01:29 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
182 0 0

"Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq"

BAKI, 29 dekabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda deyilir:

"Yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Tədiyyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib və inflyasiya gözləntiləri nisbətən səngiyib.

Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olub. Mərkəzi Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirib, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənib.

Ölkədə makroiqtisadi sabitliyi möhkəmləndirmək və dayanıqlı iqtisadi artıma nailolmaq ortamüddətli makroiqtisadi siyasətin başlıca prioritetidir. Bu prioritetin reallaşdırılması sıx koordinasiya olunmuş makroiqtisadi çərçivə və gözləntiləri effektiv idarə edən pul siyasəti rejimi vasitəsi ilə mümkündür. Bütövlükdə, formalaşdırılan yeni makroiqtisadi sabitlik və inkişaf platforması iqtisadiyyatı xarici və daxili şoklardan effektli qorumağa imkan verməklə milli iqtisadiyyatın yüksək artım trayektoriyasına qayıtmasını təmin edəcək.

Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib. Çevik məzənnə rejimi şəraitində II rübdən sonra milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub.

Manatın əhəmiyyətli möhkəmlənməsi bir sıra mikro və makro risklərin reallaşmasına yol aça bilərdi. Valyuta bazarında təklifin tələbi üstələməsi, büdcəyə valyuta transfertlərinin reallaşması ilə bağlı çətinliklər şəraitində fiskal sektorun likvidliyə olan tələbatı pul bazasının artımına və monetar şəraitə təsir göstərən əsas amil olub. 2017-ci ilin 11 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 10,5% artıb.

2018-ci ildə pul siyasəti hədəflərinə nail olmaq üçün Azərbaycan Mərkəzi Bankı sərəncamındakı maliyyə alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək. AMB banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaq. Alətlərdən istifadə bank sistemindəki likvidlik vəziyyətindən asılı olacaq. Struktur likvidlik profisiti olduğu təqdirdə Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə portfeli genişlənə bilər.

Siyasət qərarları qəbul edilərkən pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə alınacaq, qərarlar qabaqlayıcı rejimdə qəbul ediləcək. Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcək. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametrlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcək. Beləliklə, hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq.

Makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi, bu əsasda sürətli və inklüziv iqtisadi artıma nail olunması ortamüddətli dövrdə qarşıda duran başlıca vəzifədir. Ortamüddətli dövrdə makroiqtisadi siyasət ilk növbədə makroiqtisadi sabitliyin başlıca göstəricisi olan aşağı inflyasiyaya yönələcək. Aşağı və proqnozlaşdırıla bilən inflyasiya qeyri-müəyyənlikləri aradan qaldırır, ev təsərrüfatları və müəssisələrə yığım və investisiyalara dair qərarları daha uzun planlaşdırma horizontunda qəbul etməyə imkan verir.

Bu səbəbdən AMB orta və uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini optimal pul siyasəti rejimi olaraq görür. Bu rejimə keçid şərtlərinin realizasiyası istiqamətində işlər davam etdiriləcək.

Proqnozlaşdırılan neft qiymətləri ilə (45 ABŞ dolları) 2018-ci ildə tədiyyə balansının cari əməliyyatlar hesabında profisitin olacağı gözlənilir. İdxalın əvəzlənməsi və ixracın stimullaşdırılması istiqamətində qəbul edilmiş qərarların cari əməliyyatlar hesabına müsbət təsiri növbəti ildə və ortamüddətli perspektivdə də davam edəcək. Kapital və maliyyənin hərəkətinə isə əsasən iri enerji layihələrinin reallaşdırılması ilə bağlı kapital axınları təsir edəcək.

Ümumilikdə qiymətləndirmələrə əsasən, proqnozlaşdırılan tədiyyə balansı və Azərbaycan Dövlət Neft Fondunun transfertlərinin həcmi 2018-ci ildə valyuta bazarında stabilliyi təmin etməlidir. Manatın məzənnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır. Valyuta bazarının uzunmüddətli sabitliyi üçün tətbiq edilən valyuta nəzarətinin optimallaşdırılması da mühüm əhəmiyyətə malikdir.

Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcək. Bunun üçün AMB adekvat monetar şəraitin formalaşmasını təmin edəcək.

2018-ci ildə faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcək. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək.

Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədi ilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər".

Əlaqədar

Məmmədov: “Mərkəzi Bankın uçot dərəcəsi yüksəkdir”
Mərkəzi Bank dolları bahalaşdırdı
Mərkəzi Bank qərarını açıqladı
Manatdan xarici valyutalar qarşısında dirəniş
FED-in artım qərarı və manatın müəmmalı taleyi
Teqlər:
AMB, iqtisadi artım, məzənnə, Azərbaycan Mərkəzi Bankı, pul, makroiqtisadi siyasət, tədiyyə balansı, valyuta, siyasət, rejim, bəyanat, manat

Əsas mövzular