00:43 26 Sentyabr 2017
Canlı yayım
həbs
gazeta-bam.ru

Sərt cəzalar inhisarçıların "gözünü qorxuda" biləcəkmi?

İQTİSADİYYAT
Qısa URL
3401

Ekspertlər monopoliya ilə mübarizənin kompleks şəkildə həyata keçirilməsini vacib sayırlar: "Cəza tədbirləri inhisarçılığın aradan qaldırılması üçün yetərli deyil"

BAKI, 6 apr — Sputnik. Aprelin 5-də Milli Məclisdə Cinayət Məcəlləsinin 199-cu (İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) maddəsinə və "Antiinhisar fəaliyyəti haqqında" qanuna dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırması, yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq və digər belə hərəkətlərlə bağlı cəzalar sərtləşdiriləcək.

İnhisarçılıq hərəkətləri Cinayət Nəticəsində vurulmuş ziyanın 2 misli miqdarında cərimə edilməklə, 2 il müəyyən vəzifə tutma hüququndan məhrum etmə və 3 ilə qədər həbslə cəzalandırılacaq. İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, cəza tədbirləri inhisarçılığın aradan qaldırılması üçün yetərli deyil.

"Rəqabət Məcəlləsi qəbul olunmalıydı. Bu məcəllə 8 ildən çoxdur ki, Milli Məclisdə qalıb. Hələ ki, qəbul olunmur. Onun qəbulundan sonra digər qanunvericilik aktlarına da dəyişiklik edilməsi məntiqli olardı. Amma, bu addımın özü belə, müəyyən dərəcədə cəzaların sərtləşdirilməsi, inhisarçılıqla bağlı problemlərin aradan qaldırılması üçün ilkin addım ola bilər", —deyə ekspert Sputnik-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, inhisarçılığın aradan qaldırılması tək cəza tədbirləri ilə olmur: "Ümumi biznes şəraitinin yaxşılaşdırılması üçün ciddi addımlar atılmalıdır. Ən azından məhkəmə sistemində müəyyən islahatlar olmalı, iqtisad məhkəmələri tamamilə yenidən qurulmalıdır. Yəni iqtisad məhkəmələri iqtisadi mübahisələri normal şəkildə araşdırıb tez və ədalətli qərarlar çıxarsa, qanunvericilik aktlara dəyişiklik etməyə də bir o qədər ehtiyac qalmayacaq".

"Bütün məsələlərin məhkəmə yolu ilə həll olunması bir president də yaradacaq. Ən azından iş adamalarında özünə inamı artıracaq ki, inhisarçılıqla bağlı hər hansı bir qeyri-qanuni faktlarla rastlaşacaqlarsa, dərhal məhkəmələrə müraciət edib ədalətli qərarlar ala bilərlər", —deyə iqtisadçı vurğulayıb.

Məlumdur ki, ötən ildən başlayaraq neftin dünya bazarında qiymətinin aşağı düşməsi ilə iqtisadiyyatı neftdən asılı olan Azərbaycanda milli valyuta iki dəfə ucuzlaşdı, büdcə xərcləri azaldıldı. Hakimiyyət rəsmiləri dəfələrlə bəyan ediblər ki, monopoliyaya qarşı mübarizə hökumətin anti-böhran tədbirlərinin tərkib hissəsidir.

İqtisadçı ekspert Nicat Hacızadənin sözlərinə görə, neftin qiymətinin düşməsi fonunda ölkə iqtisadiyyatına ən çox inhisarçılıq zərər vura bilər: "Həm ölkə Prezidenti tərəfindən imzalanan sərəncamlar, həm də Milli Məclis tərəfindən hazırlanan sənədlərin heç biri nəzəri və kağız üzərində qalmalı deyil. Bunlar əməli şəkildə icra olunmalıdır və aparılan icra həm də göstərilən digər prosedurları ilə ictimaiyyətə çatdırılmalıdır. İnhisarçılıqla məşğul olan şəxslərlə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülməlidir. Çünki bu, beynəlxalq təcrübədə də belə olub. Ona görə də Azərbaycanda sırf bu məsələnin qabardılması lazımdır".

"Biz o vaxt inhisarçlığın ləğv olunmasının nəticəsini görəcəyik ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı ictimaiyyətdə, media və digər qurumlarda özünü göstərəcək. İnhisarçılığın ləğv olunması ilə Azərbaycanda bazar iqtisadiyyatının və xüsusilə qeyri-neft sektorunun sürətli şəklidə inkişafı başlayacaq", —deyə ekspert bildirib.

O, əlavə edib ki, inhisarçılıqla məşğul olan şəxslərə qarşı daha sərt cəza tədbirləri həyata keçirilməlidir: "İxracatda olan inhisarçılığı aradan qaldırmaq mümkün olarsa, onda bu, ölkyə valyuta axınına səbəb ola bilər. İxracaatda inhisarçılğın aradan qaldırılması o deməkdir ki, artıq bir və ya iki nəfər yaxud holdinq sahibi olan şəxs bazarda olan məhsulları ölkədən xaricə çıxartmayacaq. Burada iqtisadi diverfikasiya yaranacaq və Azərbaycandakı sahibkarların əksər hissəsi öz məhsullarını xarici bazarlara çıxaracaqlar. Artıq bir nəfərin yox, yüz nəfərin məhsulu bazara çıxacaq. Bu isə ölkəyə kifayət qədər xarici valyutanın gəlməsinə səbəb olacaq. Xarici valyutanın artması isə avtomatik olaraq Azərbaycandakı pul-kredit siyasətinə ciddi sürətdə təsir göstərəcək".

Natiq Cəfərli isə ilk növbədə idxalda olan monopoliyanın ləğv olunmasının tərəfdarıdır: "Çünki ixracatda bizim o qədər də rəqabətə davamlı məhsullarımız yoxdur ki, ixaracaatda da müəyyən problemlər yaşayaq. Əsas inhisarçılıq idxalla, yəni ölkəyə gətirilən məhsullarla bağlıdır. Bu sahəyə gömrükdəki müəyyən dəyişikliklər pozitiv təsir göstərə bilər".

Bununla belə, o, hesab edir ki, kompleks şəkildə tədbirlər görülməsə, bunun özü də ciddi effekt verməyəcək: "Ona görə də əsas inhisarçılığın idxalda olduğunu nəzərə alaraq idxal məsələlərinə və məhkəmələrin yenidən təşkilinə ciddi fikir vermək lazımdır".

Qeyd edək ki, prezident İlham Əliyev hökumət üzvləri ilə keçirdiyi bütün müşavirələrdə monopoliyanın ölkə iqtisadiyyatının inkişafında əsas problemlərdən biri olduğunu dəfələrlə vurğulayıb.

Əlaqədar

Vasif Talıbov Naxçıvanda inhisarçılığın qarşısının alınması barədə tapşırıq verib
Brokerlər inhisarçı deyilmiş
"Sahibkarlığın inkişafına inhisarçı oliqarxlar mane olur"
"Ölkədə süni qiymət artımı varsa, deməli monopoliya var"
Teqlər:
Nicat Hacızadə, inhisar, Natiq Cəfərli, monopoliya, sahibkarlıq, cəza, iqtisadiyyat

Əsas mövzular