19:01 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
İQTİSADİYYAT
Qısa URL
146 0 0

"Kənd təsərrüfatına hədəflənmiş sığorta fondlarının inkişafının təkmilləşdirilməsi yolu ilə, eyni zamanda, kredit risklərinə qarşı əlavə dövlət vəsaitləri hesabına fondun yaradılması ilə bağlı addımlar atılmalıdır"

BAKI, 3 may — Sputnik. "Beynəlxalq təcrübədə bankların daşınar əmlakı girov kimi qəbul edərək kreditlər verməsi geniş yayılmış üsullardan biridir. Təsərrüfat subyektləri, sahibkarlar bu imkanlardan istifadə edərək kredit götürmə şansı əldə edirlər. Eyni zamanda, bu, daha çox inkişaf etmiş ölkələrdə maliyyə, kredit əlçatanlığının artırılmasının mühüm üsullarından biri hesab edilir".

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, bir sıra sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri kreditə müraciəti zamanı daşınar əmlakı girov olaraq təklif edə bilmirlər: "Xüsusilə də kənd təsərrüfatında çalışanlar bu qrupa daxildir və onların əsas əmlakı daşınar əmlak hesab edilir. Əkinçilik, maldarlıq sahəsində fəaliyyət göstərənlər və s. bu kateqoriyaya daxil olan qruplardandır. Digər sahibkarlıq subyektləri isə öz nəqliyyat vasitələrini, istehsal vasitələrini və s. təqdim etməklə kredit götürmə imkanı əldə edirlər. Azərbaycanda "Daşınar əmlakın yüklülüyü haqqında" qanunun qəbulu müsbətə doğru bir addım kimi qiymətləndirilməlidir".

Ekspert qeyd edib ki, Azərbaycanda bankların kredit portfeli kəskin şəkildə azalıb: "Xüsusilə də son 1 il 2 ay ərzində bankların kredit portfelində 5 milyarda yaxın azalma baş verib. Bu, təxminən ümumi kredit portfelinin 24 faizi həcmindədir. Belə şərtlər daxilində müşahidə edilən mənzərə ondan ibarətdir ki, banklar, bank olmayan kredit təşkilatları kredit verməyə heç də maraqlı deyil və öz vəsaitlərini, daha çox hazırki şərtlər daxilində Mərkəzi Bankın ötən müddətdə notlarına yatırmaqla faiz gəliri götürmək istəyirlər. Belə bir şəraitdə kredit götürənlərin kredit qaytarma qabiliyyəti zəifləyir və risklər artır".

"Bu, eyni zamanda, bankların kredit portfelində də öz əksini tapır. Artıq problemli kreditlərin həcmi ümumi kredit portfelinin 10 faizinə yaxınlaşır. Bunun nəticəsində də banklar daha çox digər alternativ alətlərdən istifadə etməklə gəlir götürməyə üstünlük verir nəinki kredit portfelini genişləndirməyə. Halbuki, əvvəlki dövrlərdə Azərbaycanda bank gəlirlərinin hər 100 manatından 74-75 manatı məhz faiz gəlirləri hesabına formalaşıb" — həmsöhbətimiz vurğulayıb.

İqtisadçı düşünmür ki, qəbul edilən qanun bu gün bankların kreditləşməsinin genişlənməsinə ciddi təkan versin: "Müəyyən mənada müsbətə doğru bir addım kimi qiymətləndirilməlidir. Eyni zamanda, bu addım orta və uzun müddətli dövrdə nəticələrini göstərəcək. Amma hazırda qısamüddətli dövrdə portfelə, eyni zamanda, təsərrüfat subyektlərinin kreditə əlçatanlığına kəskin müsbət təsir göstərməyəcək".

Onun sözlərinə görə, bu, eyni zamanda, xüsusilə də hökumətin son 2 ildə prioritet elan etdiyi kənd təsərrüfatı sahəsində gələcək dövrlərdə inkişafa müsbət təsir göstərəcək: "Çünki ən az əlçatan kredit məhz kənd təsərrüfatı sektorundadır. Maliyyə imkanlarına çıxış kifayət qədər məhduddur. Eyni zamanda, bu sahədə fəaliyyət göstərənlərin əksəriyyəti ailə təsərrüfatlarıdır. Bu isə onu deməyə əsas verir ki, ailə təsərrüfatları hansısa formada kredit əldə etməkdə çətinliklə üzləşirlər".

"Bu, əsasən girov səbəbindən baş verir. Nəticədə isə təsərrüfat subyektləri fəaliyyətlərini genişləndirə, inkişaf etdirə bilmirlər. Hazırda bu məsələnin ən azından hüquqi sferada həll edilməsi növbəti illərdə kənd təsərrüfatına kredit axınını sürətləndirəcək" — mütəxəssis əlavə edib.

R. Həsənovun fikrincə, kənd təsərrüfatı sahəsində risklər kifayət qədər yüksəkdir: "Üstəlik fəlakətlər və s. səbəbindən məhsulun sahibkarın əlinə çatmaması ehtimalları kifayət qədər yüksəkdir. Azərbaycanda kənd təsərrüfatı sahəsində sığorta sistemi zəif inkişaf edib. Hazırki statistik rəqəmlərə görə, təxminən ölkə üzrə kənd təsərrüfatı məhsul istehsalının cəmi 5-6 faizi sığortalı hesab edilir. Bu isə hazırda kreditləşmə qarşısında dayanan mühüm problemlərdən biridir".

İqtisadçı təklif edir ki, xüsusilə kənd təsərrüfatına hədəflənmiş sığorta fondlarının inkişafının təkmilləşdirilməsi yolu ilə, eyni zamanda, kredit risklərinə qarşı əlavə dövlət vəsaitləri hesabına fondun yaradılması ilə bağlı addımlar atılsın: "Bu fond yaradılarsa, növbəti dövrlərdə banklar kredit təklifləri ilə bağlı risklərin azaldığını müşahidə edəcək. Bu da onlara bu istiqamətdə genişmiqyaslı kreditləşmə siyasətini həyata keçirməyə təsir göstərəcək. Yəni, hazırda daşınar əmlakın özü riskli hesab edilir və dünyada da bu şəkildə qəbul olunur".

"Eyni zamanda, daşınar əmlakın girovluğu hesabına kredit təklifi ən az kredit təklif kateqoriyalarına daxildir. Bu baxımdan da qeyd edilən istiqamətlərdə dəyişikliklər baş verməzsə, kredit təşkilatları inandırılmazsa, hələlik bu istiqamətdə bu təşkilatların mövqeyi daha çox neytral olaraq qalacaq" — Həsənov bildirib.

Qeyd edək ki, dünən parlamentin plenar iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Layihədə bildirilir ki, daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Qanun layihəsində daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb.

"Daşınar əmlakın yüklülüyü haqqında qanun" layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər. Qanun layihəsi ikinci və üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

Əlaqədar

Kreditlə bağlı məhkəmələrə müraciətlər artır
Kredit şərtləri bu qədər asan olmamışdı
"İlkin ödənişsiz ipoteka krediti verilməsi mümkün olacaq"
Azərbaycanda kredit bürolarının yaradılmasına start verilir
Avotomobillərin kreditlə satışında yeni qayda meydana çıxıb
"Problemli kreditlərlə bağlı cinayət işləri qaldırıla bilər"
Teqlər:
kredit portfeli, daşınar əmlak, Rəşad Həsənov, kənd təsərrüfatı, iqtisadçı-ekspert, əmlak, sahibkar, kredit, bank, girov

Əsas mövzular