19:25 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İQTİSADİYYAT
Qısa URL
663 0 0

"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

BAKI, 18 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinə üçüncü oxunuşda baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu qanun layihəsi Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. 

Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar Azad Zonadan əsas iqtisadiyyata və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə, bu cür mallara əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər. 

Президент Азербайджана Ильхам Алиев
© Official website of President of Azerbaijan Republic

Azad Zonada Azərbaycan dili ilə yanaşı işçi dil kimi İngilis dili, zərurət yarandıqda başqa dillər də işlədilə bilər. Sənədlərdən və ya rabitə vasitələrindən istifadə zamanı dil baxımından şərh uyğunsuzluğu yarandıqda, tərəflərin razılaşmasında nəzərdə tutulan dildəki mətn üstünlük təşkil edir.

Azad Zona ərazisi dedikdə Azad Zonanın yaradılması və fəaliyyəti məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ərazi nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

Əlaqədar

Avrasiya İqtisadi İttifaqı və İran azad ticarət zonası yaradır
Azərbaycanı real iqtisadi artım gözləyir: Nüfuzlu beynəlxalq qurumdan proqnoz
Politoloq: “Türkiyə ilə iqtisadi əməkdaşlıq siyasi birliyimizi gücləndirir”
Politoloq: “Türkiyədə erkən seçkilər iqtisadi amillərlə bağlıdır”

Əsas mövzular