20:54 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Neft, arxiv şəkli

Neft ucuzlaşır: Nə və niyə baş verir?

© REUTERS / Brendan McDermid
İQTİSADİYYAT
Qısa URL
39 0 0

Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür

BAKI, 1 iyun — Sputnik. "Neft yenidən ucuzlaşmağa başlayıb. Bir müddət öncə hər bareli 73 dollar ətrafında alqı-satqı edilən Brent markalı neft indi 65 dollardan ucuzdur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, bununla da son 3 həftə də neftin hər barelinin qiymətinin 8 dollar azaldığı bəlli olur. Bu ay Birləşmiş Ştatların İrana qarşı sanksiyaları genişləndirməsinə və cənub qonşumuzun neft ixrac imkanlarının minimumlaşmasına baxmayaraq "qara qızıl" dəyər itirməyə başladı: "Son qiymət azalmaları şist neft istehsalının artması, Səudiyyə Ərəbistanının gələn aydan hasilatı artacağı ilə bağlı yayılan xəbərlər və ən əsası ABŞ Prezidentinin enerji məhsullarının qiymətinin azalmasının zəruruliyi ilə bağlı bəyanatlar və twitləri ilə əlaqədardır".

V.Bayramov bildirib ki, qlobal neft təklifini gündəlik 101.42 milyon barel olduğunu nəzər alaraq demək olar ki, bir zəng neft ölkələrinin "qara qızıl" satışından gündəlik gəlirinin 811 milyon dollar azalmasına səbəb olub: "Azərbaycanın gündəlik neft ixracatının 798 min barel olduğunu nəzərə alsaq, o zaman son qiymət azalmalarının ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 6.4 milyon dollar azaltdığı aydın olur. Qeyd edək ki, bu mənfəət gəliri deyil, xərclər daxil olmaqla Əməliyyat Şirkətinin payı daxil olmaqla əldə edilən bütün gəlirdir".

İqtisadçının fikrincə, son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır. Bu həmçinin "neft bumunun" bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür.

"Beləliklə, neftin qiyməti məqbul hesab olunsa belə, son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə ilə formalaşdırmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni "şokların təsirlərindən" sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır", – deyə o əlavə edib.

 

Əsas mövzular