23:26 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Bazar

Ciddi qərar verilib, tezliklə qiymətlərin düşməsi gözlənilir

© Sputnik / Irade JELIL
İQTİSADİYYAT
Qısa URL
3741 0 0

Ekspert: "İndiki məqamda Kənd Təsərrüfatı Nazirliyi digər ölkələrdən kartof, soğan və kələmin idxalını artırmağa çalışmalıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. "Nazirlər Kabinetinin qərarından sonra kartof, soğan və kələm ixrac edənlər bu məhsulları daxili bazara yönəltməyə məcbur olacaqlar. Əlavə ixrac gömrük rüsumları bu məhsulların ixracını bahalaşdırır və xaricdə rəqabət aparmağı çətinləşdirir. 

Bunun nəticəsində yerli istehsalçılar daxili bazara yönələcəklər və yaxın zamanda Azərbaycanda bu məhsulların qiymətinin aşağı düşməsi gözlənilir".

Bunu Sputnik Azərbaycan-a İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Nazirlər Kabinetinin kartof, soğan və kələmin ixracına əlavə rüsum tətbiq etməsini şərh edərkən deyib.

Ekspert bildirib ki, son dövrlərdə xüsusən Türkiyədə soğanın qiyməti bahalaşıb: "Bununla bağlı kənar ölkələrdən, o cümlədən Azərbaycandan Türkiyəyə soğan idxal edilib. Azərbaycanda kartof, soğan və kələmin qiymətində artımlar müşahidə edilirdi. Bu məhsulların qiymətinin qalxması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir. Ona görə də ilk növbədə daxili tələbatı ödəmək üçün bu qərar verilib".

"Qərarda istixana kartofuna istisna müəyyən edilməsi ilə bağlı dəyişikliyin edilməsi mümkündürmü?" sualına ekspert belə cavab verib: "Burada daxili tələbatın ödənilməsi məsələsinə baxılacaq. Əgər daxili bazarın tələbatı bu qərardan sonra əvvəlki yığımlardan olan kartofla ödəniləcəksə, əlavə rüsumun ləğv edilməsi məsələsinə baxıla bilər. Əgər bahalaşma davam edəcəksə, bu qərar qüvvəsində qalacaq. Çünki burada əsas məqsəd odur ki, əhalinin tələbatı ödənilsin və qiymətlər aşağı düşsün. Ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı strategiyası var, çox tələb olunan ərzaq məhsullarının qiyməti həddindən artıq qalxmamalıdır".

İqtisadçı-ekspert Vüqar Bayramov da Sputnik Azərbaycan-a deyib ki, Nazirlər Kabinetinin aprelin 5-də kartof, soğan və kələmin ixracına əlavə rüsum tətbiq etməsinin, habelə soğanın idxalında spesifik rüsumun 31 may tarixinədək ləğv edilməsinin məqsədi ölkədə yetişdirilən bu məhsulların daha çox daxildə istehlak edilməsidir: "Bu addım iş adamlarının sözügedən məhsulları ixrac etməkdə deyil, daxili bazarda satmaqda maraqlı olması məqsədi daşıyır. Əsas məqsəd bu məhsulların qiymətlərinin stabilləşməsinə nail olmaqdır. Günü-gündən kartof, soğan və kələmin qiymətində artımlar müşahidə olunurdu. Kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumu tətbiq edilib".

Onun sözlərinə görə, burada əsas məsələlərdən biri əvvəlki dövrdə bağlanmış ixrac müqavilələri ilə bağlıdır: "Bəzi müqavilələr üzrə məhsulların bir qismi xaricə göndərilib və digər qismi isə göndərilməlidir. Amma ixrac rüsumları kəskin artırıldığı üçün həmin müqavilə qiyməti ilə məhsulların xaricə göndərilməsi mümkün deyil. Ona görə də öncə bağlanmış müqavilələr ilə bağlı istisnalar tətbiq edilə bilər. Çünki nəticə etibarı ilə sahibkar müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilməyəcəksə, ona cərimələr tətbiq ediləcək. Və yaxud sahibkar kimi reputasiyasına ciddi mənfi təsir göstərəcək".

"Hətta mayın 31-dən sonra, yəni iyun ayından etibarən həmin sahibkarlar üçün yenidən ixracatı bərpa etmək kifayət qədər çətin olacaq. Ona görə də istisnaların olması vacibdir. Güman olunur ki, əvvəlki dövrlərdə bağlanmış müqavilələr üzrə istisnalar tətbiq olunacaq"  - deyə o bildirib.

O qeyd edib ki, əslində, son proseslər göstərir ki, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsal edilərkən həm ixrac, həm də daxili tələbatın nəzərə alınmasına ehtiyac var: "İndiki məqamda Kənd Təsərrüfatı Nazirliyi digər ölkələrdən kartof, soğan və kələmin idxalını artırmağa çalışmalıdır. Çünki hazırda yeganə vasitə idxal hesabına qiymətlərin stabilləşməsinə nail olmaqdır. Bu məhsulların idxalı artarsa, qiymətlərin stabilləşməsini müşahidə edə bilərik. Əgər idxalda artım olmasa, yenidən qiymət artımları qaçılmaz olacaq".

Qeyd edək ki, müvafiq qərarla 2019-ci il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkədən 1 kq şalot soğan, ağbaş, qırmızıbaş kələmin ixracına 2 ABŞ dolları gömruk rüsumu tətbiq edilib. Bundan başqa, soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib.

İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında bildirilir ki, atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir. Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək.

Yerli mətbuatın yazdığına görə, bəzi yerli istehsalçıların kartof ixracına əlavə gömrük rüsumu tətbiqinə etiraz edilməsilə əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik ediləcəyi gözlənilir. Məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə sahibkarlar, supermarket və bazar rəhbərlərilə müzakirələr aparılıb. Sonda müvafiq qərarda istixana kartofuna istisna müəyyən edilməsi üçün Nazirlər Kabinetinə müraciət edilməsi qərara alınıb.

Əsas mövzular