14:11 23 Avqust 2017
Canlı yayım
Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert

"Kənd təsərrüfatı ili"ndə idxaldan asılılığımız daha da artıb"

aztoday
İQTİSADİYYAT
Qısa URL
37011

Vahid Məhərrəmov: "Hətta ixrac etdiyimiz məhsulların da xammalı xaricdən idxal olunur"

BAKI, 4 yan-Sputnik. 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" kimi qeyd olundu. Bəs, kəskin devalvasiyalarla yadda qalan cari ildə kənd təsərrüfatımızda
nələr baş verdi? Hansı uğurlara nail olduq və hansı nöqsanları hələ də aradan qaldıra bilmədik? Sputnik əməkdaşının bu yöndə suallarını kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov cavablandırır:

— 2015-ci ildə daha çox kənd təsərrüfatı məhsulu idxal etdik. Bizim kənd təsərrüfatı məhsulları ixracımız ciddi azaldı. Əsasən əvvəllər bizim 4 istiqamətdə ixracımız var idi. Meyvə-tərəvəz ixracı minimuma düşüb, cüzi artım var. Çay ixracı demək olar ki, 40 faiz azalıb. Bitki yağı və heyvan mənşəli yağların ixracı təxminən 20 faiz azalıb. Nəhayət, şəkər ixracı da ciddi azalıb. Bütün istiqamətlər üzrə ixracda geriləmələr olub. Bizim meyvə-tərəvəz ixracımız 5 milyon dollar dəyərində artıbsa, idxalımız 27 milyon dollar dəyərində artıb. Digər tərəfdən, əsas ərzaq məhsulu olan əti daha çox idxal etmişik. Həm dondurulmuş ət idxalı artıb, həm də kəsim üçün gətirilən mal-qara və ət məhsulları (kolbasa, sosis və s.) artıb.

Süd idxalı ciddi artıb. Yəni, bizim əsas kənd təsərrüfatı məhsulları idxalımız artıb, ixracımız isə kəskin şəkildə azalıb. Dəyər ifadəsində həm də dənli məhsulların idxalı 60 milyon dollar dəyərində artıb, fiziki çəkidə də, haradasa bu 30 faiz artım deməkdir. Fevral ayında Dövlət Taxıl Fondunun ehtiyatı 250 min ton artırılıb. Buna heç bir əsas yox idi. Hamı bilir ki, Dövlət Taxıl Fondu daxildə istehsal olunan buğdanı Ehtiyat Fonduna qəbul etmir. Bəhanə gətirirlər ki, guya bu taxılın keyfiyyəti aşağıdır, standarta cavab vermir, xaricdən gətirirlər. Bu il "Kənd təsərrüfatı ili" elan olunmasına baxmayaraq, biz lazımi nəticə əldə edə bilməmişik.

- Azərbaycan hazırda hansı ölkələrə və hansı növ kənd təsərrüfatı malları ixrac edir?

— Əsasən xaricə meyvə-tərəvəz, çay, bitki yağı və heyvan mənşəli yağlar, şəkər ixrac edilir. Meyvə-tərəvəz əsasən Rusiyaya ixrac edilir. Digər sadaladığım məhsullar da Orta Asiya, İraq, Əfqanıstana ixrac olunur. Meyvə-tərəvəz istisna olmaqla, ixrac etdiyimiz məhsulların da xammalının hamısı xaricdən idxal edilir. Bizim bu fəaliyyətimiz dayanıqlı deyil. Əgər dünya bazarında bu məhsulların qiyməti artarsa, bizim bu fəaliyyətimiz dayana bilər. Və yaxud həmin ölkələr digər ölkələrdən həmin məhsulları alarsa, burda da problem yarana bilər. Ona görə ki, biz xammalı istehsal edə bilmədiyimiz üçün, emalımız, satışımız baha başa gəlir. Bu sahə ilə məşğul olan sahibkarlar düşünməlidir ki, ölkə daxilində xammalın istehsalına əsas fikir verilsin. Dövlət də bu sahəyə diqqət etməlidir.

- Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında pambıq tədarükü əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz, günəbaxan yığımı isə 7,0 faiz azalaraq müvafiq olaraq 34,3 və 18,8 min ton təşkil edib. Sizcə, azalmanın səbəbi nədir?

— Bu sahələrə yetərincə diqqət edilməməsi azalmaya səbəb olub. Dünyada pambıq istehsalı ilə bağlı daha müasir texnologiyadan istifadə olunur. Çox yaxşı nəticələr əldə olunur. İsrail, Amerika, Çin, Hindistan və bu sahə ilə məşğul olan digər ölkələr hər hektardan götürdükləri məhsuldarlığı böyük sıçrayışla artıra biliblər. Elə ölkələr var ki, hər hektardan 60 sentner olmaqla 6 ton məhsul götürür. Azərbaycanda bu göstərici çox aşağıdır — 2 tona yaxındır. Belə olan halda əgər məhsuldarlıq aşağıdırsa, deməli məhsulun keyfiyyəti də aşağıdır. Bunlar bir-biri ilə bağlı məsələlərdir. Primitiv texnologiya ilə bu sahəni inkişaf etdirmək mümkün deyil.

Pambıqçıların bu il də problemi oldu. Maliyyə, su problemi oldu. Bu və ya digər problemlər imkan vermir ki, bizim istehsal artsın, keyfiyyət yaxşılaşsın. Günəbaxanı gedib digər ölkələrdən ucuz alıb gətirirlər. Ondan xammal kimi istifadə edirlər. Daxili istehsala fikir verilmir. Əslində günəbaxanın istehsalını artırmaqla, nəinki əhalinin bitki yağına olan ehtiyacını ödəyə bilərik, həm də biz heyvandarlığı inkişaf etdirə bilərik. Əkin sahəsinin sistemli qurulması, növbəli əkin sisteminin yaradılması və bütün bunlarda bu bitkinin xüsusi rolu var. Həm məhsulun özü bizə lazımdır, həm də növbəli əkində bitki kimi böyük rolu var. 2014-cü ilə nisbətən 2015-ci ildə bu sahəyə qoyulan investisiyanın, kreditin həcmi azalıb. Bu da ciddi problemdir.

P.S

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-noyabr aylarında məhsul yığımı başlanandan dekabr ayının 1-dək payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektar əkin sahəsi biçilib və həmin sahələrdən 2785,5 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 35,3 min hektar dən üçün qarğıdalı sahəsindən 211,3 min ton məhsul yığılıb.

Məhsul yığımı başlanandan dekabr ayının 1-dək sahələrdən 831,5 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2 min ton çox kartof, 1256,7 min ton (75,1 min ton çox) tərəvəz, 484,5 min ton (43,6 min ton çox) bostan məhsulları, 880,6 min ton (36,0 min ton çox) meyvə və giləmeyvə, 152,8 min ton (5,2 min ton çox) üzüm, 575,9 ton (116,7 ton çox) yaşıl çay yarpağı, 168,9 min ton (2,5 min ton çox) şəkər çuğunduru, 3466,1 ton (609,0 ton çox) tütün yarpağı yığılıb. Pambıq tədarükü əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz, günəbaxan yığımı isə 7,0 faiz azalaraq müvafiq olaraq 34,3 və 18,8 min ton təşkil edib.

2015-ci ilin yanvar-noyabr aylarında 428,7 min ton, yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çox diri çəkidə ət, 1777,0 min ton (4,2 faiz çox) süd, 1402,6 milyon ədəd (1,6 faiz az) yumurta, 16,8 min ton (1,4 faiz çox) yun istehsal olunub. Cari il dekabr ayının 1-ə olan məlumata görə, 867,9 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpilmiş sahənin 98,2 faizini və yaxud 852385 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 535206 hektarı buğda, 317150 hektarı arpa, 29 hektarı isə çovdar əkinlərinin payına düşür. 2014-cü ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 5,7 faiz, o cümlədən buğdanın əkin sahəsi 6,4 faiz, arpanın əkin sahəsi 4,4 faiz, çovdarın əkin sahəsi isə 2,6 dəfə artıb.

2015-ci ilin yanvar-noyabr aylarında ölkədə 50,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. ÜDM-in 33,7 faizi sənayedə, 13,7 faizi tikintidə, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub, 38,8 faizi isə xidmət sahələrinin payına düşüb. Bu dövrdə bitkiçilik məhsulları istehsalının 10,8 faiz, heyvandarlıq məhsulları istehsalının 2,5 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi 2014-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,7 faiz təşkil edib.

Əlaqədar

Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi
Prezident kənd təsərrüfatı sərgisiylə tanış olub
Teqlər:
texnologiya, Dövlət Statistika Komitəsi, ixrac, idxal, taxıl, Ehtiyat Fondu, Kənd təsərrüfatı, günəbaxan, maliyyə, Hindistan, İsrail, Çin, Amerika, Rusiya, Azərbaycan

Əsas mövzular