19:15 20 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Dollar və manat

Növbəti devalvasiya təşvişi

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
544610

Azərbaycanda dollara tələbatın sürətlə artması cəmiyyətdə yenidən narahatlıqlara yol açıb. Bəzi ekspertlər manatın ciddi dəyər itirəcəyini istisna etsə də, ABŞ valyutasının təkrar bahalaşacağını proqnozlaşdıranlar da var.

BAKI, 10 iyun — Sputnik. Dövlət Neft Fondu tərəfindən iyunun 9-da hərraca 50 milyon dollar həcmində valyuta kütləsi çıxarılıb. Hərracda dollar kütləsinə kommersiya banklarının real tələbatı faktiki təklifi 10 dəfəyə yaxın üstələyərək, təxminən 500 milyon dollara çatıb.

ABŞ dolları
© Sputnik / Murad Orujov

Dünən Dövlət Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 29 banka satılıb. Məzənnənin sabitləşməsi üçün valyuta hərracına çıxarılan vəsaitin həcminin artırılmasına ehtiyac olacağı proqnozlaşdırılır.

"İkinci devalvasiyadan sonra manatın məzənnəsi 1.55 idi. Amma sonuncu bir neçə həftədə 1.49-a düşmüşdü. Hesab edirəm ki, bu düzgün deyil, manat həddindən artıq möhkəmləndi. Ona görə də tələbat artdı".

Bunu Sputnik-ə açıqlamasında iqtisadçı ekspert Fuad Əlizadə deyib. "Bundan başqa, sezon vaxtıdır, insanlar istirahətə gedirlər başqa ölkələrə. Bunun üçün dollar lazımdır. Ona görə tələbat qalxdı. Bu o demək deyil ki, 3-cü devalvasiya olacaq", — iqtisadçı vurğulayıb.

Fuad Əlizadə, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Fuad Əlizadə, iqtisadçı-ekspert

O, hesab edir ki, bir neçə gündən sonra manat yenidən möhkəmlənə bilərdi: "Bunun qarsısın almaq üçün bir ay içində Mərkəzi Bank hərracda 200 milyon dollar alıb ki, manat çox bahalaşmasın. Bizdə "üzən məzənnə" rejimidir. Son iki hərracda dolların qiyməti qalxıb. İndi 1.51-i keçib. Hesab edirəm ki, bu, 1.52-1.53 dəhlizində dayana bilər".

"Hazırda neftin qiyməti 50 dollar civarındadır və manatın düşəcəyini, devalvasiya olacağını gözləməyə dəyməz. Hesab edirəm ki, hərraca çıxarılan vəsaitin həcminin artırılmasına ehtiyac yoxdur. 50 milyon dollar böyük məbləğdir. Həftədə iki hərrac keçirilir. Ayda təxminən yarım milyarda qədər dolları hərracda banklar ala bilərlər", —deyə ekspert əlavə edib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehdiyev isə hesab edir ki, son devalvasiyadan sonra, bu ilin əvvəlində ölkədə iqtisadi xaos mövcud idi və hökumət bütün mümkün inzibati vasitələrlə bunun qarşısını almağa çalışdı, xüsusilə iqtisadi fəallığı aşağı saldı. "Bank sektorunda problemlərin dərinləşməsi xüsusilə dollara olan tələbatın kəskin azalmasına gətirib çıxartdı. Hökumət özü də satışa az dollar çıxarmaqla mümkün qədər bu prosesləri inzibati yollarla tənzimləməyə çalışır", — ekspert Sputnik-ə açıqlamasında deyib.

Azər Mehdiyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru
© Foto : A.Mehdiyevin şəxsi arxivi
Azər Mehdiyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Onun sözlərinə görə, eyni zamanda, hökumət manat qıtlığı yaratmaqla, kreditlərin verilməsinə məhdudiyyət qoymaqla, ümumiyyətlə, dolların satışına bu və ya digər formada məhdudiyyət qoymaqla iqtisadi fəallığın kəskin aşağı düşməsinə nail olub: "Bu proseslər özünü idxal-ixrac əməliyyatlarında göstərdi. Ölkəyə əvvəlki illərdən ən azı 2 dəfə az mal idxalı həyata keçirilir. Bu da dollara olan tələbatın aşağı düşməsinə gətirib çıxardır. Ancaq bu proses getdikcə səngiyir. Artıq iqtisadi fəallığın tədricən artması müşahidə olunur. Neftin qiymətinin 50 dollar səviyyəsinə qalxması fəallığın artmasına gətirib çıxardır".

"Bütün bunlar onu göstərir ki, iqtisadi fəallığın canlanması, xüsusilə də dollara olan tələbatın artmasına gətirib çıxardır. Banklar öz vəsaitlərini daha çox dollara çevirməklə saxlamaq istəyir və gözlənilməyən itkilərini qarşılamağa çalışır. Bu da dollara olan tələbatı artırır", — A. Mehdiyev vurğulayıb.

Onun fikrincə, reallıq ondan ibarətdir ki, ölkənin valyuta ehtiyatlarının artması o qədər də gözlənilən deyil: "Ölkəyə valyuta yalnız neft gəlirləri hesabına daxil olur. Neftin qiymətinin də çox olması gözlənilən deyil. Belə vəziyyətdə manatın sabitliyi və Mərkəzi Bankın manatın möhkəmləndirilməsi istiqamətində atdığı addımlar o qədər də inam doğurmur".

Ekspert qeyd edib ki, dollara olan tələbatı ödəmək üçün əlavə vəsaitin çıxarılmasına ehtiyac olarsa, bunun iki mənbəyi var: "Ya Dövlət Neft Fondu əlavə satışlar həyata keçirməlidir. Ya da Mərkəzi Bank öz ehtiyatlarını satışa çıxarmalıdır. Neft Fondunun da vəsaitini bazara çıxarmağın özünün məhdudiyyətləri var. Dövlət büdcəsinə transfert edəcəyi miqdarda bazara çıxarda bilər".

"Fondun digər layihələri əsasən xaricdə maliyyələşməli olan layihələrdir. Bunlar valyuta ilə maliyyələşdirilir. Buna görə də Fondun məhdudiyyəti varsa və bunu artırmaq mümkün deyilsə, onda Mərkəzi Bankın valyuta ehtiyatlarına müraciət etmək zərurəti yaranacaq. Bu da valyuta ehtiyatlarının azalması və manatın məzənnəsində ciddi dəyişikliklərə səbəb ola biləcək hadisələrlə müşayət oluna bilər", — iqtisadçı qeyd edib.

Əlaqədar

"Formula 1-ə qərar veriləndə devalvasiya olacağı ağıla gəlmirdi"
Devalvasiya bunu da bacardı: el adətləri dəyişir
Növbəti devalvasiya təhlükəsi: Mərkəzi Bank uçot dərəcəsini artırdı
Devalvasiya yüklü 8 mart: qadın nə düşünür?
"Devalvasiya gözləntisi var, insanlar əmanət qoymaqda maraqlı olmayacaq"
Mərkəzi Bankın sədri: Növbəti devalvasiya olmayacaq
Bakı restoranları devalvasiyaya təslim oldu
Teqlər:
Azər Mehdiyev, Fuad Əlizadə, manat, devalvasiya, hərrac, dollar, Dövlət Neft Fondu

Əsas mövzular