12:39 25 Aprel 2018
Canlı yayım
Goranboy rayonu Borsunlu kənd sakini Ələddin Abbasov

Vətəndaşların diqqətinə: Az xərclə çox gəlir gətirəcək təklif var

© Sputnik / İlham Mustafa
İQTİSADİYYAT
Qısa URL
652 0 0

"Ötən il tək bizim kənddə 400 hektara iki, hətta 3 dəfə pambıq çiyidi səpildi"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Son illər ölkəmizdə pambıqçılıq təsərrüfatı genişlənərək inkişaf etməkdədir. Həm xaricdən valyuta axınına, həm də işsizliyin aradan qaldırılmasına yönələn "ağ qızıl" istehsalında ildən-ilə əkin yerlərinin artması müşahidə olunur.

Lakin, bəzən istehsala qeyri-peşəkar şəxslərin cəlb olunması çəkilən əziyyətin artmasına, məhsuldarlığın isə azalmasına səbəb olur. Analoji hallardan qaçmaq üçün uzun illər bu sahədə işləmiş, pambıqçılıq üzrə ixtisaslaşmış mütəxəssislərin məsləhətinə çox ehtiyac duyulur.

Təcrübəli mexanizator icad etdiyi yeni üsul vasitəsilə əkin aparıldıqdan çox az müddət sonra sahələrdə pambığın cücərməsinə təminat verir
© Sputnik / İlham Mustafa
Təcrübəli mexanizator icad etdiyi yeni üsul vasitəsilə əkin aparıldıqdan çox az müddət sonra sahələrdə pambığın cücərməsinə təminat verir

Məhz belə mütəxəssislərdən biri Goranboy rayonunun Borsunlu kənd sakini Ələddin Abbasovdur.

Hələ sovetlər dövründən sovxozda işləyərək bir çox səmərəli təkliflər müəllifi olan təcrübəli mexanizator, "ağ qızıl" istehsalını daha gəlirli etmək üçün fikirləşdiyi maraqlı üsulu Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlayıb.

Mexanizator deyir ki, ötən il rayon ərazisində əkilən bir çox sahələrdə pambıq cücərmədiyindən iki, bəzilərində hətta üç dəfə çiyid səpini olub. Belə olan təqdirdə isə, pambığın yığımı gecikir və məhsuldarlığı azalır. Çünki yaz aylarında böyüməli olan pambıq kolu isti yaya düşür və inkişaf zəif gedir. Nəticədə onun yığımı da gecikir, oktyabrda yığılmalı olduğu halda, dekabradək uzanır.

"Pambığın çiyidi, havadan asılı olaraq 5-20 aprel aralığında səpilir. Səpindən 1 ay əvvəl isə sahə əkinə yararlı vəziyyətə gətirilir. 3-4 gün əvvəl dırmıqlanaraq düzəldilir. Bu zaman torpağın çiyid səpilməli olan üst qatı, altından fərqli olaraq quruyur və nəmliyini itirir. Belə olan halda da quru torpağa səpilən çiyid, demək olar ki, cücərmir", — deyə bildirir həmsöhbətimiz.

Təcrübəli mexanizator iddia edir ki, icad etdiyi yeni üsul əkin dən çox az müddət sonra sahələrdə pambığın cücərməsinə təminat verir. Vurğulayır ki, bu yolla itkiləri minimuma endirərək, istehsalda 100%-lik nəticə əldə etmək mümkündür.

Goranboy rayonu Borsunlu kəndində əkin sahəsi
© Sputnik / Elnur Salayev
Goranboy rayonu Borsunlu kəndində əkin sahəsi

O söyləyir ki, çox sadə olan bu üsulla işin keyfiyyətini çox yüksəltmək olar: "Toxumsəpən traktorun yanlarına su çənləri quraşdırılır. Su çənləri borular vasitəsilə toxumsəpənlə birləşdirilir. Belədə çiyid torpağa düşdükcə üzərinə az miqdarda su axır və nəticədə çiyidin 5-7 gün ərzində cücərməsinə səbəb olur".

Ə.Abbasov pambıq çiyidinin yerə səpiləndən sonra sulanmasını da məqbul saymır. Onun sözlərinə görə, çiyid səpildikdən sonra suvarıldıqda alaq otları pambıqdan daha tez boy atır. Bu da yenə əkinin gecikməsinə və artıq əziyyətə səbəb olur.

Bu üsulun ən optimal variant olduğunu bildirən mexanizator təklifinin geniş tətbiqinin imkanı xaricində olduğunu deyir. Lakin bu üsulla səpin edib məhsuldarlığı artırmaq istəyənlərə canla-başla yardım edəcəyini bildirir.

"Ötən il tək bizim kənddə 400 hektar sahəyə ikinci dəfə çiyid səpildi. Hətta 3 dəfə səpilən yerlər də oldu. Məhsul yığımı dekabradək uzandı. Çox yer seyrək olmuşdu deyə ancaq əllə yığmaq mümkün oldu. Amma mənim dediyim üsulla uzağı 400-500 manat xərclə xeyli qənaət etmək və gəlir götürmək mümkündür", — deyir Ələddin Abbasov.

Əlaqədar

Goranboyda pambıqçıları daşıyan avtobus körpüdən aşıb, xeyli yaralı var
Deputat: “Pambıqçılıq ağır zəhmət tələb etsə də, vacibdir”
Pambıqçılar öz haqlarını ala bilmirlər
Azərbaycanda 88 min tondan çox pambıq tədarük edilib
Teqlər:
Ələddin Abbasov, pambıqçılıq, Goranboy rayonu, təsərrüfat, ağ qızıl, inkişaf

Əsas mövzular