11:41 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
625202

"Hazırda neftin qiymətlərinin 55-60 dollar dəhlizində özünə yer tapması məhz yanvar ayında dünya bazarında 1,5 milyon barel neftin azaldılması hesabına olub"

BAKI, 20 fev — Sputnik. "Hazırda neftin qiymətinin özünə 55-60 dollar dəhlizində yer tapması, məhz dünya bazarında 1,5 milyon barel neftin azaldılması hesabına olub". Bunu Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
© Sputnik / Murad Orujov
Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

O, yanvar ayında Beynəlxalq Enerji Agentliyinin (BEA) açıqladığı hesabata görə, neft hasil edən ölkələrin gündəlik neft hasilatını 1,5 milyon barel azaltdığını deyib: "Bu, yaxşı göstəricidir. O baxımdan ki, 1,5 milyon barel dünya neft bazarına təsir edəcək bir səviyyədir. Yəni, bazarda qiymətlərin bu və ya digər səviyyədə bərqərar olmasına təsir edəcək həcmdir".

Ekspertin sözlərinə görə, faktiki olaraq dekabr ayından neftin qiymətləri 55 dollardan yüksək olan səviyyəyə keçib: "Əsas məsələ budur ki, növbəti aylarda bu tendensiya saxlanılacaq, ya yox. Bu tendensiyanın saxlanması o halda baş verəcək ki, hasilatın azaldılması ilə bağlı öhdəliyə əməl edilməsi 90 faizdən 100 faizə çatsın".

"Buna təsir edəcək ikinci ən böyük amil odur ki, neftin qiymətlərinin artması ABŞ-da şist neft hasilatçılarına stimul verir. Yəni, hasilatı artırsınlar və çıxarılan neft ABŞ-ın daxili bazarına getsin. Onlar daxili bazara nə qədər çox neft çıxarsalar, idxal da azalacaq. O zaman qiymət aşağı düşməyə başlayacaq" — deyə o qeyd edib.

İ. Şaban ABŞ-da yanvar ayında 8.94 milyon barel hasilat olduğunu deyib: "Əgər neftin qiyməti bu səviyyədə qalarsa, ABŞ-da 2018-ci ilin əvvəlinə hasilatın 600 min barel artması proqnozlaşdırılır. Çünki ABŞ-da şist neft 40 dollardan yüksək olarsa, rentabelli hesab edilir. Bəzi şist neft yataqları da 50 dollar səviyyəsində rentabellidir. Ancaq böyük əksəriyyəti 40 dollardan yüksək səviyyədə rentabellidir. Ona görə də, hasilatı kifayət qədər artıracaqlar. Hasilatın kifayət qədər artması neftin qiymətinin 60 dollardan yuxarı qalxmasını cilovlayan ən böyük amildir".

Onun sözlərinə görə, bu səbəbdən cari ildə, əsasən də ilin 2-ci yarısında neftin orta qiymətinin aşağı düşməsi proqnozlaşdırılır: "58-52 dollar civarında, hətta aşağı da olacağı deyilir".

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

Ekspert deyib ki, hazırda OPEC neftin təqribən 40 faizini ABŞ-a ixrac edir: "Əgər ABŞ neftin hasilatını 600 min barel artırsa, bu, OPEC-in hasilatından çıxacaq. ABŞ almasa, OPEC neftini başqa bazarlara çıxaracaq. Başqa bazara neft çıxarılanda bolluq yaranır və bolluq olanda qiymət aşağı düşür. Bu zaman qiymətin aşağı düşməməsi üçün OPEC hasilatı gərək daha da azaltsın. Bu, ən optimal yoldur. Əgər istəyirlər ki, neftin qiyməti 60 dollar olsun, gərək hasilatı azaltsınlar".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Beynəlxalq Energetika Agentliyinin OPEC-in neft hasilatının azaldılması ilə bağlı öhdəliyini 90 faiz yerinə yetirməsi ilə bağlı açıqlamasından sonra neft bazarında ciddi bahalaşmanın müşahidə olunacağı gözlənilirdi: "Amma artım heç 1 dollara çatmadı və bu açıqlama qiymətləri yuxarı çəkə bilmədi. Bu, onunla bağlıdır ki, həmin müqaviləyə qoşulmayan Liviya və Nigeriya kimi OPEC ölkələri var. İran isə şərtlə qoşulub".

"Digər ölkələrdə hasilatın azaldılması baş versə də, adları çəkilən hər üç ölkədə hasilat artıb. Bu, OPEC-in anlaşmasını zəiflədir. Yəni, bazara təsirlərini zəiflədir" — iqtisadçı bildirib.

O, bununla paralel olaraq, ABŞ-da da hasilatın artdığını deyib: "Bu da qiymətin artmasına imkan vermir. Əgər yeni anlaşma olmazsa, OPEC-in bazara təsiri mümkün olmayacaq. İyun ayında hasilatın azaldılması anlaşması bitir. OPEC ölkələri hasilatın azaldılması ilə bağlı yeni anlaşmaya imza atmasalar, OPEC-in bazara təsir imkanları getdikcə zəifləyəcək və neftin qiymətlərində kəskin artımın olması ehtimalı azalacaq. Hətta əks proses baş verə, neftin qiyməti 50 dollara qədər geri çəkilə bilər".

Əlaqədar

Neftimiz ucuzlaşıb
Neftin qiyməti ucuzlaşıb
Neftimiz bahalaşıb
Neft Fondunun vəsaiti bitəndən sonra nə baş verəcək?
Neft Fondunun gələn il büdcəsi təsdiqlənib
Teqlər:
Beynəlxalq Enerji Agentliyi, dünya, barel, istehsal, Natiq Cəfərli, İlham Şaban, OPEC, ekspert, bazar, dollar, neft

Əsas mövzular