12:39 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Əmək haqqı

Əmək haqlarımızın artması üçün ciddi zəmin yarandı, bəs artım olacaqmı?

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
78420

"Büdcədə neftin baza qiymətinin 10 dollar artırılması maaş artımı üçün zəmin yarada bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. 2018-ci ilin dövlət büdcəsində neftin baza qiyməti artırılıb. Cari ilin dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 dollar artırılaraq 55 dollara çatdırılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
© Foto : UNEC-in mətbuat xidməti
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, büdcədə neftin baza qiymətinin 10 dollar artırılması kifayət qədər real göstəricidir: "Dünyada neft bazarı ilə bağlı proqnozlar göstərir ki, ilin sonunadək neftin qiymətinin 60 dollardan aşağı düşməsi ehtimalı çox azdır. Amma dünya bazarı da sürprizlərdən xali deyil, hər zaman müəyyən sürprizlər ola bilər".

İqtisadçının fikrincə, amma bütövlükdə qiymətləndirəndə büdcədə belə bir dəyişikliyə gedilməsi ciddi bir problem yarada bilməz: "Artıq ilin ortasıdır. İlin sonunadək neftin qiymətinin 60 dolların üzərində qalması gözlənilir. Bu baxımdan bir problemin olacağını düşünmürəm. Ümumilikdə, bu, dövlət büdcəsinin gəlir və xərclərinin artması deməkdir".

"Sual olunur ki, Dövlət Neft Fondundan büdcəyə daxil olacaq gəlirlər hansı istiqamətlərə xərclənəcək. Heç şübhəsiz ki, bunun müxtəlif sosial layihələrə, eyni zamanda investisiya layihələrinə yönləndirilməsi nəzərdə tutulub. Bütövlükdə, düşünürəm ki, genişlənən büdcə ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatının daha da canlanmasına gətirib çıxaracaq. Bu canlanma həm əhalinin həyat səviyyəsində özünü göstərəcək, həm də ölkədə işgüzar mühitə təsir edəcək" — deyə E.Bağırzadə vurğulayıb.

Büdcədə neftin baza qiymətinin 10 dollar artırılmasının maaşlara təsirinə gəlincə isə, ekspert bildirib ki, bu, özəl sektorda maaşlara təsir göstərə bilər: "Eyni zamanda, dövlət sektorunda maaşların artırılması üçün müəyyən zəmin yarada bilər".

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a şərhində bu addımın gözlənilən olduğunu deyib: "Neftin hazırkı qiyməti büdcədə neftin baza qiymətinin 10 dollar artırılması üçün imkan yaradır. Hökumət bu məsələdə yenə ehtiyatlı davranır. Böyük ehtimalla, 2018-ci ildə neftin orta qiyməti 65 ABŞ dollarından aşağı olmayacaq. İstənilən halda, büdcənin neft sektorundan daxilolmalarında artım olacaq, xüsusilə vergi ödənişləri istiqamətindən olacaq. Ola bilsin, Neft Fondundan büdcəyə transferlərin həcminə də korreksiyalar edilsin və burada da müəyyən vəsaitlər artırılsın".

Ancaq ekspert düşünmür ki, büdcə xərclərinin artırılması əhalinin gəlirlərinə və sosial təminatına yönəldilsin: "Zənnimcə, bu, böyük ehtimalla baş verməyəcək. Çünki 2018-ci ildə prezident seçkilərindən əvvəl artıq dövlət sektorunda çalışanların böyük əksəriyyətinin əmək haqlarına artımlar edilib".

"Əmək pensiyalarının indeksləşdirilməsi də başa çatıb. Yeni artımların edilməsi gözlənilən deyil. Yəni istənilən halda bu artımlar birbaşa olaraq əmək haqqının ödənişi və sosial müavinətlər iqtsadi təsnifatı üzrə deyil, digər istiqamətlər üzrə büdcə xərcləmələrinə yönəldiləcək" — iqtisadçı vurğulayıb.

Əlaqədar

Cari ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi
Gözlənilən büdcə kəsirimizin məbləği açıqlanıb
Əhalinin rifahının yüksəldilməsi üçün büdcə xərcləri 2 milyard manat artırılır
Dövlət büdcəsinin icrası təsdiqləndi, kəsir 1 milyard manatdır
Büdcə təşkilatlarının işçilərinə şad xəbər: Əmək haqqı...
Teqlər:
əmək haqları, Rəşad Həsənov, Sputnik Azərbaycan, Elşən Bağırzadə, dövlət büdcəsi, barel, ekspert, iqtisadçı, qiymət, neft

Əsas mövzular