15:28 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Əkin

Hələlik ancaq xaricin ümidinə qalmışıq, amma tezliklə onlardan qurtula bilərik

© Sputnik / Vitaly Timkiv
İQTİSADİYYAT
Qısa URL
365 0 0

"Toxumçuluğun inkişafı xaricdən gətirilən toxumların qiymətinin bahalaşmasının qarşısını alacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Azərbaycanda Toxumçular Assosiasiyası yaradılacaq. Kənd Təsərrüfatı Nazirliyi artıq özəl toxumçuluğun mövcud problemlərini aradan qaldırmaq istiqamətində fəaliyyətə başlayıb. Nazirlik özəl toxumçulara texnika və avadanlıqlar alınmasında yardım göstərəcək.

Maraqlıdır, Kənd Təsərrüfatı Nazirliyinin toxumçuluqla bağlı həyata keçirdiyi tədbirlər ölkəmizdə bu sahənin inkişafına nə kimi müsbət təsir göstərəcək?

Sputnik Azərbaycan-ın mövzu ilə bağlı suallarına Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov aydınlıq gətirib.

Ekspert Toxumçular Assosiasiyasının yaradılmasını çox müsbət qiymətləndirib: "Təkcə xaricdən gətirilən toxumlardan istifadə etmək təhlükəsizlik problemi yaradır. Əgər toxumları ancaq xaricdən gətirəcəyiksə, bu, kənd təsərrüfatının iqtisadi göstəricilərinə, ərzaq təhlükəsizliyinə təsir edəcək".

M.İbrahimovun fikrincə, toxumçuluğun inkişaf etdirilməsi Azərbaycanda elmi-tədqiqat işlərinin davam etdirilməsi və tərəqqisinə müsbət təsir edəcək. Yəni toxumçuluğun inkişaf etdirilməsi xaricdən gətirilən toxumların Azərbaycanın aqro-iqlim şəraitinə uyğunlaşdırılması ilə bağlı elmi-tədqiqat işlərinin aparılmasına, yeni sortların yaradılmasına imkan yaradacaq.

Onun sözlərinə görə, ölkədə toxumçuluğun inkişafı, eyni zamanda xaricdən gətirilən toxumların qiymətinin bahalaşmasının qarşısını alacaq: "Bu, Azərbaycanda yerli toxumların saxlanılmasına və daha məhsuldar toxumların yaradılmasına imkan yaradacaq. Həmçinin, xaricdən gətirilən toxumlardan asılılıq azalacaq, ərzaq təhlükəsizliyi problemi həll ediləcək".

Ekspert bildirib ki, dünyada toxumçuluqla məşğul olan bir sıra böyük şirkətlər müəyyən dərəcədə qiymətlərə nəzarət edirlər. Eyni zamanda, həmin şirkətlər bu sahədə yeni texnologiyaların tətbiqi ilə məşğuldurlar. Azərbaycan bu sahədə yeni texnologiyaları idxal edərək tətbiq etsə, toxumçuluğu daha da inkişaf etdirə bilər.

"Bunun üçün də imkanlar mövcuddur. Hazırda regionda kənd təsərrüfatının ən çox inkişafına Azərbaycanda diqqət yetirilir. Bunun da ölkəmizdə toxumçuluğun inkişaf etdirilməsinə çox böyük müsbət təsiri olacaq. Azərbaycanda özəl toxumçuluğun inkişafı ilk növbədə bu sahədə rəqabətin yaradılmasına, formalaşmasına gətirib çıxaracaq" – ekspert bildirib.

O qeyd edib ki, toxum istehsal etmək üçün ilk növbədə yüksək səviyyədə bilik lazımdır: "Özəl toxumçuların bilik və bacarıqlarının artırılması vacibdir. Digər tərəfdən, bu sahə böyük avadanlıq, yəni böyük kapital qoyuluşu tələb etmir. Ancaq bu sahədə gəlirlər yüksəkdir. Toxumçuluq həmişə gəlirli sahə olub".

Ekspertin qənaətincə, bu sahədə kooperasiya sistemi yaradıla bilər: "Başqa sözlə, hər hansı bir fermer təsərrüfatı, əsasən, bitkiçiliklə məşğuldursa, onun toxumçuluqla məşğul olması məsələsi də qalxacaq. Ona görə ki, fermer xaricdən gətirilən toxumdan asılı olmaq istəmir. Çünki burada müəyyən çətinliklər var, dünya bazarında dəyişikliklər olur və s. Təbii olaraq fermer istəyir ki, özünün toxum bazası olsun və bu sahədə risk səviyyəsini aşağı endirsin".

Qeyd edək ki, ölkədə toxum sektorunun, o cümlədən özəl toxumçuluğun inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində özəl toxumçuların bilik və bacarıqlarının artırılması, yeni innovativ metodlarla tanış olması, ilkin toxum təmizləmə avadanlıqlarının alınmasında maliyyə dəstəyi göstərilməsi planlaşdırılır.

Artıq regionlarda özəl toxumçuların texnika və avadanlıqlara olan ehtiyaclarının müəyyənləşdirilməsinə, özəl toxumçuluğun inkişaf etdirilməsində mövcud problemlərin müzakirəsinə başlanıb.

Teqlər:
ərzaq təhlükəsizliyi, təhlükəsizlik, Müslüm İbrahimov, Azərbaycan Dövlət İqtisad Universiteti, Kənd Təsərrüfatı Nazirliyi, Toxumçular Assosiasiyası

Əsas mövzular