21:17 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Доллары США

Xarici şirkətlər məhkəmə qorxusundan qeyri-neft sektoruna sərmayə qoymurlar

© Sputnik / Aleksey Sukhorukov
İQTİSADİYYAT
Qısa URL
498 0 0

Əsas kapitala qoyulmuş xarici investisiyaların həcmi 46,3%-dən 27,2%-dək azalıb, daxili investisiyaların həcmi isə demək olar ki, xarici investisiyaları 3 dəfə ötüb.

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Milli iqtisadiyyata qoyulan investisiyaların həcmi nəzərəçarpacaq dərəcədə aşağı düşür. Bu, təkcə neft iqtisadiyyatına qoyulan sərmayələrlə əlaqədar deyil, həm də Qərb şirkətlərinin Azərbaycan məhkəmələrində mümkün proseslərdən qorxusu ilə bağlıdır. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5,038 milyard manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 68,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 64,4 faizi məhsul istehsalı obyektlərinin, 26,9 faizi xidmət sahələri üzrə obyektlərin, 8,7 faizi isə ümumi sahəsi 771,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 72,8 faizini təşkil edib.

İnfoqrafika İxrac olunan qeyri-neft məhsulları
© Sputnik / Elnur Salayev

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,1 faiz, büdcə vəsaitləri 27,3 faiz, bank kreditləri 6,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil edib.

Bununla yanaşı, daxili mənbələr hesabına qoyulan investisiyaların həcmi (büdcə vəsaitləri, bank kreditləri, əhalinin şəxsi vəsaitləri) 3,668 milyard manat olub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 854 milyon manat, yaxud 30,3% çoxdur.

Milli iqtisadiyyata qoyulan investisiyaların həcminin ixtisar edilməsinin başlıca səbəbi xarici şirkətlər tərəfindən qoyulan investisiyaların azalmasıdır. Beş ayın nəticələrinə görə, xarici investisiyaların həcmi 1,370 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,056 milyard manat, yaxud 43,6% azdır.

Nəticədə il ərzində əsas kapitala qoyulmuş xarici investisiyaların həcmi 46,3%-dən 27,2%-dək azalıb, daxili investisiyaların həcmi isə demək olar ki, xarici investisiyaları 3 dəfə ötüb.

Milli iqtisadiyyatda xarici investisiyanın payının aşağı düşməsinə səbəb "Şahdəniz-2" yatağının işlənməsi üzrə nəhəng Cənub qaz dəhlizi layihəsində işlərin başa çatmasıdır. Əlbəttə, yaxın zamanlarda "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi üzrə yeni platformanın tikilməsi çərçivəsində xarici şirkətlərin sərmayələri yenidən artacaq.

Lakin, belə alınır ki, neft-qaz sektorundakı xarici şirkətlər milli iqtisadiyyatın qeyri-neft sahəsinə investisiya qoymağa ehtiyat edirlər. 

Xarici investorların iqtisadi hüquqları və neft-qaz layihələrinə qoyduqları investisiyalar Mill Məclisdə təsdiqlənərək qüvvəyə minmiş neft hasilatının paylanması  (Production Sharing Agreement (PSA) sazişi çərçivəsində qorunur. 

Eyni zamanda, qeyri-neft sektorunda iqtisadi mübahisələr yarandıqda, xarici şirkətlər haqlı olduqlarını yerli məhkəmələrdə sübuta yetirməlidirlər.

Son dörd il ərzində Qərb şirkətləri məhkəmələrdəki proseslərdən uzaq durmağa çalışırlar. Bunu Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının Bazarın təhlili və kommunikasiya şöbəsinin rəhbəri Nigar Bayramlı ötən ay keçirilən biznes-forumda Avropa İttifaqının Azərbaycanın biznes mühitinə dair 2019-cu il üzrə hesabatını təqdim edərkən deyib. 

"Onların fikrincə, bəzən məhkəmələrdə şirkətlərə qarşı qərəzli qərarlar qəbul edilir və məhkəmə proseslərində gecikmə baş verir" - deyə Bayramlı bildirib.

Bununla yanaşı, Aİ ölkələrinin 130 şirkəti arasında keçirilən sorğunun nəticələrinə görə, şirkət rəhbərləri Azərbaycanın iş mühitində bazarın qeyri-müəyyənliyini, bürokratiyanı və korrupsiyanı mənfi amil kimi qiymətləndiriblər.

Bəlkə də, Azərbaycanın işgüzar dairələri ekstremal şəraitdə iş qurmağa və işləməyə öyrəşiblər, lakin əgər Qərb şirkətlərinin xarici investisiyalarını ölkəyə cəlb etmək istəyiriksə, islahatları sürətləndirməliyik. Bu, öz növbəsində məhkəmə sisteminə də aiddir. 

Xarici şirkətlə bağlanan hər bir sazişə parlamentdə baxılması və qanun şəklinə düşməsi mümkün deyil.

DSK-nın məlumatına görə, 2018-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 17,238 milyard manat olub. Burada daxili investisiyaların payı 69,7%, xarici investisiyaların payı isə cəmi 30,3% təşkil edib. İqtisadiyyatın neft sektoruna 5,948 milyard manat yatırım edilib. İqtisadiyyatın qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi isə 11,289 milyard manat təşkil edib. Sənaye sahəsinə 2,704 milyard manat, yaxud investisiyaların ümumi həcminin 15,7%-i yatırılıb. 

Əsas mövzular