07:25 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
375 0 0

Azərbaycanda yeni yunluq istiqamətli cins heyvanlar yetişdirmək və onun yunundan gəlir əldə etmək çox çətindir

BAKI, 9 fev — Sputnik. "Azərbaycanda ildə təqribən 17 min ton yun istehsal edilir. Yunun satışı təşkil olunsa, bu, hazırkı dövr üçün çox böyük addım ola bilər. Qoyunun cins tərkibini dəyişməklə yunun məhsuldarlığını artırmaq istiqamətində də iş gedə bilər".

Qalib Əbdüləliyev - Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri
Qalib Əbdüləliyev - Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri

Bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev, ölkədə yun istehsalı ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında deyib. Şöbə müdirinin sözlərinə görə, bu sahədə əsas yol xəritəsi belədir: "Yun tədarük məntəqələri yaradılsın, istehsal olunan yun qəbul edilsin və satışı təşkil olunsun. Uzun müddətli perspektivdə də zərif yunlu qoyunların damazlıq işi aparılsın ki, bunların sayı çoxalsın. Yun məmulatları, yundan hazırlanan materialların istehsalı artırılsın".

O, qeyd edib ki, sovet dövründə Yevlaxda böyük yun emalı müəssisəsi olub: "Bu fabrikdə həm daxildə istehsal olunan, həm də xaricdən gələn yun emal olunurdu. Yun bir ittifaq daxilində başqa respublikalara bizdən gedirdi. Məsələn, Moldovaya, Ukraynaya, Pribaltika respublikalarına. Amma yunun xaricə satılması mərkəzdən — Moskvadan planlaşdırılıb həyata keçirilib".

Q. Əbdüləliyevin sözlərinə görə, yunun qiyməti tələb və təklifdən asılıdır və onu bazar nizamlayır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı Sputnik Azərbaycan-a açıqlamasında, dünyada yun istehsalında ilk yeri, ildə 250 min ton ilə Avstraliyanın tutduğunu deyib: "İkinci yerdə Çin (170 min ton civarında), üçüncü yerdə Yeni Zelandiya (125-130 min ton civarında) gəlir. MDB ölkələrində də yun istehsalı inkişaf edib, təxminən 20-40 min ton arasında dəyişən istehsal var. Yun istehsalında Türkiyə (türkdilli ölkələr arasında ilk yerdədir), Hindistan, İran, Sudan, Cənubi Afrika, Argentina kimi ölkələrin də adını çəkmək olar".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı
Qadir Bayramlının şəxsi arxivindən
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı

Azərbaycana gəlincə, ekspert deyib ki, pambıqçılıq, ipəkçilik, çayçılıq kimi yun istehsalı çox böyük tənəzzül keçirməyib: "1985-ci ildə 11 min ton civarında yun istehsalımız qeydə alınıb. 1995-ci ildə isə bu rəqəm 9 min ton olub. Ondan sonra isə bu sahədə az da olsa, inkişaf trendi görünür. 2015-ci ildə 17 min ton civarında yun istehsalı olub".

Onun fikrincə, Azərbaycanda yun istehsalını inkişaf etdirmək üçün ilk növbədə qoyunçuluq sahəsində olan problemləri həll etmək lazımdır: "Ölkədə qoyunların cins məhsuldarlığı aşağıdır. Yun istehsalçılarının problemləri var. Bunlar istehsal etdikləri yunu kimə və necə satacaqlarını bilmirlər. Çox aşağı qiymətə yun təklif edilir. Bu, onlara sərf etmir, amma satmaq məcburiyyətində qalırlar. Çox zaman əllərində qalır və müəyyən müddətdən sonra keyfiyyətini itirir. Fermerlərin maarifləndirilməsinə böyük ehtiyac var. Bu sahədə sığorta sistemi tətbiq olarsa, fermerlərin işi asanlaşar".

Ekspertin sözlərinə görə, digər tərəfdən yunun təmizlənməsi kustar üsulla aparılır: "Yun tədarükü sistemli həyata keçirilmədiyindən, burada problemlər var".

Q. Bayramlı hesab edir ki, qoyunçuluq, o cümlədən yun istehsalının inkişafı ilə bağlı bir sıra tədbirlər görülə bilər: "Otlaqların keyfiyyəti yavaş-yavaş azalır, otarma normalarına əməl edilmir. Otlaqların yaxşılaşdırılmasına dair işlər aparılmalı, otarma normalarına əməl olunması ilə bağlı ciddi nəzarət olmalıdır. Bir sahədə min qoyun otarıla bilərsə, oraya 5 min və daha çox qoyun buraxılır. Bu da otlaqların keyfiyyətinin itirilməsinə səbəb olur".

Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert
© Sputnik / Anar Mustafayev
Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert

"Qoyunçuluq, o cümlədən yun istehsalında çox böyük maneə torpaqlarımızın işğalı ilə bağlıdır. Ermənilər tərəfindən ərazilərimiz işğal edilməsəydi, qoyunların sayı 13-14 milyon baş, yun istehsalı isə 25 min ton və daha çox ola bilərdi. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində əks olunan tədbirlərin həyata keçirilməsi qoyunçuluğun, yun istehsalının inkişafına kömək edəcək" — deyə ekspert əlavə edib.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə Sputnik Azərbaycan-a açıqlamasında bu sahədə ixtisaslaşmanın vacibliyini önə sürüb: "Bizdə əsasən universal qoyun cinsləridir. Burada həm südlük, həm ətlik, həm də yun nəzərdə tutulur. Universal qoyun cinslərindən ətlik, südlük və yun istiqamətində yaxşı nəticə əldə etmək, məhsuldarlığı artırmaq, məhsulun keyfiyyətini yaxşılaşdırmaq asan məsələ deyil".

Ekspertin sözlərinə görə, yun istehsal etmək istəyirlərsə, yunluq istiqamətli cins heyvanlar yetişdirilməlidir: "Dünya bazarında merinos cinsli heyvanlar var. Əsasən onların yunu tələb olunur. Bunlar bizim təklif etdiyimiz yundan fərqlidir. Düşünmürəm ki, Azərbaycanda qoyunçuluğun inkişafı indiki halda yaxşı nəticə versin. Ona görə ki, Azərbaycan torpaqlarının bir hissəsi işğal altındadır, onsuz da ölkədə örüş sahələrinin həcmi azdır və bu, yavaş-yavaş azalır".

Məhərrəmovun fikrincə, Azərbaycanda yeni yunluq istiqamətli cins heyvanlar yetişdirmək və onun yunundan gəlir əldə etmək aktual deyil. Ekspert yunun fermerlərin əlində qaldığını deyib: "Çünki tələb yoxdur. Ölkədə yun emalı ilə məşğul olan ciddi fabrik yoxdur. Yunun bir hissəsi məişətdə istifadə olunur. İndi anbarlarda kifayət qədər yun var".

"Merinos qoyunlar saxlasaq, keyfiyyətli yun istehsal etsək, ona tələb olacaq. Əgər keyfiyyətli yun istehsal etsək, Azərbaycana investorlar gələr və zavod, fabrik açarlar. Xammalı emal edib hansısa məhsula çevirmək və yaxşı gəlir əldə etmək olar" — deyə o qeyd edib.

Əlaqədar

Təbiət fermerlərə qənim kəsilib
Fermerlər ümid və səksəkə içərisində
Fermerlərin satış problemi həll olunur
Dövlət sifariş vermir, fermer də əkmir
Meşə yanğınlarına görə fermerlər cəzalandırılacaq
Teqlər:
yun, Qadir Bayramlı, Qalib Əbdüləliyev, kənd təsərrüfatı, Vahid Məhərrəmov, Sputnik, ekspert, heyvan, Azərbaycan

Əsas mövzular