21:34 04 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
1882 0 0

Ekspert: "Azərbaycan xammal neftini istehsal edib enerji məhsulları və ya neft məhsulları kimi ixrac edərsə, gəlirlərində 4-5 dəfə artım ola bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. "LUKOIL Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır". Bunu LUKOIL şirkətinin prezidenti, Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov deyib. O, Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu bildirib: "Azərbaycanın sabit qanunvericiliyi var. Ölkədə möhtəşəm investisiya mühiti yaradılıb. Ona görə də Azərbaycandakı mövcudluğumuzu daha da artırmaqda maraqlıyıq".

İnvestisiya məsələsi ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, LUKOIL regionun və dünyanın ən aparıcı şirkətlərindən biri hesab olunur: "O baxımdan LUKOIL üçün regionda investisiya layihələrinin sayının artırılması prioritetdir. LUKOIL üçün xüsusən regionda rəqabət imkanları daha genişdir. O baxımdan Azərbaycan da LUKOIL şirkəti üçün məhz investisiya qoyuluşları baxımından prioritet ölkələrdəndir. Məqsəd odur ki, LUKOIL regiondakı investisiya portfelini genişləndirə bilsin. Baxmayaraq ki, Azərbaycan ilə LUKOIL arasında əməkdaşlıq mövcuddur və xüsusən ölkəmiz LUKOIL şirkətinin çox fərqli enerji layihələrində iştirak edib".

"Güman edirəm ki, bizdə indiki dövrdə xüsusən də LUKOIL daxil olmaqla iri şirkətlərin sərmayələrinin cəlb edilməsi imkanları daha genişdir. Çünki 2015-ci ildən sonra ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdığını müşahidə edirik. Xüsusən də proseduraların sayının azaldılması, proseslərin elektronlaşdırılması xaricdən daha çox sərmayənin cəlb edilməsi üçün yeni imkanlar yaradır", – deyə ekspert bildirib.

Onun sözlərinə görə, digər tərəfdən, LUKOIL enerji məhsulları istehsalında ixtisaslaşıb: "Azərbaycanda enerji məhsullarının xammal formasında deyil, xüsusən də neftin istehsal edilərək enerji məhsulları və ya neft məhsulu kimi bazara çıxarılmasına ehtiyac var. Çünki Azərbaycan praktiki olaraq hətta benzinə olan tələbin ödənilməsində yalnız Aİ-92 markalı yerli istehsalı bazara çıxardır. Xüsusən də "Avro-4" və "Avro-5" standartlarına uyğun benzin isə xaricdən idxal olunur. O baxımdan xüsusən də neft məhsullarının, çox fərqli enerji məhsullarının istehsalında əməkdaşlıq imkanları var".

İqtisadçı bildirib ki, nefti xammal formasında deyil, onu emal edərək neft məhsulu və ya enerji məhsulu formasında ixrac edəndə ölkənin gəlirləri artır: "Əgər Azərbaycan xammal neftini istehsal edib enerji məhsulları və ya neft məhsulları kimi ixrac edərsə, gəlirlərində fərqli məhsullar üzrə 4-5 dəfə artım müşahidə oluna bilər. Ona görə də bu, Azərbaycan üçün də prioritetdir. Azərbaycan xüsusən də enerji məhsullarının istehsal və ixracında LUKOIL ilə əməkdaşlıq etməklə ixracdan əldə etdiyi gəlirlərin həcmini artıra bilər".

Qeyd edək ki, LUKOIL prezidenti rəhbəri olduğu şirkətin Azərbaycandakı layihələrindən və Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-la əməkdaşlığından da danışıb: "Biz hazırda SOCAR-la "Ümid və "Babək" yataqları layihəsi üzərində işləyirik. Bu layihəyə daxil olmaqda maraqlıyıq. Hazırda texniki və iqtisadi məsələlər müzakirə olunur. Əgər hər iki tərəf iqtisadi sahədə anlaşsa, o zaman biz Azərbaycana nəhəng investisiya qoymaqda maraqlıyıq".

V.Ələkbərov LUKOIL və SOCAR arasında birgə layihələrdən başqa da əməkdaşlığın mövcud olduğunu söyləyib: "Biz SOCAR-la öz fəaliyyətimizi dünya bazarında koordinasiya edirik. Bundan əlavə, LUKOIL "SOCAR Türkiyə"nin neft məhsulları emal edən zavodunun nəhəng təchizatçısıdır".

Əsas mövzular