07:00 27 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
49610

"Siyasi gərginliyin fonunda qiymətlərdə volatillik artmışdı, bazarda uzun müddət bu cür sıçrayış, enmələr və yaxud artımlar olmurdu"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. Vyanada "OPEC plus" nazirlərinin 6-cı görüşündə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub. Bu barədə Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Qeyd edək ki, "Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 31 mart tarixinədək nəzərdə tutulub. Ötən ilin dekabrında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" üzrə "OPEC plus" ölkələrinin kvotaları isə dəyişməz qalır.

OPEK, arxiv şəkli
© REUTERS / Ramzi Boudina

OPEC keçən ilin dekabr ayında neft hasilatını 2019-cu ilin iyun ayının sonunadək (6 ay) gündəlik 1,2 milyon azaltmaq barədə qərar vermişdi.

Ekspertlər neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılmasını Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Azər Mehdiyev Sputnik Azərbaycan-a deyib ki, 9 ay uzadılma qiymətlərə təsir baxımından ciddi qərardır: "Proqnozlara görə, onsuz da dünyada neftə olan tələbatın xeyli dərəcədə aşağı düşməsi gözlənilirdi. Bir tərəfdən tələbatın aşağı düşmə ehtimalı, bir tərəfdən də hasilatın azaldılması qiymətlərin sabit saxlanılması baxımından önəmlidir. Eyni zamanda İran ətrafında və Yaxın Şərqdə baş verən proseslər də neftin qiymətinə təsir edir. Bu, ən azı ilin sonunadək neftin qiymətinin indiki çərçivədə təxminən 60-65 dollar civarında qalacağını söyləməyə əsas verir".

Onun sözlərinə görə, növbəti illərdə neftin qiymətləri daha çox siyasi proseslərdən asılı olacaq: "Bu, davam etməkdə olan gərginlik mənbələrindən asılıdır. Digər tərəfdən, texnologiyanın inkişafı ilə bağlıdır. Alternativ enerji mənbələri daha sürətlə inkişaf edib dünya həyatına daxil olur. Bu, bir qədər uzunmüddətli prosesdir. Ancaq yaxın dövrlərdə neftin qiymətləri neft hasil edən və neft ixrac edən ölkələrdə baş verən proseslərdən, eyni zamanda neftə olan tələbatın dəyişməsindən asılıdır".

"Amma baş verən proseslər onu göstərir ki, yaxın gələcəkdə hələlik neftə olan tələbatın azalması və təklifin artması istiqamətində proseslər daha üstünlük təşkil edəcək. Bu isə növbəti illərdə neftin qiymətinin aşağı düşmə ehtimalını artırır. Bütün hallarda əsas neft ixracatçısı olan ölkələrdə (İran, Venesuela, ərəb ölkələri) baş verən proseslər neft bazarında əsas rol oynayacaq", - deyə ekspert qeyd edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da Sputnik Azərbaycan-a deyib ki, gündəlik neft hasilatını azaltmaq qərarının daha 9 ay uzadılması neft bazarı üçün çox müsbət siqnaldır: "Əsasən may ayından sonra İrana qarşı sanksiyalar bazarda qeyri-müəyyənlik yaratmışdı, siyasi gərginlik müşahidə olunurdu. Bu siyasi gərginliyin fonunda qiymətlərdə volatillik artmışdı, bazarda uzun müddət bu cür sıçrayış, enmələr və yaxud artımlar olmurdu. Ona görə bazar iştirakçıları arasında narahatlıq hökm sürürdü".

"Digər tərəfdən, hasilatın azaldılmasına dair keçən ilin dekabr ayında verilən qərarın yenidən uzadılması ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi.İranın mövqeyi də çox sərtləşmişdi və ortaq məxrəcə gəlmək mümkün olmurdu. Eyni zamanda dünyada gedən ticarət müharibələri bazarda təzyiqləri artırırdı. Ona görə də qiymətlər gah qalxır, gah da düşürdü", - deyə İ.Şaban qeyd edib.

O bildirib ki, G20 sammiti çərçivəsində Çin Prezidenti Si Szinpin və ABŞ Prezidenti Donald Trampın görüşünün nikbin başa çatması, Səudiyyə Ərəbistanı və Rusiya liderləri arasında danışıqlarda bazara yönəlik müsbət siqnalların verilməsi sonda neft hasilatını azaltmaq qərarının daha 9 ay uzadılmasına gətirib çıxartdı: "Burada Rusiyanın rolunu qeyd etmək lazımdır. Çünki Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, müddətin 6 ay uzadılmasının elə də əhəmiyyəti yoxdur. Artıq bazarda qiymətlər stabilləşib. Neftin qiymətinin 60-65 dollar dəhlizində olması həm hasilatçılar, həm də istehlakçılar üçün normal qiymətdir".

Qeyd edək ki, Vyanada "OPEC plus" nazirlərinin 6-cı görüşündə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. "Əməkdaşlıq Xartiyası"na Azərbaycan da qoşulub.

Tədbirdə iştirak edən Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin budəfəki görüşünü "OPEC plus" əməkdaşlığı çərçivəsində tarixi hadisə kimi qiymətləndirib: "OPEC və qeyri-OPEC ölkələri arasında "Əməkdaşlıq Xartiyası" sayəsində neft bazarının balanslaşdırılması ilə bağlı səylərimizi artıq təşkilatlanmış şəkildə həyata keçirəcəyik. Xartiya uzunmüddətli əməkdaşlıq mexanizmi kimi neft istehsalçılarının maraqlarının qorunmasına və neft sənayesinə davamlı dəstəyi təmin edəcək".

Əlaqədar

Neftin gündəlik hasilat norması dəyişə bilər
Azərbaycan neftlə bağlı vacib təklifi dəstəklədi

Əsas mövzular