22:39 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
395 0 0

Kimlərinsə maraqlarının lobbiçiliyini edərək ölkədə UBER xidmətlərin yaşamasını təmin etməkdənsə, yerli şirkətlərin sağ qalmasını hədəf seçmək lazımdır

BAKI, 10 dekabr — Sputnik. "Azərbaycanda fəaliyyət göstərən elektron taksi xidmətləri firmalarının nağdsız hesablaşmalar zamanı 18%-lik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilməsi Azərbaycan bazarında ədalətli rəqabətin yaradılması istiqamətində addımdır". Bunu Sputnik Azərbaycan-a maliyyə bazarındakı məlumatlı mənbə bildirib.

ƏDV Azərbaycanda elektron ticarət formasında taksi xidməti göstərən xarici firmalara şamil ediləcək. Bu barədə AR Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinə istinadla xəbər verir.

Mərkəz bildirib ki, son günlər kütləvi informasiya vasitələrində ölkə ərazisində göstərilən taksi xidmətlərinə görə 18 faiz dərəcə ilə əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı məlumatlar yer alıb. Bununla əlaqədar Vergilər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasında qanuni əsaslarla fəaliyyət göstərən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri sərnişin daşıma xidmətləri ƏDV-yə cəlb olunmayan xidmətlərdir və bu xidmətlərin istehlakçısı olan vətəndaşlar taksi xidmətlərinin dəyərini ödəyərkən həmin məbləğə ƏDV daxil edilmir.

1 yanvar 2017-ci il tarixdən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, yalnız Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin elektron ticarət qaydasında təqdim etdiyi iş və xidmətlərə görə, vergi orqanında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən qeyri-rezidentə aparılan ödəmələrdən ƏDV tutulur.

"Qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri vasitəsilə, o cümlədən mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin (UBER, Taxify və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlər 1 yanvar 2017-ci il tarixdən ƏDV-yə cəlb edilir. Ölkə ərazisində taksi xidmətlərinin təşkili ilə bağlı həmin xarici şirkətlərin göstərdikləri xidmətlərinin dəyəri ƏDV daxil olmaqla formalaşan dəyərdən ibarət olduğundan bu xarici şirkətlərə pul köçürülərkən həmin məbləğlərə ƏDV də daxil edilir" — deyə nazirlik bildirir.

Bununla yanaşı, nazirlik qeyd edir ki, dövlət vergi orqanlarında qeydiyyata alınaraq ölkə ərazisində qanuni əsaslarla sərnişindaşıma fəaliyyətini həyata keçirən yerli hüquqi və fiziki şəxslərin, habelə xarici şirkətlərin Azərbaycan Respublikasındakı nümayəndəliklərinin göstərdikləri taksi xidmətlərinin müqabilində müştərilər tərəfindən istər nağd qaydada, istərsə də ödəniş kartları vasitəsilə həmin şəxslərə ödənilən xidmət haqlarına görə ƏDV tutulmur.

Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, 2017-ci ilin yanvarında qüvvəyə minən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, elektron ticarətlə (e-ticarət) məşğul olan bütün şirkətlər ƏDV ödəməyə başlayıblar.

"Bununla belə, banklarda və prosessinq mərkəzlərində zəruri proqram təminatlarının olmaması səbəbindən, ilk növbədə UBER-ə münasibətdə elektron ticarətə vergilərin tətbiqi mümkün olmayıb" — deyə ekspert bildirib.

Məsələ ondadır ki, sözügedən taksi xidməti şirkətləri, əgər artıq adını çəkdiyimiz şirkəti nümunə olaraq götürsək, ödənilmiş gediş haqqını Azərbaycan xaricində açılan xüsusi hesaba köçürürlər.

"Onlar ölkəyə heç bir sərmayə qoymadan, heç bir haqq ödəmədən, avtomobillərə pul köçürmədən və ya sürücülərə maaş ödəmədən, sadəcə pul alırlar və öz hesablarına köçürürlər" — deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, UBER şirkətinə dəfələrlə Azərbaycanda öz ofisini açmaq və öz fəaliyyətini ümumi qaydada həyata keçirmək təklif edilib. Məsələ ondadır ki, Azərbaycanda analoji sxem üzrə işləyən digər taksi xidmətləri ofislərin saxlanılması, çağrı mərkəzində çalışan işçilərə sosial ödənişlər etmək və s. üçün vəsait ayırırlar.

"Biz bununla əlaqədar olaraq dəfələrlə maliyyə xidmətinin ünvanına iradlarımızı bildirmişik ki, kimlərinsə maraqlarının lobbiçiliyini edərək ölkədə UBER xidmətlərin yaşamasını təmin etməkdənsə, yerli şirkətlərin sağ qalmasını hədəf seçmək lazımdır" — deyə etibarlı mənbə bildirib.

Yeri gəlmişkən, UBER-in taksi xidmətləri təklif etdiyi ölkələrdə öz ofislərini açmaması ona gətirib çıxarıb ki, hətta bir sıra aparıcı ölkələrin yerli hakimiyyətləri həmin şirkətin mövcud qanunvericiliyə məhəl qoymadığını əsas gətirərək onun xidmətinin işini məhdudlaşdırmaq istiqamətində tədbirlər görməli olub.

Burada onu da xatırlatmaq yerinə düşər ki, bir çox ölkələrdə sözügedən taksi şirkətlərinin bu cür fəaliyyəti adi taksi sürücüləri tərəfindən etirazlar doğurub (və ola bilsin ki, bu etirazlar davam etsin). Çili, Xorvatiya, Argentina, Çexiya, İspaniya, Polşa kimi ölkələrdə artıq UBER həddən artıq əlverişsiz xidmət kimi qəbul edilib.

"Biz bu şirkətin xidmət siyasətinə müdaxilə etməyə hazırlaşmırıq. Sadəcə banklarla görüşlər keçiririk ki, taksi xidmətlərini müştərilərlə nağdsız hesablaşmalar hesabına 18% ƏDV ödənilməsinə cəlb etmək üçün təmənnasız texniki xidmət işinin sürətləndirilməsinə nail olaq" — deyə dövlət xidmətçisi bildirib.

Ekspert hesab edir ki, 11 aylıq gecikmə ilə baş versə də, ƏDV-nin tətbiqi qanunvericiliyə uyğun olacaq. "Nağdsız hesablaşmalarda ƏDV-nin tətbiqi nağd ödəniş forması üçün bir üstünlük yaratmır. Çünki taksi sürücüləri bundan sonra ölkə xaricində olduğu kimi, müştəridən aldıqları pulu birbaşa şirkətin hesabına köçürməlidirlər, sonra da köçürmə haqqı ilə yanaşı ƏDV də avtomatik olaraq tutulacaq" — deyə məlumatlı mənbə bildirib.
Şirkətin bundan sonrakı siyasətində dəyişikliklər edib-etməyəcəyinə, yəni hazırkı tarifləri saxlayıb-saxlamayacağı, yaxud xidmətin qiymətlərini qaldırıb-qaldırmayacağına dövlət strukturları müdaxilə etməyə hazırlaşmır. Çünki bu, kommersiya strukturunun şəxsi işidir.

"Əsas məsələ odur ki, şirkət dövlətə vergi ödəsin və bazar iştirakçılarının öz bizneslərini bərabər şərtlər daxilində həyata keçirməyə şərait yaransın" — deyə həmsöhbətimiz əlavə edib.

AR Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, 2017-ci ilin oktyabr ayının əvvəllərinə olan göstəricilərə əsasən Azərbaycanda 31 bank fəaliyyət göstərir. Onlardan ikisi dövlət, 16-sı isə xarici kapital əsasında fəaliyyət göstərir.

2017-ci ildə Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7,645 milyard manat vəsaitlərin daxil olacağı proqnozlaşdırılır.

2016-cı ildə dövlət büdcəsinə vergilərdən daxilolmaların miqdarı 7,015 milyard manat olub. 2015-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 7,118 milyard manat, 2014-cü ildə 7,114 milyard manat, 2013-cü ildə isə 6,663 milyard manat daxil olub.

Əlaqədar

Bakıda taksilər yeni ödəniş sisteminə keçdi
Bakıdakı taksi şirkəti sərnişinləri narahat edən məsələyə aydınlıq gətirdi
Bakıda fəaliyyət göstərən şirkət uçan taksi xidmətinə başlayacaq
Taksi sürücüləri nə qədər qazanır və müştəriyə nə qazandıra bilirlər?
Paytaxt rəhbərliyi məşhur taksi şirkətinin lisenziyasını ləğv edir
Teqlər:
qeyri-rezident, "Taxify", elektron ticarət, "Uber", ƏDV, taksi, rəqabət

Əsas mövzular