13:46 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postu

Azərbaycan gömrüyündə ciddi dəyişikliklər gözlənilir

© Foto : AR DGK mətbuat xidməti
İQTİSADİYYAT
Qısa URL
73110

"Yerli istehsalın formalaşmasına istiqamətlənən məhsulların idxalında liberallaşmaya yol açmalıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. "Bu gün gömrük dərəcələrində pillələrin aşağı salınması məsələsinə baxılır". Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, hazırda mövcud olan beşpilləli sistem aradan qaldırılacaq: "Təbii ki, son qərarı hökumət verəcək. Həmçinin, yerli istehsal üçün tələb olunan xammalın idxal rüsumlarının azaldılması məsələsinə də baxılacaq. Ölkədə istehsal olunan məsulların idxal dərəcələrinin 10-15 dərəcəyə qaldırılması normal haldır. Biz bununla daxili istehsalı qorumağa çalışırıq".

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov
© Foto : ŞƏXSİ ARXİV
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, gömrük rüsumlarında sadələşdirilmənin aparılması hökumətin son illərdə ölkədə yaranmış iqtisadi problemlərlə bağlı atdığı kompleks addımların mühüm elementlərindən biridir: "Ümumiyyətlə, iqtisadi nəzəriyyə görə, gömrük rüsumları qiymətlərin formalaşmasında xüsusi rol oynayır. Amma burada məsələyə bir qədər həssas yanaşmaq lazımdır. Çünki bir tərəfdən gömrük rüsumlarının azaldılması idxalın daha da stimullaşdırılmasına və yerli istehsal proseslərinin bir qədər mürəkkəbləşməsinə, digər tərəfdən isə yerli bazarlarda rəqabət mühitinin artırılmasına gətirib çıxara bilər".

"Lakin düşünürəm ki, hazırki şəraitdə ölkə iqtisadiyyatı üçün idxalın mümkün dərəcədə yerli məhsulla əvəz olunması aktuallığını nəzərə alaraq, gömrük rüsumlarında idxalın stimullaşdırılmasına istiqamətlənmiş addımların atılmasında bir qədər ehtiyatlı yanaşma tələb olunur. Çünki Azərbaycanda yerli bazarların ilk növbədə istehlak bazarının idxaldan asılılığı hələ də kifayət qədər yüksək səviyyədədir" — professor bildirib.

O, hesab edir ki, bu istiqamətdə atılan addımlar ilk növbədə yerli istehlak bazarının milli məhsullarla təmin olunmasına yönəlməlidir: "Ona görə də düşünmürəm ki, çox ciddi şəkildə idxalın stimullaşdırılmasına istiqamətlənən gömrük sistemində qərarlar qəbul olunacaq. Keçən ildən dövlət təşkilatlarının idxal ilə bağlı məhsulların əldə olunmasına aid müəyyən qadağalar var. Bu qadağaların ölkədə valyuta bazarında stabilliyin qorunmasında, ümumiyyətlə, idxalın əvəz olunması siyasətinin ölkədə maliyyə və valyuta bazarında yaranmış stabillikdə böyük rolu var. Yəni, ona görə də bu gün əgər idxalda liberallaşmaya istiqamətlənən addımlar atılarsa, onda yenə də valyuta bazarlarında gərginliyin artırılması mümkün ola bilər. Çünki idxalın artırılması bu gün ölkə üçün o qədər də lazım olan bir məsələ deyil".

E. Məmmədovun sözlərinə görə, son aylarda idxalın dinamikasında müəyyən qədər artım baş verməkdədir: "Bu məsələlərə çox həssas yanaşılmalıdır. Çünki Azərbaycanda son illərdə tədiyyə balansı ilə bağlı müəyyən problemlər olub və valyuta bazarındakı stabillik ilə bağlı amillər elə idxalın azaldılması ilə bağlı olub. Ona görə də idxalın yerli bazarlarda xüsusi çəkisinin artırılması ölkə iqtisadiyyatı üçün arzuolunan deyil".

Ekspertin qənaətincə, digər bir məsələ odur ki, nə dərəcədə yerli mallar, əmtəələr daxili bazarın, o cümlədən istehlak bazarının tələbatını ödəyə biləcək: "Bunun üçün də ölkədə tam yerli istehsal prosesinin formalaşması tələb olunur. Düşünürəm ki, gömrük siyasəti məhz yerli istehsalın formalaşmasına istiqamətlənən məhsulların idxalında liberallaşmaya yol açmalıdır. Yəni, hazır məhsulların idxalında liberallaşma deyil, yerli istehsalın qurulması üçün tələb olunan əmtəələrin idxalında liberallaşmaya getmək olar ki, yaxın 2 ildə ölkədə yerli istehsalın tam formalaşmasına nail olunsun. Əsasən Azərbaycanda gömrük siyasəti yaxın illərdə məhz bu istiqamətə yönəlməlidir".

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə isə, 2014-cü ilədək Azərbaycanda gömrük siyasətinin formalaşması ölkə iqtisadiyyatının mövcud konyunkturuna uyğun hesablanmamışdı: "Burada, əsasən broker fəaliyyət göstərirdi. Bu broker də hər bir yük üçün qeyri-rəsmi formada ödənişlər alırdı. Ümumiyyətlə götürəndə, tarif və rüsumlar yüksək müəyyənləşdirilmişdi ki, bu qəbildən olan qeyri-rəsmi ödənişləri daha asan şəkildə əldə etmək mümkün olsun".

"Amma 2015-ci ilin əvvəlində gömrük sistemində korrupsiyaya qarşı aparılan tədbirlər nəticəsində bu broker tamamilə ləğv olunub və prosesin şəffaflaşdırılması istiqamətində addımlar atılmağa başlanıb. Belə bir şəraitdə məlum oldu ki, mövcud rüsumların, eyni zamanda, əlavə dəyər vergisi siyasətinin dəyişdirilməsinə ciddi ehtiyac var. Çünki iqtisadiyyatın çağırışlarına uyğun deyil" — iqtisadçı bildirib.

"Məsələn, Azərbaycanda bəzi məhsulların fəal istehsalı olmadığı halda, bunlara yüksək rüsumlar tətbiq olunur. Ümumiyyətlə, Azərbaycanda rüsumlar 0 faizdən 15 faizədəkdir. Ölkədə istehsal edilmədiyi halda bəzi məhsullara 15 faizədək faizlər tətbiq olunur. Amma bəzi məhsullar var ki, onların yerli istehsalı olduğu halda, əksinə, onlara tətbiq edilən rüsumların da səviyyəsi kifayət qədər aşağıdır. Belə bir şəraitdə rüsumlara yenidən baxılması və prosesin təkmilləşdirilməsi, tariflərin iqtisadiyyatın çağırışlarına uyğun formaya və həcmə salınması mühüm məsələlərdən biridir" — R. Həsənov əlavə edib.

Onun dediyinə görə, yerli istehsal müdafiə olunmalıdır: "Müdafiə mexanizmlərindən biri də məhz rüsum siyasətidir. Nisbətən yüksək rüsumların tətbiq edilməsi yolu ilə yerli istehsalın daxili bazarlarda ən azından rəqabətliliyini təmin etməkdir. Ölkəyə idxal olunan xammala tətbiq olunan rüsumlara güzəştlər etməklə xammalın maya dəyərini aşağı salıb son nəticədə yerli istehsala şərait yaratmaq lazımdır".

Mütəxəssis hesab edir ki, əgər məhsul ölkədə istehsal olunmursa, onun əlçatanlığını təmin etmək, aşağı qiymətə satışını təşkil etmək məqsədilə bunlara aşağı faizlər tətbiq olunmalıdır: "Növbəti dövrlərdə artıq bu istiqamətdə addımlar atılacaq. Çünki bu təkmilləşdirmə, eyni zamanda, Strateji Yol Xəritələrinin də tələblərindən hesab olunur".

Əlaqədar

Gömrükdə aşkarlanan şübhəli qutunun içərisindən "zombi həbləri" çıxdı
Kərə yağı niyə bahadır - gömrükdən açıqlama
MDB-nin gömrük idarələrinin nümayəndələri Qəbələdə
İlham Əliyev gömrüklə bağlı fərman verdi
"Baklofen 50 tabletok" qeydi gömrükçüləri hərəkətə keçirdi
"Nokia" və "Samsung"lar gömrükdən buraxılmadı
Gömrükdə 12 ədəd telefon müsadirə olundu
Teqlər:
gömrük siyasəti, gömrük dərəcələri, sistem, Rəşad Həsənov, ölkə, Sputnik Azərbaycan, Elşad Məmmədov, Aydın Əliyev, idxal, rüsum, professor, ekspert, iqtisadçı, Azərbaycan, məhsul

Əsas mövzular