22:15 25 May 2017
Canlı yayım
Pulqabında manatlar, arxiv şəkli

Cari ilin inflyasiya gözləntiləri ümidverici deyil

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
123020

Mütəxəssislərin fikrincə, 2017-ci ildə Azərbaycanda inflyasiya yenə ikirəqəmli səviyyədə olacaq

BAKI, 9 yan — Sputnik. 2017-ci ildə Azərbaycanda inflyasiya səviyyəsi 2,4 faiz təşkil edəcək. 2018-ci ildə isə bu göstərici 2,1 faizə bərabər olacaq. Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə hesabatında bildirilir. Daha əvvəl Dünya Bankı 2017-ci ildə istehlak qiymətlərinin 4,1 faiz artacağını proqnozlaşdırmışdı.

İqtisadçı-ekspert Rəşad Həsənov
© Foto: SIA.AZ
İqtisadçı-ekspert Rəşad Həsənov

Hesabatda qeyd olunur ki, bank Azərbaycanda inflyasiyanı 2016-cı il üçün 12 faiz səviyyəsində proqnozlaşdırıb. Qeyd edək ki, 2016-cı ilin 10 ayı ərzində Azərbaycanda istehlak qiymətləri və xidmət tarifləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artıb.

Azərbaycan hökumətinin hazırladığı sosial-iqtisadi inkişaf konsepsiyasının layihəsinə əsasən isə, 2017-ci ildə inflyasiya 7,3, 2018-ci ildə isə 4,9 faiz proqnozlaşdırılır. Bundan başqa, Dünya Bankı Azərbaycanda ümumi daxili məhsulun artımını 2017-ci il üçün 1,2 faiz, 2018-ci il üçün 2,3 faiz olaraq proqnozlaşdırıb. Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu göstəricilər, müvafiq olaraq, 1 və 1,5 faiz proqnozlaşdırılır.

Məsələni Sputnik-ə şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Dünya Bankının inflyasiya proqnozları daha çox istehlak gücü üzərində qurulub: "Belə ki, faktiki olaraq əhalinin real gəlirlərində azalma müşahidə olunub. Əgər əhalinin real gəlirləri azalırsa, bu, son nəticədə təbii olaraq istehlak qabiliyyətinə mənfi təsir göstərir. Beləliklə də bazarlarda istehlak qiymətlərinin artım tempində zəifləmə müşahidə olunur".

"Ola bilsin ki, Dünya Bankı proqnozlaşdırmanı apararkən əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi faktorunu və eyni zamanda, manatla bağlı hökumətin nisbətən passiv monetar siyasət həyata keçirəcəyini, digər tərəfdən isə neft qiymətlərinin bahalaşması ehtimalı fonunda Azərbaycan iqtisadiyyatında müşahidə ediləcək optimist trendlərin, davranışların təsirlərini ümumilikdə bu şəkildə qiymətləndirib" — ekspert bildirib.

Bununla belə, onun fikrincə, milli valyutanın tam üzən məzənnə rejiminə keçidi baş verəcəksə, bu zaman təbii olaraq manatın yenidən ciddi dəyərsizləşməsi müşahidə olunacaq: "Beləliklə də azərbaycanlı alıcının, istehlakçının istehlak qabiliyyətindən asılı olmayaraq ölkədə idxal inflyasiyası müşahidə olunacaq. Necə ki, 2015-2016-cı illərdə bu istiqamətdə ciddi dinamika baş verdi".

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Foto: N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

İqtisadçı 2017-ci ildə ikirəqəmli inflyasiyanın baş verəcəyi qənaətindədir: "Baxmayaraq ki, hökumət bunu 2016-cı illə müqayisədə 7 faiz proqnozlaşdırır, amma böyük ehtimalla 2017-ci ildə də real inflyasiya səviyyəsi ikirəqəmli faizlərlə ifadə olunacaq".

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə isə, Dünya Bankının metodologiyası yerli metodologiyadan fərqlidir. "Onlar, sadəcə rəsmi rəqəmlər əsasında hesablamalar aparırlar. Dünya Bankının Azərbaycanla bağlı verdiyi proqnozlar, çox zaman təəssüf ki, özünü doğrultmur. 2016-cı ilin əvvəlində də Dünya Bankı inflyasiya səviyyəsini aşağı qeyd etmişdi, amma Azərbaycanda son 8 ildə ilk dəfə idi ki, ikirəqəmli inflyasiya rəsmi şəkildə təsdiqini tapdı" — o, Sputnik-ə açıqlamasında bildirib.

"2016-cı ilin sonunda Azərbaycanda kommunal xərclərdə də ciddi artım oldu. Bu da qiymət artımının daha da sürətli olmasına səbəb olacaq. Ola bilər ki, Dünya Bankının sözügedən hesabatı hazırlanarkən bu faktor nəzərə alınmayıb. Bu, öncədən hazırlanır. Ola bilər, gələcək proqnozlarda müəyyən düzəlişlər edilsin. Çünki, Dünya Bankının təcrübəsində tez-tez bunun şahidi oluruq, müxtəlif proqnozlara düzəlişlər olur" — Cəfərli qeyd edib.

Ekspert kommunal xərclərin artmasını inflyasiyanı daha da sürətləndirəcək amillərdən biri hesab edir: "Həm də məzənnə ilə bağlı problemlər davam edir. Azərbaycanda manatın ucuzlaşması prosesi gedir. Bunun özü də qiymətlərə, inflyasiyaya çox ciddi təsir edən amillərdən biridir. Bu iki faktoru nəzərə alsaq, Azərbaycanda 2017-ci ildə inflyasiya yenə ikirəqəmli olacaq və bir müddət sonra Dünya Bankı proqnozlarına müəyyən dəyişikliklər etmək məcburiyyətində qalacaq".

Əlaqədar

İqtisadçı-ekspert: 2017-ci ildə də inflyasiya iki rəqəmli olaraq davam edəcək
​Mərkəzi Kəşfiyyat İdarəsi Azərbaycanda inflyasiyanın səviyyəsini müəyyən edib
"Ötən il inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb"
Nazir: İnflyasiya gözlənilir
Azərbaycanda inflyasiya qeydə alınıb
Süni qiymət artımının qarşısı alınmasa, inflyasiya 10%-dən çox olacaq
Teqlər:
Rəşad Həsənov, hesabat, Dünya Bankı, Natiq Cəfərli, faiz, ekspert, iqtisadçı, inflyasiya, Azərbaycan

Əsas mövzular