Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu şirkətlər aqrar sektoru birdəfəlik tərk edə bilər

© Photo : Sigorta KarşılaştırÜzümçülük təsərrüfatı. Arxiv şəkli
Üzümçülük təsərrüfatı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Təşviqedici addımlar olmasa, şirkətləri aqrar sektordan çəkilə bilər. Nəticədə də bunun ziyanı kənd təsərrüfatının bütün sahələrinə dəyəcək"

BAKI, 31 mart — Sputnik. Azərbaycanda aqrar sığorta növləri üzrə ödənişlər yığımları üstələyir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında şirkətlər kənd təsərrüfatı bitkilərinin sığortalanmasına görə 8446 manat sığorta haqqı toplayıblar. Bu sığorta növü üzrə ödəmişlər isə təxminən 28 dəfə çox — 236 min 202 manat olub. Bundan başqa, 2 ay ərzində kənd təsərrüfatı heyvanlarının sığortaladıqlarına görə cəmi 600 manat sığorta haqqı toplayan şirkətlər bundan 12,4 dəfə çox — 7460 manat ödəniş etməli olublar.

© Photo : STRMustafa Abbasbəyli, sığorta eksperti
Mustafa Abbasbəyli, sığorta eksperti  - Sputnik Azərbaycan
Mustafa Abbasbəyli, sığorta eksperti

Məsələ ilə bağlı sığorta eksperti Mustafa Abbasbəyli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, aqrar sığorta növləri üzrə ödənişlərin yığımları üstələməsinin səbəbi kütləviliyin, yəni, bu sığorta növünə fermerlərin, iş adamlarının marağının az olmasıdır: "Ona görə də, sığorta haqları az yığılır, toplanır. Sığorta ödənişi isə bunun müqabilində çoxdur. Yəni, sığortanın ümumi prinsipinə görə, kütləvilik olmalıdır ki, zərərlilik aşağı düşsün. Kütləvilik az olduğu üçün bu sahə zərərli sahə sayılır".

Ekspertin sözlərinə görə, bu sahəyə marağın artması üçün zaman lazımdır: "Çünki bu sahədə dövlət tərəfindən təşviqedici tədbirlər var. Kənd təsərrüfatı sığortasının təşviqi ilə bağlı xüsusi qanun var. Bu qanuna əsasən elə sahələr var ki, sığorta haqlarının 50 faizini dövlət sahibkarın yerinə ödəyir. Amma buna baxmayaraq, yenə də bu sahə kifayət qədər az inkişaf edib".

Onun fikrincə, bu, beynəlxalq təcrübədə də belədir: "Aqrar sığortanın inkişaf müddəti bir az uzun çəkir. Azərbaycanda da bu sahə bir müddətdən sonra yavaş-yavaş inkişaf edəcək".

M. Abbasbəylinin sözlərinə görə, sığorta şirkəti üçün bir sığorta növündə zərər görmək o qədər də problem yaratmır: "Çünki hər sığorta növü gəlirli olmaya bilər. Bir sahədə zərər görüb, digər sahədə gəlir əldə edib bir-birini kompensasiya edirlər. Amma ümumilikdə bu sahədə kütləvilik az olduğu üçün sığorta şirkətlərinin də kənd təsərrüfatı sığortasına maraqları böyük deyil".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında burada ikitərəfli problemin olduğunu deyib: "Stimullaşdırıcı addımların atılmasına ehtiyac var ki, fermerlər ödənişlərin edilməsində maraqlı olsunlar. Bu, beynəlxalq təcrübədə də var. Hətta, Türkiyədə çox maraqlı bir yanaşma var ki, aqrar sahədə sığorta ödənişlərinin yarısını fermerlər, yarısını isə dövlət verir. Bu da stimullaşdırıcı addımdır ki, fermerlər məhsullarını, torpaq sahələrini, fərdi təsərrüfatlarını, mal-qaralarını sığortalamaqda maraqlı olsunlar. Azərbaycanda sığortalanma hələ aşağı səviyyədədir".

"İkincisi, ödənişlərlə bağlı problemlər var, üçüncüsü isə aqrar sahədə risklər daha çoxdur. Sığorta şirkətlərinin riskləri daha çoxdur. Təşviqedici addımlar olmasa, bir müddət sonra ümumiyyətlə, sığorta şirkətləri aqrar sektordan çəkilə bilər. Nəticədə də bunun ziyanı kənd təsərrüfatının bütün sahələrinə, o cümlədən fermerlərə dəyəcək. Çünki hava şəraiti, müxtəlif kataklizmlərlə bağlı kənd təsərrüfatında itkilərlə üzləşmək riski çox yüksəkdir" — Cəfərli bildirib.

İqtisadçı düşünür ki, dövlət tərəfindən stimullaşdırıcı proqramların qəbul edilməsinə, dəstək layihələrinə ehtiyac var: "Bu, müəyyən vergi güzəştləri və yaxud da ödənişlərin bir qisminin dövlət tərəfindən verilməsi şəklində ola bilər. Bunun üçün aqrar fond da yaradıla bilər".

Xəbər lenti
0