05:18 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Market, arxiv şəkli

Beş il əvvəlin ərzağı, günə bir saat internet - maaşla "minimum" düz gəlməyəndə

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
1016 0 0

Beş il əvvəl - 2014-cü ildə - qəbul olunmuş yaşayış minimumu ilə get-gedə artan ərzaq, geyim, təhsil xərclərimiz üst-üstə düşmür

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. "Minimum pensiyanın və əmək haqlarının artırılması, bir sıra sahələrdə ciddi artım yaşayış minimumu standartlarına və minimum istehlak səbətinin tərkibinə yenidən baxılması zərurətini ortaya çıxaracaq. Burada istehlak səbətinə daxil olan məhsulların insanın fiziki tələbatını ödəməsi və dəyərinin müəyyən olunması əsas götürülür. Hökumətdə bu istiqamətdə işlər görülür. Zərurət yaranarsa, yaşayış minimumu məbləğinə və istehlak səbətinin dəyərinə yenidən baxılacaq".

Sputnik Azərbaycan bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Minimum istehlak səbətinə yenidən baxılması məsələsi ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, dövlət başçısının həyata keçirdiyi son artımlar çox ciddidir: "Sentyabr ayından minimum əmək haqqının 250 manata, minimum pensiyanın isə oktyabr ayından 200 manata qalxması kifayət qədər təsirli addım olacaq. Müvafiq qurumlar bu artımlara uyğun olaraq minimum istehlak səbətini və minimum istehlak meyarını hesablamaqla məşğul olacaq".

Onun sözlərinə görə, Azərbaycanda minimum istehlak səbətinin tərkibi sonuncu dəfə 2014-cü ildə yenilənib: "Minimum istehlak meyarları köhnəlib. Bunun hər il yenilənməsi və yeni meyarların daxil edilməsi vacibdir. Ümumiyyətlə, meyarların hesablanması qaydalarına da yenidən baxmaq lazımdır. Məsələn, minimum istehlak meyarına daxil edilən internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir. Ailə internetdən mütəmadi istifadə etmək istəyirsə, bu, həddindən artıq azdır".

Ekspert qeyd edib ki, bunlar qeyri-ərzaq mallarına da aiddir: "Məsələn, üst geyimlərin aşınma müddəti yaşdan asılı olaraq 3-8 il, bir cüt ayaqqabının aşınma müddəti yaşından asılı olaraq 3-5 il nəzərdə tutulub. Bunlar çox aşağı göstəricidir. Ona görə də dövlət başçısının son sərəncamlarından sonra minimum istehlak meyarı və minimum istehlak səbəti anlayışı dəyişməli, yeni meyarlar əlavə edilməlidir. Bu, bir qayda şəklində olmalıdır ki, hər il minimum istehlak səbəti yenilənsin. 3-5 ildən bir minimum istehlak səbətinin yenilənməsi doğru yanaşma deyil".

"Əgər yaşayış minimumu artsa, 200 manat civarında olacaq, yəni 20-25 faizlik artım müşahidə ediləcək", - deyə N.Cəfərli qeyd edib.

Ekspert bildirib ki, ölkələrə görə minimum istehlak meyarları dəyişir:

"Məsələn, Türkiyədə 4 nəfərlik bir ailənin ehtiyac minimumu təxminən indiki məzənnə ilə götürsək, 800 dollara bərabərdir. Bu da adambaşına təqribən 200 dollardır. Türkiyə ilə paralellər aparsaq, Azərbaycanda bu göstərici təxminən 300-350 manat olmalıdır. Yavaş-yavaş bu səviyyəyə yaxınlaşmaq üçün Azərbaycanın kifayət qədər imkanları və potensialı var".

Milli Məclisin deputatı Tahir Mirkişili isə Sputnik Azərbaycan-a deyib ki, ümumi qəbul olunmuş reallıq budur ki, zaman dəyişdikcə insanların tələbatı da dəyişir: "Məhz bu səbəbdən də Azərbaycanda hər 3 ildən bir minimum istehlak səbətinə yenidən baxılması qanunvericilikdə öz əksini tapır. Minimum istehlak həmişə rasional olur. Müvafiq orqanlar qanunvericiliyin tələb etdiyi formada bu prosesi həyata keçirir. Amma digər tərəfdən dövlət başçısının son sərəmcamlarından sonra ölkədə minimum əmək haqqı və minimum pensiyaların həcmi minimum yaşayış həddini xeyli keçib. Ona görə minimum istehlak səbətinə yenidən baxılması sırf prosedur xarakteri daşıyacaq".

Qeyd edək ki, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

Yaşayış minimumu isə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır: ərzaq məhsullarının minimum toplusu; fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.); xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.).

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV nümayəndələrinə müsahibəsində deyib ki, Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli sərəncamı ilə minimum əməkhaqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının yaşayış minimumunu üstələməsinə imkan verib. O, hazırkı yaşayış minimumunun 180 manat olduğunu, artıq bu il sentyabrın 1-dən minimum əməkhaqqının həmin yaşayış minimumunu 40 faizə yaxın üstələyəcəyini deyib: "Eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləği cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq və bununla da minimum pensiya təqaüdçülər üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş olacaq".

Əsas mövzular