Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanda pul-kredit siyasətinin yumşaldılması təklif olunur

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması bu sahənin tərəqqisinə təkan verməlidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. Dövlət başçısı 2017-ci il dekabrın 28-də "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" yaradılıb.

Məmur yoxlaması. Arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda yeni sahibkarlıq növü yaradılır

"Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən "Kiçik və orta sahibkarlıq evi" yaradılacaq və onların fəaliyyəti "ASAN xidmət" mərkəzləri, "ASAN xidmət" mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında kiçik və orta biznesin inkişafının hər bir ölkədə ən aktual məsələlərdən biri olduğunu deyib: "Əsasən də iqtisadi proseslərin canlandırılmasına, stimullaşdırılmasına doğru istiqamətlənmiş iqtisadi islahatlar həyata keçirilən zaman bu, ən aktual məsələlərdəndir. Təəssüf ki, ölkədə kiçik və orta biznesin xüsusi çəkisi iqtisadi proseslərdə hələ arzuolunan səviyyədə deyil. Ona görə də institusional baxımdan belə bir qurumun yaradılması təqdirəlayiqdir".

© Photo : ŞƏXSİ ARXİVAzərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov  - Sputnik Azərbaycan
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov

Professor hesab edir ki, institusional baxımdan belə bir qurumun yaradılması Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına təkan verməlidir: "Lakin bununla belə, hazırkı şəraitdə ölkədə kiçik və orta biznesin inkişafı istiqamətində institusional addımlardan başqa digər makroiqtisadi tənzimləmə addımları da atılmalıdır. Bu, ilk növbədə Azərbaycanda həyata keçirilən pul-kredit siyasəti ilə bağlıdır".

"Yəni kredit təşkilatlarının, ilk növbədə bankların kiçik və orta sahibkarlıq sferasına, ümumilikdə qeyri-neft real sektoruna dəstəyi və bu istiqamətlərə maliyyə resurslarının yönləndirilməsi ilə bağlı ciddi addımlar atılmalıdır" — müsahibimiz bildirib.

E.Məmmdov keçən il ölkədə Kredit Zəmanət Fondunun yaradıldığını da xatırladıb: "Bu da bu istiqamətdə atılan addımlardan biridir. Lakin hesab edirəm ki, ilk növbədə ölkədə pul-kredit siyasətinin yumşaldılması, Mərkəzi Bankın uçot dərəcəsinin aşağı salınması və kommersiya banklarının həm passivlərinin, həm də aktivlərinin strukturunda ciddi islahatlar aparılmalıdır. Bu istiqamətdə ölkənin aidiyyəti tənzimləyici orqanları məqsədyönlü, ardıcıl tədbirlər görməlidirlər".

Ekspertin fikrincə, kommersiya banklarının passivlərinə nəzər salsaq, görə bilərik ki, burada xarici öhdəliklərin xüsusi çəkisi kifayət qədər böyükdür: "Mərkəzi Bankın qısamüddətli perspektivdə atdığı addımlar ilk növbədə bu istiqamətdə ciddi dəyişikliklərə nail olmaqdan ibarət olmalıdır ki, ölkənin kredit təşkilatları kredit resurslarına müraciət etdikdə ilk növbədə ölkə daxili resurslara istiqamətlənməlidirlər. Aktivlərə nəzər salsaq, təəssüf ki, yenə də istehlak krediti və bu tip digər kredit növləri kommersiya banklarının aktivlərində çox ciddi xüsusi çəkiyə malikdir".

"Qısamüddətli perspektivdə ölkənin tənzimləyici qurumları kommersiya banklarının aktivlərində məhz real sektora, o cümlədən ilk növbədə kiçik və orta biznesin kreditləşməsinə yönəlik tədbirlər görməlidir. Tənzimləyici addımların atılması üçün ölkənin aidiyyəti institusional qurumlarında kifayət qədər alətlər var ki, kiçik və orta biznes əlçatan kredit resurslarına çıxış əldə edə bilsin. İlk növbədə kiçik və orta biznesin Azərbaycanda inkişafı biznesin bu seqmentlərinin məhz kredit resurslarına çıxışından asılı olacaq" — Məmmədov vurğulayıb.

Qeyd edək ki, fərmana əsasən, Agentlikdə Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq. Agentliyin Müşahidə Şurası iqtisadiyyat nazirindən, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılır.

Xəbər lenti
0