Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Fermer onu 40 gün yetişdirib, bir il qazancından bəhrələnə bilər”

© REUTERS / Alessandro BIANCHIBarama
Barama - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Baramaçılıq elə bir təsərrüfatdır ki, burada böyük ərazilərə, sahələrə ehtiyac yoxdur. Hər bir kəndli öz anbarında, evlərin zirzəmisində barama saxlaya bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Noyabrın 27-də prezident İlham Əliyev "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə hər il müvafiq olaraq dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Kənd Təsərrüfatı Nazirliyi isə İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Proqramın icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat verməlidir.

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, burada məqsəd baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsidir: "1 ton barama 20 ton pambığa bərabərdir. Burada baramaçılığın nə qədər sərfəli olması görünür. Kəndlərdə işsizlik aradan qalxacaq. Baramaçılıq elə bir təsərrüfatıdır ki, burada böyük ərazilərə, sahələrə ehtiyac yoxdur. Hər bir kəndli öz anbarında, evlərin zirzəmisində barama saxlaya bilər". 

Stəkanda süd - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bu ölkənin kənd təsərrüfatı kooperativlərdən asılıdır

Onun sözlərinə görə, baramaçılığın tərəqqisi ekologiyanın inkişafına gətirib çıxaracaq: "Barama istehsal olunması üçün tut ağacları lazımdır. Dövlət Proqramında tut ağaclarının əkilməsi nəzərdə tutulub. Artıq keçən ildən bu işlərə başlanılıb. Kürdəmirdə kəndlilərə tut tingləri və barama qurdları paylanılıb və bu proses başlayıb".

Onun fikrincə, şəhər qırağı magistral yolların kənarında tut ağacları əkilə bilər: "Bundan başqa, su kanallarının ətrafında tut ağacları əkilə bilər. Məsələn, Samur-Abşeron su kanalı ətrafında. Tut ağacları əkilsə, həm ekoloji tarazlıq qorunar, həm də həmin ərazilərdə yaşayan insanlar baramaçılıqla məşğul ola bilərlər. Baramaçılıq üçün əsasən Aran zonası əlverişli sayılır. Quba-Xaçmaz zonasında da su kanallarının ətrafında olan kəndlərdə bu işlə məşğul olmaq olar. Gələcəkdə kəndlilər bundan gəlir əldə etdikdən sonra bunu böyük təsərrüfatlara çevirə bilərlər".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" önəmlidir: "Baramaçılıq və ipəkçilik ölkə üçün lazımlı sahələrdən biridir. Çünki biz ipək materiallarını başqa ölkələrdən idxal edirik. Vaxtında Azərbaycanın özünəməxsus güclü bir ipək sənayesi var idi. Ordubadda, Xankəndində, Şəkidə böyük ipək fabrikləri fəaliyyət göstərirdi. İstehsal olunan məhsulların da xeyli hissəsi ölkədən kənara göndərilirdi. Azərbaycan xalqının bu sahəyə marağı da var. Bölgələrin əksəriyyətində tut bağlarının salınması üçün lazım olan iqlim şəraiti var".

"Baramaçılığın üstünlüyü odur ki, fermer 40 gün ərzində gördüyü işdən gəlir əldə edir. Ölkənin ipək məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə bilər. Gələcəkdə bu sahədə ixracatda önəmli rol oynaya bilərik" – deyə o bildirib. 

Продажа мяса в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kənd təsərrüfatı nazirindən ətin qiymətilə bağlı qəribə açıqlama

Qeyd edək ki, "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nda Azərbaycanda yaş barama istehsalının həcminin 2025-ci ilədək 6 min tona çatdırılması nəzərdə tutulur. İpək istehsalı və ixracını stimullaşdırmaq üçün bununla məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi nəzərdə tutulub.

Proqram çərçivəsində 2018-2020-ci illərdə tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələrinin, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələrinin yaradılması nəzərdə tutulur.

Proqramda barama istehsalçıları assosiasiyasının yaradılmasının dəstəklənməsi nəzərdə tutulub. Həmçinin göstərilir ki, baramaçılıq və ipəkçilik sahəsində fəaliyyət göstərən fermerlərə ödənişsiz məsləhət xidmətlərinin təşkili, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsinə şərait yaradılmalıdır.

Dövlət Proqramının məqsədi ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir. 

Siyavuş Novruzov - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Millət vəkilindən həmkarlarına iqtisadi nəzəriyyə dərsi

Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: baramaçılığa və ipəkçilik sənayesinə investisiyaların cəlb olunmasının təşviqi; barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması; baramaçılığın və ipəkçiliyin inkişafı üçün əlverişli ərazilərdə ixtisaslaşmanın dərinləşdirilməsi; habelə mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması; barama toxumçuluğunun inkişafı; yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması; baramaçılığın və ipəkçilik sənayesinin müasir texnologiyalar əsasında təşkili; ipək məhsulları ixracının dəstəklənməsi və təşviqi.

Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda baramaçılıq və ipəkçilik ənənələrinin inkişaf etdirilməsinə, ipək məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradacaq.

Eyni zamanda, görülən tədbirlər ölkədə toxuculuq sənayesinin inkişafına, ipəkçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşmasına, yeni texnologiya və biliklərin tətbiqinə, ipək məhsulları ixracının genişlənməsinə və ipəkçiliklə bağlı digər sahələrin inkişafına təsir göstərməklə, bütövlükdə ölkənin ümumi iqtisadi potensialının güclənməsinə mühüm töhfə verəcək.

Xəbər lenti
0