Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bizdə aqrar sığorta niyə "işləmir"?

© Photo : Sigorta KarşılaştırÜzümçülük təsərrüfatı. Arxiv şəkli
Üzümçülük təsərrüfatı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd təsərrüfatı ilə məşğul olan istehsalçılar öz təsərrüfatlarını niyə sığortalamağa maraq göstərmirlər?

BAKI, 2 mart — Sputnik. Kənd təsərrüfatı ilə məşğul olan istehsalçılar öz təsərrüfatlarını niyə sığortalamağa maraq göstərmirlər? Ümumiyyətlə, Azərbaycanda aqrar sığorta tətbiq edilirmi? Fermerlərin təsərrüfatları təbii fəlakət və digər səbəblərdən ziyan çəkir və yaxud məhv olur. Ola bilər ki, fermer bunlara qarşı tədbirlər görsün. Amma bu və ya digər səbəbdən bunların qarşısını almaq elə də asan olmur. Elə istehsalçılar var ki, onun imkanı yoxdur gedib öz təsərrüfatını tam qorusun. 

Kənd təsərrüfatı sığortası niyə önəmlidir?

Kənd təsərrüfatı bir sıra risklərin təsiri altındadır. Bu risklər təbii, iqtisadi və sosial olmaqla bir müəssisədə təhlükəsizliyi təhdid edir hətta məhv edə bilir. Kənd təsərrüfatında texniki tədbirlərlə qarşısını almaq mümkün olmayan risklərin tez-tez baş verməsi, ümumiyyətlə gəlir səviyyəsi aşağı olan fermerləri çox çətin vəziyyətə salır, onların səylərinə mənfi təsir edir. İnkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrdə kənd təsərrüfatı sığortalarının tətbiqi ilə bu fəlakətlərin səbəb olduğu zərərlərin qarşısı alınır. Kənd təsərrüfatında təbii risklərin başında dolu, yanğın, quraqlıq, fırtına və sel fəlakəti gəlməkdədir. Bu risklərin yaradacağı ziyanların tamamilə qarşısını almaq mümkün deyil. Bu səbəbdən sığorta, təşəbbüskarın zəmanəti olmaqdadır. Başqa sözlə, kənd təsərrüfatı sığortaları fəlakətlərə qarşı texniki tədbirlər yetərli olmadığında ziyanın aradan qaldırılması üçün zəmanət yaradır.

Aqrar sığorta istehsalçının gəlirlərində sabitliyi təmin edir, yeni texnologiyaların tətbiqinə dəstək verir və s. Ona görə də bunun tətbiqi mühümdür. 

Dünyada aqrar sığortanın tətbiqi 1770-1800-ci illər arasında Avropada başlayıb. İlk dəfə İrlandiyada heyvanların sığortalanması və Almaniyada isə dolu və yanğın sığortalaması həyata keçirilib. ABŞ-da isə ilk əkinçilik sığortası 1879-ci ildə təşkil edilib.

ABŞ-da və Avropa Birliyində kənd təsərrüfatı araşdırmalarına, təbii ehtiyatların qorunmasına, ixracat bazarlarının inkişaf etdirilməsinə, yerli və regional məhsulların inkişaf etdirilməsinə, orqanik əkinçiliyə, bitki xəstəlikləriylə mübarizəyə və s. büdcədən vəsait ayrılır.

Kənd təsərrüfatı istehsalçıları ilə ünsiyyət sığortanın ən əhəmiyyətli mövzularından biridir

Bir sığorta sisteminin qurulmasında görüləcək ilk işlərdən biri sistemin bütün risklərimi yoxsa əvvəldən təyin olunmuş bəzi risklərimi əhatə edəcəyi ilə bağlı qərar verilməsidir. Kənd təsərrüfatı istehsalında istehsalçıların qarşılaşa biləcəyi riskləri üç qrupa ayırmaq mümkündür. Bunlar "Fəlakətli risklər" (quraqlıq), "idarə edilməsi çətin olan risklər" (dolu, fırtına, zəlzələ, sel və s.) və "Nəzarət edilə bilən risklər" (xəstəlik və zərərvericilər) olaraq sıralana bilər. Braziliya, Kanada, Hindistan, Yaponiya, Filippin, Şri-Lanka və ABŞ-da kənd təsərrüfatı sığortasında bütün təhdidlərə qarşı risklər əsas alınmaqdadır. Digər tərəfdən FAO-nun araşdırmaları yalnız müəyyən bir və ya bir neçə təhlükəni əhatə edən sığortalanmanın daha geniş yayıldığını göstərir.

Kanada, Yunanıstan, Hindistan, İran və Filippin yalnız dövlətin nəzarətində sığorta proqramlarının həyata keçirildiyi başlıca ölkələrdir. Sadəcə özəl sektorun olduğu ölkələrdən bəziləri Argentina, Avstraliya, Almaniya, Macarıstan, Hollandiya, İsveçrə, Yeni Zelandiyadır.

Dövlət və özəl sektorun birgə əməkdaşlığı ilə kənd təsərrüfatı sığortasının tətbiq edildiyi ölkələrə Türkiyə, İspaniya, Cənubi Koreya, Portuqaliya, ABŞ, Braziliya, Çili, Fransa, İtaliya, Meksika, Polşa və Rusiya Federasiyasını nümunə göstərmək olar. Kənd təsərrüfatı istehsalçıları ilə əlaqə, ünsiyyət  sığorta proqramının ən əhəmiyyətli mövzularından biridir. Bu əlaqələr kütləvi informasiya vasitələri, maarifləndirmə proqramları və ya qrup işləri ilə ola bilər. Bununla yanaşı, gəzintilər, yığıncaqlar, müsabiqələr, kurslar, tarla günləri və s. üsullardan da istifadə etmək olar. Kənd təsərrüfatı sığortasının tam uğurla tətbiqi üçün istehsalçıların sığorta proqramlarının öz lehlərinə olduğuna inanmaları lazımdır. İstehsalçılar sığorta proqramının şərtlərinin ədalətli və etibarlı olduğunu hiss etməlidir.

Bəs, bizdə bu sahədə vəziyyət necədir?

Ekspertlər bildirir ki, fermerlərin sığorta məsələsinə biganə yanaşmasının bir səbəbi bu sahə barədə məlumatının az olması, digər səbəbi isə sığota şirkətlərinə inamsızlığıdır

Azərbaycanda aqrar sahənin cəmi 0,6%-i sığortalanıb. Ekspertlər bildirir ki, fermerlərin sığorta məsələsinə biganə yanaşmasının bir səbəbi bu sahə barədə məlumatının az olması, digər səbəbi isə sığota şirkətlərinə inamsızlığıdır. Amma bəzən heç sığorta şirkətləri də fermerləri sığortalamağa ciddi maraq göstərmir. Fermer Binəli Tosayev deyir ki, sığorta o pulu bizə verməz. Biz inanmırıq. İnansaydıq bunu elətdirərdik. Bizə sərf edərdi onu sığortalamaq. İnam yoxdur deyə sığortalamırıq. 

Kənd təsərrüfatımız hələ geniş mənada aqrar sığortanın tətbiqi üçün yetərli deyil 

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda kənd təsərrüfatı sığortası tətbiq olunmur, amma bunun tətbiqinə zərurət var: “Məsələn, Qazaxıstan güclü kənd təsərrüfatı ölkələrindən biridir. Amma onlarda da bu məsələ gündəmə gətirilib və indi o məsələnin həlli ilə məşğuldurlar. Təəssüf ki, Azərbaycanda bu olsa da ilkin təşəbbüslər səviyyəsindədir. Amma bunun olması lazımdır. İndiki vəziyyətdə görünür ki, konkret bir iş yoxdur. Bu iş üçün hazırlıq, infrastruktur yaradılmalıdır. Bizim kənd təsərrüfatımız hələ geniş mənada aqrar sığortanın tətbiqi üçün yetərli deyil”.  

Onun sözlərinə görə, sığorta məsələsində birinci kənd təsərrüfatında çalışanlar arasında sığortaya olan güvənin artırılması lazımdır. İkincisi, maarifləndirmə işlərinin aparılması zəruridir. Ancaq bundan sonra işlər uğurlu ola bilər. 

Xəbər lenti
0