08:26 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695

Yaxın 5 ildə Azərbaycanda proqnozlaşdırılan tendensiya

İQTİSADİYYAT
Qısa URL
29701

Qubad İbadoğlu: "İşsizliyin artması, manatın dəyərdən düşməsi, kriminal durumun pisləşməsi, əhalinin gəlirlərinin azalması və inflyasiya ölkə iqtisadiyyatını xarakterizə edən əsas göstəricilər olacaq"

Yaxın 5 ildə Azərbaycanda proqnozlaşdırılan tendensiya
BAKI, 25 iyul — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyaları ləğv edilib. Bu qərarın başlıca səbəbi pis idarə olunan bir sıra bankların maliyyə mötəbərliliyini və adekvatlığını itirməsi səbəbindən defolt vəziyyətinə düşməsidir.

Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
facebook/ Qubad İbadoğlu
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

Ekspertlər hesab edirlər ki, son aylar manatın məzənnəsinin tez-tez dəyişməsi, neftin dünya bazarında qiymətinin sürətlə aşağı düşməsi gələn ilin ölkəmiz üçün ağır olacağından xəbər verir. Bu azmış kimi, yaxın zamanda yeni bahalaşma dalğasının gözlənildiyi bildirilir.

Məsələ ilə bağlı Sputnik-in suallarını iqtisadçı-ekspert Qubad İbadoğlu cavablandırıb.

- Bir sıra banklar bağlanıb. Bu proses nə qədər davam edəcək?

— Bankların əksəriyyətinin vəziyyəti eynidir, yəni pisdir. Onları bir-birindən fərqləndirən müştərilər qarşısında öhdəlikləri, eyni zamanda, kredit portfelinin nə dərəcədə effektiv idarə edilməsidir. Müştərilər qarşısında öhdəlikləri böyük olmayan bankların bağlanılması önə çəkilib. Çünki bu öhdəlikləri banklar yerinə yetirməyəndə, qorunan əmanətlər üzrə Əmanətlərin Sığortalanması Fondu yerinə yetirməlidir ki, bu da dövlətin vəsaitləri hesabına başa gəlir. Bu da son nəticədə, dövlətin maliyyə ehtiyatlarının azalmasına gətirib çıxarır. Ona görə də, kütləvi şəkildə bağlanmadan söhbət gedə bilməz. Lakin banklar üçün iki yol var: birincisi — birləşmə, ikincisi isə — bankların öhdəliyini nəzərə alaraq onların bağlanması. Düşünürəm ki, bu proses davam edəcək. Bankların sağlamlaşdırılması prosesi başlanana qədər bankların hazırki vəziyyəti onu deməyə əsas verir ki, ən azı bu il ərzində biz belə hallarla yenidən rastlaşacağıq.

- Yeni bahalaşma dalğasının gözlənildiyini bildirmisiniz. Bunu necə əsaslandırmaq olar?

— İnflyasiyanı artıran bir sıra amillər var. Bir amil ondan ibarətdir ki, ölkədə deflyasiya gedir, ölkənin manatı dəyərini itirir, bütün bunlarla yanaşı, həm də ölkədə yeyinti məhsullarının idxalı artır. Nəzərə alaq ki, yeyinti məhsulları ölkəyə dollarla alınan məhsullardır və ölkədə satışı zamanı dolların məzənnəsi əhəmiyyətli rol oynayır. Əgər dolların məzənnəsi möhkəmlənirsə, idxal mallarının qiymətində də həmin məzənnə fərqinə uyğun olaraq artım baş verir. Başqa bir faktor son zamanlar kommunal xidmətlərin qiymətinin bahalaşmasıdır. Bu ona gətirib çıxaracaq ki, digər bazarlarda qiymət artacaq və bu prosesi biz yaxın zamanlarda müşahidə edəcəyik. Digər tərəfdən də, ailə büdcəsində kommunal xərclərin payı çox olacaq. Bu, son nəticədə həm də qiymətin bahalaşmasına təsir göstərən bir amil olacaq. Başqa bir amil mövsümü amildir. Bu, yaxın zamanda bazarda yerli məhsulların qiymətinin bahalaşmasını şərtləndirir. Yəni, bir çox amillər inflyasiyanı yuxarı qaldırır və qiymətin bahalaşmasını şərtləndirir, onlar indi fəaldırlar. Mən üçünü sadaladım, lakin bu, hamısı deyil. Hesab edirəm ki, bu üçü də kifayət edir ki, Azərbaycanda, xüsusilə ərzaq məhsullarının qiymətinin yaxın zamanda bahalaşmasının şahidi olaq.

- Yaxın perspektivdə Azərbaycan iqtisadiyyatını nə gözləyir?

— Mən çox arzulayardım ki, pozitiv dəyişikliklərdən danışım, amma təəssüf ki, yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında bunu müşahidə etmək üçün əsas yoxdur. Çünki ölkənin həm biznes, həm dövlət səviyyəsində iqtisadiyyatı daha ciddi problemlərlə üzləşir. Maliyyə və bank sektorunda baş verənlər, eyni zamanda ev təsərrüfatı səviyyəsində alıcılıq qabiliyyətinin aşağı düşməsi bütövlükdə həm dövlət, həm biznes sektorunun satışlarının azalmasına, onların xidmətlərinin məhdudlaşmasına gətirib çıxarır. Bu da son nəticədə, iqtisadiyyatın kiçilməsini şərtləndirir. İqtisadiyyat kiçildikcə əhalinin gəlirləri azalır. Bir vaxtlar iqtisadiyyatın böyüməsindən qazananlar indi iqtisadiyyatın kiçilməsindən uduzurlar. Bu, sosial vəziyyətə də mənfi təsir göstərəcək. Yəni, yaxın beş ildə işsizliyin artması, manatın dəyərdən düşməsi, kriminal durumun pisləşməsi, əhalinin gəlirlərinin dəyərsizləşməsi və inflyasiya, demək olar ki, Azərbaycan iqtisadiyyatını xarakterizə edən əsas göstəricilərdən biri olacaq.

Əlaqədar

Ölkə iqtisadiyyatının "qan-damar sistemi pozulub"
"Azərbaycan iqtisadiyyatında ciddi problemlər yaşanacaq"
"İnsanları iqtisadiyyatın yenidən qurulması prosesinə cəlb etmək lazımdır"
"İnhisarçılıq iqtisadiyyatımızı elə zəlil günə qoyub ki..."
"Hökümət düşünürdü ki, iqtisadiyyat sadəcə soyuqlayıb..."
Teqlər:
deflyasiya, Maliyyə Bazarlarına Nəzarət Palatası, Qubad İbadoğlu, inflyasiya, bank, iqtisadiyyat

Əsas mövzular