04:26 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
İQTİSADİYYAT
Qısa URL
Azərbaycan manatı 50% ucuzlaşdı (9)
134411

Mərkəzi Bankın bəyanatında üzən məzənnə rejiminə keçidin səbəbləri açıqlandı.

BAKI, 20 dek — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Sputnik-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.

Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3% və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.

Mərkəzi Bankının yaydığı bəyanatda qeyd edilir ki, qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb.

Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb.

Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilib, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu.

Lakin, cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyətli artırıb. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlayıb. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötüb.

Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Xatırladaq ki, Azərbaycanda bu ilin fevral ayında manatın devalvasiyası baş verib. Həmin vaxt manatın dəyəri birdən-birə 33.5% aşağı düşmüşdü.

Fevralın 21-dən Mərkəzi Bankın yeni qərarı ilə dolların məzənnəsi 1,05 manat, avronun məzənnəsi isə 1,1950 təşkil edirdi.

Mövzu:
Azərbaycan manatı 50% ucuzlaşdı (9)

Əsas mövzular