04:03 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Biznesmenlər, arxiv şəkli

Biznesə daha bir ciddi dəstək gəldi, amma edilənlər kifayətdirmi?

CC0 / bertholdbrodersen / man
İQTİSADİYYAT
Qısa URL
319 0 0

"İqtisadiyyatın rəqəmsal texnologiyalara keçidi həm biznes proseslərinin sürətlənməsinə, həm də müvafiq dövlət qurumların fəaliyyətinin şəffaflığına təkan verir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Dövlət başçısı iyunun 26-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana görə, mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid "G2B" (dövlət–biznes) elektron reyestri yaradılacaq.

Sputnik Azərbaycan-a danışan, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov son aylarda Azərbaycanda kiçik və orta biznesin inkişafı ilə bağlı çox mühüm addımların atıldığını deyib: "Burada faktiki olaraq kiçik və orta biznesin ölkədə inkişafına cavabdeh olan ayrıca bir qurumun yaradılmasından söhbət gedir. İqtisadiyyatın rəqəmsal texnologiyalara keçidi həm biznes proseslərinin sürətlənməsinə, həm də müvafiq dövlət qurumların fəaliyyətinin şəffaflığına təkan verir. Elektron reyestrə keçid yuxarıda sözügedən iki istiqamətlə bağlıdır".

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
© Official website of President of Azerbaijan Republic

E.Məmmədovun fikrincə, bununla yanaşı, Azərbaycanda qeyri-neft sektorun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar kompleks və sistemli olmalıdır: "İnstitusional baxımdan çox ciddi addımlar atılır. Amma institusional tədbirlərlə yanaşı, pul-kredit siyasəti ilə bağlı və bu siyasətin kiçik və orta biznesə yönəlik seqmenti ilə bağlı ciddi addımlar atılmalıdır. Pul-kredit siyasəti şaxələndirilməli, diferensial formatda həyata keçirilməlidir. Kiçik və orta biznesin maliyyələşməsinə istiqamətlənən pul-kredit seqmentində faiz dərəcələri kəskin şəkildə endirilməlidir".

Ekspert vurğulayıb ki, ümumiyyətlə siyasəti ölkənin pul-kredit seqmentində faiz siyasəti yumşaldılmalıdır: "Bu istiqamətdə müəyyən addımlar atılır, amma burada ardıcıllıq daha fəal şəkildə həyata keçirilməlidir. Pul-kredit siyasəti ölkədə yumşaldılmalıdır. Ən mühüm məqamlardan biri pul-kredit siyasətinin məhz kiçik və orta bizneslə bağlı olan sahəsidir. Bu siyasətin kiçik və orta biznesdə yumşaldılması iqtisadiyyatın strukturunda kiçik və orta biznesin xüsusi çəkisinin orta müddətli perspektivdə 30-35 faizə çatdırılmasına səbəb olar. Bu da yaxın və orta müddətli perspektiv üçün optimal rəqəm hesab oluna bilər".

"Bundan əlavə, büdcə, vergi, fiskal siyasətdə sistemli addımlar atılmalıdır. Bu addımlar ilk növbədə ölkədə hüquqi şəxslərə yönəlmiş vergi yükünün kəskin azaldılmasından ibarət olmalıdır. Burada kiçik və orta biznesin vergi yükündən azad edilməsi də çox mühüm rol oynamalıdır. Bu istiqamətdə də müəyyən addımlar atılır" — professor deyib.

Elşad Məmmədov onu da qeyd edib ki, kiçik və orta sahibkarlıq subyektləri üçün əlavə dəyər vergisindən sadələşdirilmiş vergiyə keçid imkanları yaradılır. Ancaq bu sahədə işlər davam etdirilməlidir: "Vergi yükünün ölkənin real sektorunun inkişafına mane olmaması üçün vergi yükün optimallaşdırılmasına, azaldılmasına ciddi şəkildə ehtiyac var".

"Bununla yanaşı, xarici iqtisadiyyat sferasında, xarici ticarətdə yerli sahibkarlığın, ilk növbədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş addımlar atılmalıdır. Sənaye siyasətində də bu addımlar öz əksini tapmalıdır. Beynəlxalq təcrübədə dövlətin kiçik və orta sahibkarlığa dəstəyi iqtisadiyyatın dinamik trendlərlə inkişafına çox ciddi dəstək olur” – deyə professor fikrini bitirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə də deyib ki, kiçik və orta sahibkarlıq ABŞ başda olmaqla bazar iqtisadiyyatı ölkələrində prioritet sahədir: "Kiçik və orta sahibkarlıq orta təbəqə deməkdir və iqtisadiyyatın dinamikliyini təmin edir. Azərbaycanda da bəzi qurumlar bu işlə məşğul olublar, sadəcə indiyədək bu sahədə ixtisaslaşmış təşkilat Sahibkarlığa Kömək Milli Fondu olub. Bu, əsasən maliyyələşməni həyata keçirib".

E.Bağırzadə onu da qeyd edib ki, kiçik və orta sahibkarlığın problemi təkcə maliyyələşmə ilə bağlı deyil: "Onların fəaliyyətinin müasir standartlar çərçivəsində qurulması, ixrac, texnoloji dəstək və s. ilə bağlı problemlər var və bütün ölkələrdə aktualdır. Agentliyin yaradılması Azərbaycanın bu sahədə vahid və kompleks siyasət həyata keçirməsinə gətirib çıxaracaq".

"Eyni zamanda elektron reyestrin yaradılması çox önəmlidir. Biz hələ Azərbaycanda kiçik və orta sahibkarların kimlər olduğunu tam şəkildə dəqiq müəyyənləşdirə bilməmişik. İlk növbədə bunların reyestrinin formalaşdırılması lazımdır ki, bunlar tanınsın və həmin istiqamətdə də daha effektli dövlət siyasəti qurula bilsin" — o vurğulayıb.

Teqlər:
dəyərləndirmə, UNEC, dövlət başçısı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

Əsas mövzular