03:45 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
262 0 0

Ekspert: "Qeyri-rəsmi dövriyyə nə qədər yüksək olarsa, dövlət büdcəsi itirir"

BAKI, 25 may — Sputnik. "Bizim qarşılaşdığımız əsas problemlərdən biri iqtisadiyyatda qeyri-rəsmi dövriyyədir. Dünya ölkələrinin təcrübəsində buna qarşı mübarizədə ən əsas, effektli vasitələrdən biri nağdsız hesablaşmaların geniş yayılmasıdır".

Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert
© Photo : Из личного архива Э. Багирзаде
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyib. Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyət göstərən bütün ölkələr, məsələn, Cənubi Koreya, Türkiyə, Argentina və s. təcrübəsinə baxanda görərik ki, onlar nəinki nağdsız hesablaşmaları ciddi şəkildə inzibati yolla təmin edirlər, eyni zamanda, bunu təşviq edirlər: "Nağdsız hesablaşmalar aparan şirkətlərə və nağdsız alış-veriş edən şəxslərə müəyyən qədər vergi stimullaşdırması tətbiq edirlər. Məsələn, əgər kartla alış-veriş edirsənsə, əlavə dəyər vergisində 1-2 faiz güzəştlər tətbiq olunur. Yəni, bu, bütün ölkələrin marağındadır. Çünki qeyri-rəsmi dövriyyə nə qədər yüksək olarsa, dövlət büdcəsi itirir və dövlətin maliyyə dayanıqlığı baxımından ciddi təhlükə yaradır".

Ekspertin fikrincə, eyni zamanda, nağdsız dövriyyənin genişləndirilməsi ona görə lazımdır ki, ölkə düzgün monetar siyasət həyata keçirə bilsin: "Əgər Mərkəzi Bank dövriyyəyə buraxdığı pulun önəmli hissəsinə nəzarət edə bilmirsə, harada dövriyyə etdiyini görə bilmirsə, effektiv monetar siyasət həyata keçirə bilməz. Bunların əsasında deyə bilərəm ki, "Nağdsız hesablaşmalar haqqında" qanun çox vacibdir. İndi o başqa məsələdir ki, qanunda hansısa məhdudlaşdırıcı məqamlar var. Amma bütövlükdə qanunun qəbulu və nağdsız hesablaşmaların Azərbaycan iqtisadiyyatında prioritet mövqeyə qaldırılması alqışlanmalı haldır".

"Bu gün Azərbaycanda bu sahədə çox ciddi problemlər var. Xüsusilə biz turizmi inkişaf etdirmək, dünyaya inteqrasiya olunmaq istəyirik. Gərək bu sistemdə müəyyən qədər irəli gedək. Çünki burada infrastruktur məsələləri də var. Müəyyən qədər infrastrukturu bu sahədə inkişaf etdirmək lazımdır. Məsələn, Bakıdan kənara çıxan zaman əksər ticarət mərkəzlərində, restoranlarda, əyləncə mərkəzlərində nağdsız hesablaşmanı həyata keçirmək kifayət qədər çətindir. Çünki infrastruktur inkişaf etməyib" — Bağırzadə bildirib.

Ekspert bu baxımdan hesab edir ki, müasir dövlətin iqtisadiyyatında əsas əhəmiyyət verilməli olan sahələrdən biri də nağdsız dövriyyəni inkişaf etdirməkdir: "Nağdsız dövriyyə nə qədər inkişaf edərsə, ölkə, hökumət daha effektli iqtisadi siyasət, xüsusilə maliyyə və monetar siyasət həyata keçirə bilir".

Onun fikrincə, burada bir tərəfdən sərt məhdudiyyətlər, cəzalar tətbiq edilməli, digər tərəfdən təşviq mexanizmləri olmalıdır: "Nağdsız hesablaşmanı həyata keçirən bazar subyektlərinə müəyyən təşviqlər olmalıdır. Bu, vergi güzəştləri ola bilər. Təkcə cəzaların tətbiqi ilə ciddi nailiyyətin əldə edilməsi mümkün deyil. Çünki nəzarət mexanizmləri zəifləyəndə, yenə də əvvəlki qaydada bazar subyektləri fəaliyyət göstərməyə başlayırlar".

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Samir Əliyev isə Sputnik Azərbaycan-a bildirib ki, "Nağdsız hesablaşmalar haqqında" qanun tətbiq olunandan sonra ən çox əziyyəti məhz istehlakçılar, xüsusən də bank müştəriləri çəkir, ən çox onların hüquqları pozulur: "Yaxud digər məqsəd olan nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırılmasını götürək. "Stimullaşdırmaq" feli bir qayda olaraq həvəsləndirmə tədbirlərini nəzərdə tutur. Ancaq mövcud qanunun icrasında "stimullaşdırmaq" sözünün sinonimi olaraq "məcbur etmək" işlədilir".

Onun sözlərinə görə, qanunda nağd qaydada əməliyyatlar aparmağın məhdudlaşdırılması kənarda qalıb, pulu nağdlaşdırmaya məhdudiyyətlər və ya qadağa tətbiq edilir: "Maliyyə Bazarlarına Nəzarət Palatası "stimullaşdırmağı" "qadağada", Vergilər Nazirliyi isə əlavə olaraq 1%-lik vergiyə cəlb etməkdə görür. Bunun əziyyətini sahibkarlar və onlarla "müharibə" vəziyyətinə düşən banklar çəkir".

İqtisadçının fikrincə, hazırda bank sektorunda baş verənlər məhz "nağdsız hesablaşmalar" ifadəsinə yanaşma tərzindən qaynaqlanır: "Qanunda nağdsız hesablaşmanın izahı verilir. Yəni, söhbət iki fərqli şəxs, subyekt arasındakı hesablaşmalardan, pul köçürmələrindən gedir, bir şəxsin ayrı-ayrı hesabları arasındakı hesablaşmalardan yox. Ancaq fərdi sahibkarın cari hesabından kredit və ya depozit hesabına köçürülən vəsaitdən 1%-lik sadələşmiş vergi tutulur".

"Əvvəla, burada vergitutmanın mahiyyəti təhrif edilir. Çünki vergi əldə edilən gəlirdən tutulmalıdır. Bir hesabdan başqa hesaba köçürülən vəsait isə gəlir deyil, ən yaxşı halda xidmət haqqı obyekti ola bilər. İndiki vəziyyət köçürülən vəsaitin ikiqat vergiyə cəlb edilməsi ilə nəticələnir" — Əliyev qeyd edib.

Daha sonra o deyib: "İkincisi, bankların vergi tutmaq hüququ yoxdur. Çünki qanunvericiliyə görə, dövlət vergiləri Vergilər Nazirliyi, yerli vergilər isə bələdiyyələr tərəfindən tutulmalıdır. Üçüncüsü, qanunun məqsədi nağdsız əməliyyatları stimulaşdırmaqdır. Əgər müştəri cari hesabındakı pulu nağdlaşdırmadan, köçürmə yolu ilə kredit və ya depozit hesabına köçürürsə bu halda həmin vəsaitdən nə üçün vergi tutulmalıdır? Cari hesabdan digər şəxsin hesabına pul köçürmə ilə kredit və ya depozit hesabına pul köçürmə arasındakı fərq nədir? Dördüncüsü, burada bank hesablarından pul çıxarılması hadisəsi baş vermir. Vergi Məcəlləsinin 220.12-ci maddəsinə görə, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Hesablar arasında pul köçürülməsi məhz nağdsız hesablaşmadır".

Mütəxəssisin sözlərinə görə, Palata məhdudiyyəti nağd ödənişlərə yox, nağd pul çıxartmağa tətbiq edir. Əgər nağd hesablaşmalarla nağdlaşdırma arasında bərabərlik işarəsi qoyulursa, sabah digər qurumlar da qanunları öz baxışlarına uyğun icra edəcəklər.

Əlaqədar

Diqqət: Nağd ödəmə dövrü bitdi - cərimələnə bilərsiniz
Bank hesabından nağd pulun götürülməsində məhdudiyyət var?
Siqaretin nağdsız satışına icazə verilib?
Mərkəzi Bankdan radikal addım: nağd pul kütləsi nəzarətə götürüldü
Banklar plastik kartlardan nağd pul çıxarılmasında komissiyanı artırır
"BakuBus" nağdsız ödəniş sisteminə keçməyə hazırdır
Teqlər:
nağdsız hesablaşma, Sputnik Azərbaycan, Elşən Bağırzadə, ekspert, Samir Əliyev, bank, iqtisadiyyat

Əsas mövzular