12:23 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
324411

Millət vəkili: "Müəyyən möhtəkirlər öz aralarında danışıb bahalaşma da aparırlar"

BAKI, 28 sentyabr — Sputnik. "İnflyasiyanın səviyyəsi ilə bağlı proqnoz vermək çətindir. Mənim fikrimcə, mövsümi amillərdən, yəni, yay fəsli ilə əlaqədar ərzaq məhsullarında ucuzlaşmadan sonra qarşıdakı aylarda inflyasiya "sıçrayışı" olmayacaq".

Bunu, ötən günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. O bildirib ki, hökumət ilin sonuna inflyasiyanın sürətlənməsini gözləmir: "Bilirsiniz ki, istehlak səbətində ərzağın payı əhəmiyyətlidir. Hər hansı fundamental amil, xarici amildən, yəni inflyasiya ixracından başqa inflyasiyanın sürətlənməsinə səbəb olan daxili amil görmürük".

Milli Məclisin deputatı Vahid Əhmədov
© Photo : REPORT
Milli Məclisin deputatı Vahid Əhmədov

E. Rüstəmov əlavə edib ki, hökumətin hələ də müəyyən dərəcədə inflyasiya ilə bağlı gözləntiləri qalıb: "Bizim əsas vəzifəmiz ilin sonuna qədər bu gözləntiləri effektiv idarə etməkdir".

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ərzaq məhsullarında bahalaşma var, inflyasiya da 13-14 faiz səviyyəsindədir və bu, davam edir: "İndi hələ yay fəsli yenicə çıxdığı üçün cüzi bahalaşma var, sabah payız fəsli gələndə bahalaşma daha da arta bilər".

"Mallar və s. nəyin hesabına ucuzlaşacaq? Mən demirəm ki, bunlar obyektivdir. Subyektiv bahalaşma da var. Obyektiv bahalaşma da var. Yəni, müəyyən möhtəkirlər öz aralarında danışıb bahalaşma da aparırlar" — deputat bildirib.

Onun sözlərinə görə, bahalaşma davam edə bilər: "Çünki həmişə biz görmüşük ki, sentyabr ayından sonra ərzaq məhsullarında ucuzlaşma deyil, bahalaşma baş verir. Ən çox ucuzlaşma yay aylarında olur. Çünki ərzaq bolluğu yaranır, qıtlıq olmur".

Доктор экономических наук, профессор UNEC Эльшад Мамедов
© Photo : Личный архив Эльшада Мамедова
Доктор экономических наук, профессор UNEC Эльшад Мамедов

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ilin sonuna ərzaq məhsullarının müəyyən qədər bahalaşmasını proqnozlaşdıra bilərik: "Çünki burada mövsümi amillər mövcuddur. Bundan başqa, ölkədə idxaldan asılılığın, yerli istehsal proseslərinin hələ inkişaf etməkdə olması və digər struktur məzmunlu məsələlər Azərbaycanda yaxın gələcəkdə ərzaq məhsullarında müəyyən dərəcədə inflyasiya gözləntilərinin olmasına əsas verir".

Bununla belə, ekspert hesab edir ki, Mərkəzi Bankın bu mövqeyinin müəyyən qədər əsası var: "Bu, onunla izah olunur ki, Mərkəzi Bank tərəfindən son illərdə ölkədə sərt pul-kredit siyasəti həyata keçirilməkdədir. Sərt pul-kredit siyasəti pul kütləsinin sıxılması, ölkədə mövcud olan pul kütləsinin əhəmiyyətli dərəcədə azaldılması tələbat sektorunun formalaşmasına öz təsirini göstərib".

Professorun fikrincə, bu ilin sonunadək ciddi qiymət artımından söhbət gedə bilməz: "Çünki valyuta bazarında stabillik artıq mövcuddur. Tədiyyə balansının strukturundakı vəziyyət də artıq nisbətən stabilləşib".

"Ancaq mövsümi amil və s. müəyyən dərəcədə yenə də volatiliyə, qiymətlərdə bir qədər stabilliyin pozulmasına səbəb ola bilər. Ancaq bununla belə, çox ciddi sıçrayışların olmamasını proqnozlaşdıra bilərik. Bu da Mərkəzi Bankın və aidiyyəti qurumların yürütdüyü sərt pul-kredit siyasəti ilə bağlıdır" — E. Məmmədov əlavə edib.

Əlaqədar

Manat gözlənilməz həddədək bahalaşdı - Son dəqiqə
Ərzaq məhsulları bahalaşdı
Ekspert: “Ətin qiyməti əsaslı dərəcədə bahalaşıb”
Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahatı
Teqlər:
ərzaq məhsulları, mövsüm, Sputnik Azərbaycan, yay, Elşad Məmmədov, Elman Rüstəmov, Vahid Əhmədov, bahalaşma, payız, deputat, inflyasiya, qiymət

Əsas mövzular