15:41 23 Fevral 2017
Canlı yayım
Müqavilə imzalayan adam, arxiv şəkli

Kiçik orta sahibkarların arzusu reallaşacaq

© Foto: PUBLIC DOMAIN
İQTİSADİYYAT
Qısa URL
91010

Məqsəd sahibkarlarla dövlət qurumları arasındakı çəkişmələrin sülh yolu ilə həllinə nail olmaqdır

BAKI, 5 yan — Sputnik. Mübahisələrin məhkəməyəqədər həllinin alternativ üsullarının təkmilləşdirilməsi üçün mediasiya haqqında qanunun qəbulu nəzərdən keçiriləcək. Qanunda mediasiyanın tətbiq dairəsi, məqsəd və prinsipləri, könüllülük və mediasiya tərəflərinin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların müstəqilliyi və qərəzsizliyi, mediasiya proseduruna müdaxilənin yolverilməzliyi və s. məsələlər əhatə olunacaq.

Eyyub Hüseynov
faktxeber.com
Eyyub Hüseynov

Sputnik xəbər verir ki, bu barədə "Azərbaycan kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir. Qeyd olunur ki, mediatorların fəaliyyətinin təşkili və əlaqələndirilməsi məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə Mediasiya Şurasının yaradılması nəzərdən keçiriləcək. Mediasiya Şurası müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi müsabiqənin nəticələri əsasında təyin edilən üzvlərdən ibarət olacaq. Şura haqqında əsasnamə hazırlanacaq, şuranın səlahiyyətləri müəyyənləşdiriləcək və fəaliyyəti təmin ediləcək.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik-ə şərhində bildirib ki, 5 il bundan öncə AİB Avropa İttifaqının anoloji layihəsini həyata keçirib: "Böyük Britaniyanın mediasiya mərkəzlərinin işçiləri bizim 10 nəfərə, o cümlədən də mənə treninqlər keçiblər. Biz bu sahədə sertifikatlaşdırılmışıq və gündəlik mediasiya ilə məşğul oluruq. Keçən həftə 10 mediasiya işi görmüşük. Bu, mübahisələrin həlli üçün ən əhəmiyyətli bir üsuldur. Bir neçə il öncə, hətta bir neçə rayonda məhkəmələr bizim mediasiya mərkəzlərinə mübahisələrin həlli üçün insanlar göndərirdilər ki, onları barışdıraq".

"Britaniyalı mütəxəssislər Azərbaycana gələndə dedim ki, bu, əslində Şərqin ağsaqqallıq institutudur. Azərbaycanda və Şərqdə bunun ideoloji kökləri var ki, ən böyük problemlər danışıqlar yolu ilə həll olunub. Bu, çox əhəmiyyətli məsələdir. Lakin, onu da təəssüflə qeyd edim ki, neçə il öncə Azərbaycanda arbitraj məhkəməsinin yaradılması məsələsi önə çəkildi. Bir müddət arbitraj məhkəməsinin üzvü oldum. Lakin o proses müəyyən səbəblərdən getmədi", — Hüseynov bildirib.

Ekspertin fikrincə, mediasiya, yəni problemlərin məhkəməyəqədərki həlli cəmiyyətə böyük xeyir gətirəcək: "Azad İstehlakçılar Birliyi olaraq çox istərdik ki, Mediasiya Şurasında təmsil olunaq. Çünki, biz sertifikatlaşdırılmış bir qurumuq və gündəlik mediasiya ilə məşğul oluruq. Artıq 10 ildən çoxdur ki, Azad İstehlakçılar Birliyi mediasiya aparır və başqa ölkələrdən fərqli olaraq biz bunu təmənnasız edirik. Lakin bu proses bütün ölkələrdə təmənnalıdır, yəni pullu xidmətdir".

Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert
© Foto: E.Bağırzadənin arxivindən
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə isə Sputnik-ə açıqlamasında deyib ki, ümumiyyətlə, bazar iqtisadiyyatında iqtisadi proseslərin tənzimlənməsi üçün ciddi, güclü bir hüquqi baza olmalıdır: "Əgər hüquqi baza sağlam deyilsə, onda iqtisadi proseslər də istənilən istiqamətə getmir və bazarın üstünlüklərindən o qədər də faydalanmaq olmur. Konkret olaraq, ən çox problemlər hüquqi müstəvidə sahibkarlıq fəaliyyəti, məhkəmə çəkişmələri və müqavilələrin imzası ilə bağlı olur. Müasir dünya təcrübəsində belədir ki, bu müqavilələrin icrasında, xüsusilə də hökumətlə sahibkar arasındakı münasibətlərin tənzimlənməsində, məhkəmələrə getmədən, uzun-uzadı prosedurlar keçirilmədən, aralıq mərhələlər müəyyənləşdirilir".

"Bu sistem müxtəlif ölkələrdə fərqli adlar altında fəaliyyət göstərir. Əsas məqsəd — sahibkarlarla dövlət qurumları arasındakı çəkişmələrin sülh yolu ilə həllinə nail olmaqdır. Onun Azərbaycandakı adını belə deyə bilərik: çəkişmələrdə ortaq məxrəcə gəlmək. Yəni, onsuz da müəyyən mərhələdən sonra məhkəmə prosesi uzanır. Amma aralıq olaraq belə mexanizmlər yaradılır. Bu nə üçün belədir? Çünki, kiçik və orta sahibkarlığın çox böyük kapitalı yoxdur, habelə ciddi hüquq xidmətlərindən də yararlana bilmirlər ki, daim prosesləri nəzarətdə saxlasınlar. Ona görə də dövlət kiçik və orta sahibkarlıq üçün belə mexanizmlər yaradır ki, dövlət qurumları və digər qurumlar ilə sahibkarlar aralarında baş verəcək hər hansı bir hüquqi problemləri bu şəkildə, yəni, məhkəməyə baş vurmadan həll etmək imkanları əldə etsinlər", — iqtisadçı vurğulayıb.

Onun sözlərinə görə, burada əsas məqsəd kiçik və orta sahibkarlığın xərclərini azaltmaqdır: "Məsələn, vergi ilə sahibkar arasındakı çəkişməni məhkəməyə daşımağa ehtiyac yoxdur. Bu, müvafiq şuralarda müzakirə olunacaq və ortaq məxrəcə gəlinəcək".

Vəkil Elyar Həsənov
© Foto: E.Həsənovun şəxsi arxivindən
Vəkil Elyar Həsənov

Mövzunu Sputnik-ə şərh edən hüquqşünas Elyar Həsənov da məhkəməyə qədər həll təcrübəsini vacib hesab edir: "Buna bəzən Münsiflər Məhkəməsi də deyilir. Amma bunun adında "məhkəmə" sözünün olması o demək deyil ki, o, məhz dövlət qurumu kimi fəaliyyət göstərəcək. Sahibkarlar öncədən razılığa gəlirlər ki, əgər aralarında hər hansı bir mübahisə olarsa, bu mübahisə həmin qurum tərəfindən araşdırılacaq və məhkəmə müstəvisinə çıxarılmadan həllini tapacaq".

"Söhbət getmir ki, həmin qurum, məhz dövlət təşkilatı olmalıdır. Bu, qeyri-dövlət təşkilatı kimi də fəaliyyət göstərə bilər. Hesab edək ki, mübahisə tərəfləri öncədən özlərinə hakim təyin edirlər. Əsas odur ki, tərəflər öz aralarında razılığa gəlsinlər", — Həsənov bildirib.

Hüquqşünas qeyd edib ki, Qərb ölkələrində mövcud olan bu ənənə müsbət nəticələr meydana çıxarıb: "Onlar uzunmüddətli fəaliyyətləri zamanı qərəzsizliklərini sübut ediblər. Özləri də maraqlı olurlar ki, işlərində qərəzə yol verilməsin. Çünki, adlarına hansısa ləkə gəldisə, bu, onlara potensial müraciət edənlərin sayını azaldır".

Əlaqədar

Sahibkarlarla bağlı qanunvericilik dəyişdi
Cari il sahibkarlara 120 milyon manatdan artıq güzəştli kredit verilib
"Sahibkar məsuliyyətdən yayınacaqdı..."
Dövlət orqanlarına yanlış məlumat verən sahibkarlar cərimələnəcək
Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb
Sahibkarlıqla bağlı qanunvericilik sərtləşdirildi
Sahibkarlıq fəaliyyəti ilə bağlı şərtlər asanlaşdırılır
"Sahibkarlıq təhsili"nin qalibləri bəlli oldu
Teqlər:
mediasiya, Elyar Həsənov, Elşən Bağırzadə, Eyyub Hüseynov, problem, sahibkar, məhkəmə