Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hökumət bank sektorunun xilası üçün növbəti vasitəyə əl atır

© Sputnik / Murad OrujovБанковские операции. Архивное фото
Банковские операции. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Körpü bank"ların mahiyyəti odur ki, likvidlik problemi olan bankların aktivləri mərhələli şəkildə "körpü bank"lara transfer ediləcək"

BAKI, 12 apr — Sputnik. "Azərbaycanda "körpü bank"ların yaradılmasında əsas məqsəd problemli bankların sağlamlaşdırılmasına nail olmaqdır. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən "körpü bank"ların yaradılması təklif olunub".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, "körpü bank"ların mahiyyəti odur ki, likvidlik problemi olan bankların aktivləri mərhələli şəkildə "körpü bank"lara transfer ediləcək: "Yəni, bu zaman yeni bank yaradılmır. Sadəcə MBNP tərəfindən qısa müddətli dövr üçün sadələşdirilmiş qaydada bank yaradılır və müflis olma təhlükəsi olan bankın qeyri-işlək (toksik) aktivləri yox, sağlam aktivləri "körpü bank"lara transfer edilir. Eyni zamanda, banklar sağlamlaşdırıldıqdan sonra onlar yenidən bazara çıxarılaraq satılır və ya digər banka birləşdirilməsi həyata keçirilir".

İqtisadçının fikrincə, dünya təcrübəsində belə bankların yaradılması halları var: "ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələrdə "körpü bank"ların fəaliyyəti həyata keçirilir. ABŞ-da daha çox 2009-cu ildə qəbul edilmiş xüsusi dövlət proqramı vasitəsilə məhz bankların sağlamlaşdırılması həyata keçirilib".

"Körpü bank"lar Azərbaycan üçün səmərəli olacaqmı" sualına ekspert deyib ki, bu, birbaşa Palatanın problemli və ya toksik aktivləri sağlamlaşdırılmasının nə qədər effektiv, səmərəli ola biləcəyindən asılı olacaq: "Çünki bu gün bankların "körpü bank"lar və ya hər hansı proqram çərçivəsində sağlamlaşdırılması bir vasitədir. Amma ən əhəmiyyətlisi bu vasitə ilə nəyinsə əldə edilməsidir. Əgər Palata tərəfindən həm problemli kreditlər, həm də toksik aktivlər ilə bağlı konkret fəaliyyətlər, o cümlədən mexanizmlər ortaya qoyulacaqsa, "körpü bank"lar səmərəli olacaq. Amma bu, sadəcə aktivlərin transferini həyata keçirəcəksə, o zaman "körpü bank"lar bank sektorundakı mövcud toksik aktivlər problemini həll edə bilməyəcək".

"Ona görə də burada "körpü bank"ların funksiyasının necə olacağı, Palatanın aktivlərin sağlamlaşdırmasına hansı səviyyədə kompleks yanaşacağı olduqca vacibdir. "Körpü bank"lar bir vasitədir və səmərəli istifadə olunacaqsa, bank sektorundakı problemlərin həllinə müsbət təsir göstərəcək" — V. Bayramov qeyd edib.

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, beynəlxalq təcrübədə var və prinsipcə, bunun bizdə tətbiqi mümkündür: "Təkcə ötən il 11 bank bağlanıb. Bu, dövlət üçün əlavə bir yükdür. İstənilən halda bankların bağlanması iqtisadiyyat, bank sistemi üçün şokdur. Bu, ağır nəticələrə aparır. Burada bank xilas edilmir. Onsuz da əvvəlki bank bağlanır. Məsələn, bağlanmış bank kiməsə kredit veribsə, həmin kreditləri artıq "körpü bank"a ödəyəcəklər. Həmin bankda kiminsə əmanəti varsa, artıq "körpü bank" əmanətləri qaytaracaq. Bu, faktiki olaraq bankın keçmiş sahiblərinə, idarəçilərinə etimadsızlıqdır".

Onun sözlərinə görə, burada bankın səhmdarlarının, kreditorlarının hüquq və maraqları qorunmalıdır: "Hüquqların qorunması mexanizmi qanun layihəsində əksini tapmalıdır. "Körpü bank"lar təcrübəsi xaricdə var. Amma bu mexanizm tətbiq edilərkən bankın kreditorlarının və sahiblərinin maraqlarının qorunması mexanizmi də tətbiq edilir".

Qeyd edək ki, "Banklar haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliyin məqsədi ödəniş qabiliyyətini itirmiş bankların problemlərinin həll edilməsi üçün hüquqi bazanın yaradılmasıdır. Bu çərçivədə kredit təşkilatlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların həyata keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, dəyişiklik ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirə salınmadan və mümkün qədər az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülməsi, "körpü bank"ın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini "körpü bank"a köçürülməsi, "körpü bank"ın investora satılması üzrə tədbirləri, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsini nəzərdə tutur. Dəyişiklik parlamentin aprelin 7-də keçirilən plenar iclasında qəbul edilib.

Xəbər lenti
0