Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Mərkəzi Bankı "üzən məzənnə"dən imtina edəcək"

© Sputnik / Murad OrujovAzərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı - Sputnik Azərbaycan
Abunə olmaq
Dolların rəsmi məzənnəsinin qısa müddətdə 1,85-2,10 AZN/USD diapazonuna çatacağı və müəyyən səviyyədə sabitləşəcəyi ehtimal olunur

BAKI, 9 mart — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il dekabrın 21-dən tətbiq etdiyi "üzən məzənnə" rejimindən imtina edəcəyi gözlənilir. "Report"un analitik qrupu hesab edir ki, AMB-nin fevralın 24-dən etibarən manatı ucuzlaşdırmağa başlaması valyuta siyasətində dəyişiklik etməsi ilə izah oluna bilər.

Belə ki, fevralın 24-də dolların rəsmi məzənnəsi 1,5593 AZN/USD olduğu halda, AMB sonrakı gün hərraca çıxardığı valyuta kütləsini 100 mln. dollardan 30 mln. dollara qədər azaldıb. Əvvəlki günlərdə isə hətta hərraca 200 mln. dollar çıxarıldığı da müşahidə olunub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu - Sputnik Azərbaycan
Banklar Neft Fondundan 100 milyon tələb edir, dollar yenidən qalxdı

Qeyd edək ki, fevralın 24-də "Brent" markalı neftin qiyməti 33 dollar/barel təşkil edib. Bu gün isə "Brent" nefti 40 dollar/barelə satılır ki, bu da fevralın 24-nə nisbətən 21% çoxdur. Məhz fevralın 24-dən etibarən AMB-nin məzənnə siyasətini dəyişdirməsindən sonra daxili bazarda dollara tələbat artıb və bəzi günlərdə hərraca təklif olunan məbləği bir neçə dəfə üstələyib.

Hazırda AMB yeni valyuta siyasətini davam etdirir və bu gün də hərraca Dövlət Neft Fondu AMB vasitəsilə 50 mln. dollar çıxarıb. Bugünkü hərracda tələbat təklifdən bir neçə dəfə artıq olub və nəticədə, növbəti gün üçün rəsmi məzənnənin 1,6309 AZN/USD olacağı gözlənilir (bu gün 1,6228 AZN/USD-dir).

"Report"un analitik qrupu hesab edir ki, manatın məzənnəsinin möhkəmlənməsi dövründə istədiyi effektə nail ola bilməyən AMB valyuta siyasətində dəyişiklik etmək məcburiyyətində qalıb: "Aydın olub ki, "üzən məzənnə" rejimi Azərbaycan reallıqlarına uyğun deyil. Çünki, insanlar gələcəkdə manatın məzənnəsini proqnozlaşdıra bilmədiklərindən xarici valyutada vəsaitlərini qorumağa çalışır. Bu da real iqtisadiyyatın inkişafına mane olur. Manata inamın geri dönməsinin yeganə yolu isə AZN/USD məzənnəsinin sabitləşdirilməsidir. Bu zaman xarici valyutada yığımların manata geri dönəcəyi və banklara yatırılacağı şübhəsizdir. Nəticədə, banklar da manatla kreditləşməni bərpa edə bilər ki, bu da öz növbəsində iqtisadi artımı sürətləndirər".

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Analitik qrup dolların rəsmi məzənnəsinin qısa müddətdə 1,85-2,10 AZN/USD diapazonuna çatacağını və müəyyən səviyyədə sabitləşəcəyini düşünür: "AMB-nin ən gec may ayının əvvəlində sabit valyuta məzənnəsi haqqında qərarını açıqlayacağı ehtimal edilir. Belə olarsa, artıq 2016-cı ilin ikinci yarısında ÜDM-də ciddi artım gözləmək olar".

Məsələ ilə əlaqədar bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, Mərkəzi Bank dekabrda "üzən məzənnə" rejimini bəyan etsə də, zatən ölkədə "üzən məzənnə" rejimi mövcud deyil. Onun sözlərinə görə, "üzən məzənnə" o idi ki, məzənnəni bazar müəyyən etməli idi, tələb və təklif əsasında formalaşmalı idi.

"Amma biz bunu görmədik. Mərkəzi Bank məzənnəni onsuz da inzibati qaydada müəyyənləşdirir", —deyə Ə. Həsənov bildirib.

Ekspert deyib ki, neftin qiyməti son günlər qalxsa da, buna baxmayaraq bizim manatın məzənnəsi düşür: "Halbulki müqayisə etsək Rusiya rublu ilə, Qazaxıstan təngəsi ilə, onlar qalxmağa başladı. Çünki, neft qalxıb. Əgər dolların məzənnəsi 1,85-2,10 AZN/USD diapazonuna çatacaqsa, bu da artıq üçüncü devalvasiyadır. Əgər Mərkəzi Bank buna getsə, bank sisteminin vəziyyəti xeyli pisləşəcək".

Mütəxəssisin sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatları azalır: "Mərkəzi Bank öz valyuta ehtiyatlarını tam qurban verə bilməz. Ya Neft Fondu təcili ona pul verməlidir ki, birtəhər manatı saxlasın. Bu olmasa, dolların 2 manatı keçəcəyi ehtimalı var. Gözləmirəm ki, manat qısa müddətdə sabitləşsin".

Mərkəzi Bank martın 10-a olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 10-a 1,6315 səviyyəsində müəyyən olunub. Dollar bu gün 1,6228 manata bərabər olub.

Xəbər lenti
0