı daha çox istehlak iqtisadiyyatıdır. 

Qəbul edilən qərar məhz bu fonda baş verib. Uçot dərəcəsinin azalması kredit faizlərinin və Mərkəzi Bank tərəfindən keçirilən depozit hərraclarında faizlərin aşağı düşməsinə gətirib çıxartmaqla dolayısı ilə iqtisadiyyata vəsaitlər axınını stimullaşdıra bilər".

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, risklər balansının təhlili göstərir ki, xarici amillər daxili amillərə nisbətən orta müddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır. Xarici amillərə başlıca olaraq qlobal ticarət və valyuta sferalarında olan gərginliklər, qlobal artım perspektivlərinin pisləşdiyi şəraitdə dünya əmtəə bazarlarında dəyişkənliyin artması aiddir. Mərkəzi Bank bu risklərin monitorinqini davam etdirəcək və inflyasiyanı hədəfdə saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcək. Faiz dəhlizinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfə uyğunluğu, daxili və xarici risklərin reallaşmasının inflyasiyaya təsirindən asılı olaraq veriləcək.

Əsas mövzular