03:12 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulub

Azərbaycan-İran müştərək zavodunun təməli qoyuldu, 300 iş yeri açılacaq

© AR İN-nin mətbuat xidməti
İQTİSADİYYAT
Qısa URL
193 0 0

Layihənin ümumi dəyəri 10 milyon avrodur: Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır

BAKI, 19 aprel — Sputnik. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti avtobus və yük avtomobilləri istehsalı zavodunun təməlqoyma mərasimində iştirak edib.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zavodda birinci mərhələdə 500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobili istehsal ediləcək. Birinci mərhələdə 100, ikinci mərhələdə isə 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulub
© AR İN-nin mətbuat xidməti
Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulub

Layihənin ümumi dəyəri 10 milyon avrodur. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodun tikintisi Hacıqabul Sənaye Məhəlləsində 5 ha ərazidə həyata keçiriləcək. Müəssisədə Avropa İttifaqı ölkələrinin istehsalı olan avadanlıqlar quraşdırılacaq. Sənaye Məhəlləsində avtobus və yük avtomobilləri istehsalı zavodunun yaradılması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradacaq.

Tədbir iştirakçıları Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. İştirakçılara məlumat verilib ki, Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. 20 hektar ərazidə yaradılmış Sənaye Məhəlləsi 10 min kvadrat metr olan 4 istehsal təyinatlı binadan, 937 kvadrat metr olan inzibati və texniki binalardan ibarətdir.

Hacıqabul Sənaye Məhəlləsinin inzibati binası toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir.

Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Hacıqabul Sənaye Məhəlləsində ümumi dəyəri 60 mln. manatdan çox olan layihələr üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və istehsala hazırlıq işləri aparılır. Sonra Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və İran nümayəndə heyətləri arasında işgüzar görüş keçirilib.

Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulub
© AR İN-nin mətbuat xidməti
Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulub

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı uğurla inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 74%, 2019-cu ilin ilk 2 ayında isə 4,5 dəfə artıb.

Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu tikiləcək. Nazir Şahin Mustafayev iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edərək bu gün təməli qoyulan avtobus və yük avtomobilləri zavodunun növbəti uğurlu birgə layihə olacağına əminliyini vurğulayıb.

İqtisadi əlaqələrin inkişafında sənayenin mühüm rol oynadığını bildirən Şahin Mustafayev sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının tərkibində sənaye üzrə işçi qrupunun yaradılmasının mümkünlüyünü bildirib.

Tədbir çərçivəsində "Azərmaş" ASC ilə İranın "Maral Trailer" arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə "Maral Trailer" şirkəti tərəfindən ilkin mərhələdə distribütor olaraq 1 il ərzində 500 ədəd müxtəlif qoşquların Azərbaycanda satışının təşkili, sonrakı mərhələdə isə bu cür qoşquların Azərbaycanda istehsalı nəzərdə tutulur.

Əlaqədar

İlham Əliyev yeni zavodu işə salıb
Rusiyada kimya zavodunda partlayış baş verib
Azərbaycanda yeni avtomobil zavodunun təməli qoyulub
İrana aid olduğu deyilən raket zavodunun görüntüləri yayılıb
Teqlər:
zavod, məhəllə, sənaye, İran, Azərbaycan

Əsas mövzular