01:17 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
729 0 0

Banklara verilən son təlimat ekspertlər tərəfindən birmənalı qarşılanmır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Avqustun 15-dən etibarən Azərbaycanda banklar məcburi ehtiyatlarını yeni tələbə əsasən saxlamalıdır. Belə ki, pul təklifinin effektiv tənzimlənməsi və bununla da qiymət sabitliyinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2017-ci il 30 may tarixli qərarı ilə manatla və qiymətli metallarla olan öhdəliklər üzrə məcburi ehtiyatların manatla, xarici valyuta ilə öhdəliklər üzrə məcburi ehtiyatların xarici valyutada müxbir hesablarda saxlanılması məqsədəuyğun sayılıb.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Qeyd edək ki, "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda edilmiş dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minib və banklar 15 avqustdan etibarən məcburi ehtiyatlarını qaydadakı qeyd olunan dəyişikliyə uyğun saxlamalıdırlar.

Xatırladaq ki, buna qədər banklar məcburi ehtiyatları hesablama bazasına daxil olan depozitlərin valyutasından asılı olmayaraq Mərkəzi Bankdakı istənilən bir və ya bir neçə müxbir hesabda saxlaya bilərdi.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, burada söhbət, əsasən bankların öhdəliyindən, öhdəlik üçün yaradılmış ehtiyatlardan gedir: "Bu məsələ daha çox bank sektorunda fəaliyyət göstərən subyektlərin öhdəlikləri üzrə prosedurların daha da optimallaşdırılması ilə bağlıdır. Çünki əvvəllər qayda belə idi ki, bank, öhdəlikləri üzrə ehtiyat yığımlarını istədiyi valyutada saxlaya bilirdi".

"Məsələn, Beynəlxalq Bankın təxminən 4-5 milyard həcmində xarici valyutada öhdəliyi var idisə, bu ehtiyat həcmini manatla saxlayırdı. Və növbəti dövrlərdə öhdəliyin yerinə yetirilməsi üçün hər hansı bir risk yarandıqda manatla olan vəsaitin, yığımın özünün də valyutaya çevrilməsi problemi ortaya çıxırdı" — Həsənov qeyd edib.

İqtisadçının qənaətincə, Mərkəzi Bank tərəfindən qəbul edilən qərar düzgündür, amma gecikmiş qərardır: "Xüsusilə volatiliyin yüksək olduğu dövrlərdə banklar kifayət qədər manipulyasiya edərək həm məzənnəyə öz təsirini göstərirdi, həm də haqsız gəlir əldə edirdi. Əgər bu, vaxtında tətbiq edilsəydi, bu kimi halların qarşısı alınmış olardı. Həmçinin, bağlanan və yaxud da bundan sonra fəaliyyəti risk altında olan bankların öhdəliklərinin yerinə yetirilməsi məsələsi yaranan zaman valyuta riski minimuma enmiş olardı".

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

Mütəxəssis fikrini belə əsaslandırır: "Məsələn, "Bank Standard" presedentində biz bunu müşahidə etdik. Bank öhdəliklərini yerinə yetirmək üçün, yəni, xarici valyutada olan depozitlərin, əmanətlərin ödənişini bəzi hallarda milli valyutada yerinə yetirirdi. Bu da haqlı olaraq müştərilərin narazılığına gətirib çıxarırdı. Həmin vaxt faktiki olaraq bankın özünün valyuta çatışmazlığı var idi. Həmçinin də, hökumət banka valyuta dəstəyi verə bilmirdi. Bu kimi halların qarşısının alınması üçün də müsbət qərar kimi qiymətləndirilməlidir".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bu qərarın əhaliyə təsirinin olmayacağını deyib: "Amma bu, biznes strukturlarının, o cümlədən onsuz da ağır olan bank sektorunun işini daha da çətinləşdirəcək. Yenə inzibati qaydada kommersiya banklarının qaydalarına müəyyən müdaxilələr olur. Bu, doğru yanaşma deyil".

"İnzibati qaydada verilmiş qərarlar, əsasən kommersiya banklarının maraqlarına deyil, Mərkəzi Bankın apardığı siyasətə uyğun gəlir. Mərkəzi Bank isə banklarla bu qərarları razılaşdırmır. Halbuki, beynəlxalq təcrübədə də qaydalar var ki, kommersiya banklarının fəaliyyətinə müdaxilələr və ya inzibati qaydada tənzimləmələr varsa, mütləq Mərkəzi Banklar həmin kommersiya bankları ilə uzun müddət danışıqlar və müzakirələr aparırlar. Və hər iki tərəfi qane edəcək ortaq məxrəcə gəlirlər" — Cəfərli vurğulayıb.

Əlaqədar

Banklar problemli kreditləri silmək məcburiyyəti ilə üz-üzə
Banklar dollarla bağlı qərarlarını açıqlayıb
Mərkəzi Bank yeni məzənnəni açıqlayıb
Dollar Mərkəzi Bankda qalxdı, banklarda nə baş verir?
Bankların verdiyi kreditlərin həcmi niyə azalıb?
Teqlər:
müxbir hesab, məcburi ehtiyatlar, qayda, Rəşad Həsənov, tələb, Sputnik Azərbaycan, İqtisadçı-ekspert, Natiq Cəfərli, Mərkəzi Bank, bank, manat, dollar

Əsas mövzular