Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sərt monetar siyasət, yoxsa milli valyutanı qoruma planı?

© Sputnik / Murad OrujovPulqabında manatlar, arxiv şəkli
Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Post-neft dövründə inflyasiya səviyyəsi eləcə də birrəqəmli inflyasiya Azərbaycan üçün hədəf deyil, bir vasitə olmalıdır"

BAKI, 12 may — Sputnik. "Sərt monetar siyasət manatın dövriyyəsinə mane olur. Bu ilin ilk rübündə də Mərkəzi Bank tərəfindən 600 milyon manatlıq milli valyuta dövriyyədən çıxarılıb. Yəni, manat bazasının azaldılması prosesi davam edib. Bu baxımdan sərt monetar siyasət, eləcə də pul-kredit siyasəti inflyasiya səviyyəsinin azalmasına təsir göstərir".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, eyni zamanda, sərt pul-kredit siyasəti real sektora vəsaitlərin daxil olmasına çətinliklər yaradır: "Çevik monetar siyasət daha çox məzənnə siyasəti və məzənnənin bazar tərəfinin müəyyənləşdirilməsi və bazardakı volatilliyin azaldılması məqsədi daşıyır. Bu istiqamətdə də, xüsusən Mərkəzi Bank volatilliyin səviyyəsini azaldarsa, daha az məzənnə dəyişikliyi baş verərsə, inflyasiya səviyyəsinə təsir göstərə bilər".

İqtisadçının fikrincə, digər tərəfdən fiskal konsolidasiya inflyasiyaya təsir göstərir: "Fiskal konsolidasiya xərclərin azaldılması və ixtisar edilməsi anlamına gəlir. Bu kontekstdən bəzi xərclərin azaldılması artıq müşahidə edilir. Xüsusən infrastruktur xərclərində azalmalar var. Bunun da azalması nəticə etibarı ilə inflyasiyaya təsir göstərən faktorlar sırasındadır".

Amma ekspert xüsusən də post-neft dövründə inflyasiya səviyyəsinin hədəf olmalı olduğunu düşünmür: "Bu, bir vasitə olmalıdır. Post-neft dövrünün fəlsəfəsi ondan ibarətdir ki, əslində Mərkəzi Bank, eləcə də hökumət xərcləmələrə imkan yaratmalıdır. Çünki artıq təklif iqtisadiyyatından tələb iqtisadiyyatına keçidin reallaşması olduqca vacibdir. Tələb iqtisadiyyatı da birbaşa xərcləmələr üzərində formalaşır. Xərcləmələr isə inflyasiya yaradıcı faktordur. Beynəlxalq Valyuta Fondu (BVF) qeyd etdiyi faktorlar inflyasiya səviyyəsinə təsir göstərir. Eyni zamanda, burada ilin sonunadək manatın məzənnəsinin necə dəyişməsi çox önəmli olacaq. Əgər manatın məzənnəsi mövcud səviyyədə qorunub saxlana bilərsə, o zaman BVF-nin inflyasiya ilə bağlı proqnozları doğrula bilər".

"Amma məqsəd inflyasiyanın birrəqəmli olması, xüsusən də sərt pul-kredit siyasəti nəticəsində birrəqəmli inflyasiyaya çatılması arzuolunan deyil. Mərkəzi Bank xərcləmələrə, manat bazasının artırılmasına imkan verməlidir. Manat bazasının məhdudlaşdırılması siyasəti manat bazasının optimallaşdırılması siyasəti ilə əvəz olunmalıdır ki, nəticədə xərcləmələr real sektorun inkişafına gətirib çıxartsın. Post-neft dövründə inflyasiya səviyyəsi, eləcə də birrəqəmli inflyasiya Azərbaycan üçün hədəf deyil, bir vasitə olmalıdır" – deyə o bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hər hansı bir ölkədə işıq, qaz, kommunal xərclər artırsa, bu, inflyasiyaya təsir göstərə biləcək əsas amillərdən birinə çevrilir: "Dünyanın bir çox ölkələrində bunun örnəyini görmüşük. Azərbaycanda da kommunal xərclərin artması inflyasiyanı tətikləyən, qiymət artımına səbəb olan əsas amillərdən biri idi. Bəlkə də ilk dəfədir ki, Beynəlxalq Valyuta Fondunun inflyasiya göstəriciləri ilə rəsmi rəqəmlər arasında əks mütənasib bir vəziyyət yaranıb. Son rəsmi rəqəmlərə görə, Azərbaycanda inflyasiya hələ də ikirəqəmlidir. Yəni, 12 faizdən yuxarıdır".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

"Amma həmişə rəsmi rəqəmlər daha aşağı olurdu, nəinki Beynəlxalq Valyuta Fondunun rəqəmləri. BVF daha aşağı inflyasiya gözləntilərini açıqlayıb və bu il ərzində bunun birrəqəmli həddə düşəcəyini proqnozlaşdırıb. Amma bunun üçün əsas məsələ kimi də sərt monetar siyasəti göstərib. Son zamanlar Azərbaycanda manat qıtlığının şahidi oluruq. Ölkədə ciddi şəkildə manat qıtlığı yaşanır. Son zamanlar inflyasiya göstəricilərinə təsir edən əsas səbəblərdən biri də budur. BVF bunu düzgün qeyd edib" — Cəfərli bildirib.

Ekspertin fikrincə, Azərbaycanda sərt monetar siyasət davam edəcəksə, manat qıtlığı müşahidə olunacaqsa, dövriyyədə olan manatın həcmi getdikcə daha çox aşağı düşəcəksə, bu, inflyasiyaya təsir göstərə biləcək amillərdən birinə çevriləcək: "Amma bu, həm də iqtisadi aktivliyi zəiflədən amillərdən birinə çevrilib. Yəni, ən pis cəhətlərdən biri də budur ki, son zamanlar məhz bu iqtisadi göstəriciyə görə iqtisadi aktivlik zəifləyib".

O, iqtisadi aktivliyin zəifləməsinin mənfi hal olduğunu diqqətə çatdırıb: "İnflyasiyanın aşağı salınması ciddi bir hədəf kimi qarşıya qoyulub. Amma bununla paralel olaraq iqtisadi aktivlik də çox önəmlidir. İqtisadi aktivliyin azalması insanların gəlirlərinin azalmasına və ümumi iqtisadi göstəricilərin azalmasına səbəb ola bilir. BVF-nin açıqladığı hədəflər inflyasiyanın azalması baxımından Azərbaycan üçün müsbət olsa da, amma sərt monetar siyasətin davamlı olması gələcəkdə daha böyük problemlərə gətirib çıxaracağına da sanki bir işarədir, xəbərdarlıqdır".

Qeyd edək ki, Report-un xəbərinə görə, Azərbaycan hökumətinin həyata keçirdiyi fiskal konsolidasiya və monetar siyasətin sərtləşdirilməsi ilə yanaşı çevik məzənnə siyasəti ölkədə inflyasiya gözləntilərini aşağı salacaq. Beynəlxalq Valyuta Fondunun (IMF) "Qafqaz və Mərkəzi Asiya regional iqtisadi icmalı"nda 2017-ci ildə Azərbaycanda inflyasiyanın 8,3%, 2018-ci ildə isə 7,6% olacağı proqnozlaşdırılır. IMF hesabatında həmçinin ötən il qaz və elektrik qiymətlərindəki artımın və kənd təsərrüfatı mallarına tətbiq edilən idxal rüsumlarını inflyasiyanı 2-rəqəmli səviyyəyə çıxmasının əsas səbəbləri kimi göstərib.

Xəbər lenti
0