15:20 11 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
66 0 0

Vüqar Hüseynov bildirib ki, taxıl biçini zamanı problemlərin yaranamaması üçün mexanizatorlar qarşısında bir sıra tələblər qoyulub

BAKI, 27 may - Sputnik. Həftə sonu Azərbaycanda taxıl biçininə start veriləcək. Kənd Təsərrüfatı Nazirliyi əvvəlki illərdə müşahidə olunmuş kombayn çatışmazlığı hallarını aradan qaldırmaq üçün ciddi tədbirlər görüb. 

Sputnik Azərbaycan xəbər verir ki, Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, taxıl biçini zamanı problemlərin yaranamaması üçün mexanizatorlar qarşısında bir sıra tələblər qoyulub: “Yeni qaydalara əsasən, aqroservislərdən operativ lizinqə verilmiş kombaynlar ilkin mərhələdə 50 hektardan az olan sahələrdə biçinə cəlb oluna bilər. Eyni zamanda mexanizator biçini kombaynı lizinqə götürdüyü rayonun ərazisində aparmalıdır. Həmin rayonda biçin başa çatdıqdan sonra aqroservislər kombaynları tələbat olan digər rayonlara yönləndirəcəklər. Mexanizatorların dislokasiya bölgəsindən kənarda biçin aparmaması üçün kombaynların hərəkətinə GPS cihazları vasitəsilə nəzarət ediləcək. Yəni yeni qaydalara əsasən, Ağsu rayonundakı aqroservisdən lizinqə götürülmüş kombayn ilk mərhələdə həmin rayonun ərazisində biçin aparacaq, başqa rayonlara gedə bilməyəcək. Nazirlik tərəfindən bütün rayonlarda kombayna olan tələbatlar müəyyənləşib və yeni qaydaların tətbiqi biçini itkisiz başa çatdırmağa imkan verir”. 

V.Hüseynov bildirib ki, biçin zamanı kombayn çatışmazlığının səbəbləri təhlil olunub və yeni qaydalar da buna uyğun qəbul edilib: “Əvvəllər mexanizatorlar operativ lizinqə kombayn götürüb, başqa rayonların ərazisində, əsasən də böyük təsərrüfatlarda biçin aparırdı. Bəzən bir rayonun aqroservisindən 10 kombayn lizinqə verilsə belə, biçin zamanı həmin rayonda kombayn tapılmırdı. Yeni qaydaların tətbiqi ilə bu, artıq mümkün olmayacaq. Ölkədə 1 milyon hektardan çox taxıl əkilib, əkinlərin böyük əksəriyyəti 50 hektardan az sahəsi olan təsərrüfatların payına düşür. Biçin zamanı kombayn çatışmazlığı ilə üzləşənlər də əsasən bu cür kiçik təsərrüfatlar olur". 

Onun sözlərinə görə, aqroservislərdəki kombaynlar məhz kiçik təsərrüfatların ərazisində biçin aparmaq üçün nəzərdə tutulub. "Biz böyük təsərrüfatlara tövsiyə etmişik ki, lizinqdəki kombaynların xidmətlərindən istifadə əvəzinə özlərinə texnika alsınlar. Dövlət kənd təsərrüfatı texnikasının satışını subsidiyalaşdırır, indiki şərtlərlə texnikanın 20 faiz dəyəri həcmində ilkin ödəniş etməklə kombayn almaq olar. Qalan məbləğin 40 faizini dövlət ödəyir, 40 faiz isə banklar tərəfindən 5 il müddətinə kreditləşdirilir. Kreditin əsas hissəsini texnika alıcısı, faizlərini isə dövlət ödəyir. Bu cür münasib şərtlər varsa, böyük təsərrüfatların lizinq kombaynlarından istifadə etmək əvəzinə texnika alması daha məqsədəuyğundur. Aqroservislərdəki kombaynlardan daha kiçik sahələrdə əkin aparmış fermerlər yararlanmalıdır”. 

Nazirlik rəsmisi bu il biçin zamanı qiymətlərin necə olacağına da aydınlıq gətirib: “Məsələn ötən il mexanizatorlara hər hektar biçinə görə 30 manat ödəniş müəyyən olunmuşdu. Amma əksər hallarda bu qiymətlərə riayət edilmirdi, mexanizatorlar relyefi, əkin sahəsinin strukturunu, tələbatın çoxluğunu bəhanə gətirərək bir hektarı 40,50, bəzən 70 manata biçirdilər. Bu il isə kombaynları lizinqə götürən mexanizatorlar qarşısında tələb qoyulub ki, bir hektar biçinə görə fermerdən 38 manatdan çox vəsait tələb edə bilməzlər. Yəni, qiymət fermerlə mexanizator arasındakı danışıqdan asılıdır, mexanizator sahəni 30 manata, 32 manata, 35 manata biçə bilər, lakin bu məbləğ heç bir halda 38 manatı keçə bilməz. Mexanizatorların bu qaydalara riayət etməsinə taxıl biçini ilə bağlı yaradılmış operativ qərargahlar tərəfindən ciddi nəzarət olunacaq. Fermerlər bu qaydaları pozan mexanizatorlar barədə operativ qərargahlara, Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edərək məlumat verə bilərlər”. 

V.Hüseynov bildirib ki, taxıl biçini ərəfəsində ölkədə kifayət qədər kombayn mövcuddur: “Bu kombaynların bir hissəsi böyük təsərrüfatların balansıda, bir hissəsi fiziki şəxslərdə, bir hissəsi isə aqroservislərdədir. Mövcud kombaynlar biçini itkisiz aparmağa imkan verir. Sadəcə dislokasiyanın düzgün aparılması, tələbatın düzgün müəyyənləşməsi lazımdır ki, Kənd Təsərrüfatı Nazirliyi də bununla bağlı ciddi işlər görür”.

Əsas mövzular